Logo

Kosmosda tarixi hadisə: İlk dəfə pakistanlı astronavt Çin stansiyasına daxil oldu

Kosmosda tarixi hadisə: İlk dəfə pakistanlı astronavt Çin stansiyasına daxil oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Pakistan vətəndaşı Məhəmməd Zeşan Əli Çinin “Tianqonq” kosmik stansiyasına daxil olan ilk əcnəbi astronavt olub.

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

40 yaşlı pilot noyabrın 25-də “Şençjou-24” kosmik missiyasının tərkibində orbitə çıxıb. Üç nəfərdən ibarət heyət Çinin şimal-qərbində yerləşən Tsyütsüan kosmodromundan “Long March-2F” raketi ilə havaya qalxdıqdan təxminən altı saat sonra, Bakı vaxtı ilə saat 10:35-də kosmik stansiyaya daxil olub.

Zəşan Əli missiyada faydalı yük üzrə mütəxəssis kimi fəaliyyət göstərəcək və stansiyada 5-10 gün qalacaq. Onunla birlikdə Çin astronavtları Tan Honqbo və U İ də missiyada iştirak edir.

Yeni heyəti stansiyada olan üç Çin astronavtı qarşılayıb. Görüş zamanı astronavtlar bir-birini qucaqlayıb, pakistanlı həmkarları üçün tort da hazırlayıblar.

Kosmosa uçuş üçün 7 ay hazırlaşıb

Zəşan Əli missiyaya hazırlaşmaq üçün Pekində yeddi ay təlim keçib. Bu müddətdə intensiv Çin dili dərsləri alıb, Çin mahnıları öyrənib, şeirlər oxuyub, xəttatlıqla məşğul olub və stolüstü tennis oynayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni ölkəsi üçün tarixi nailiyyət adlandırıb. O bildirib ki, bu uçuş yalnız bir astronavtın deyil, 240 milyon pakistanlının, gənc nəslin, alimlərin və gələcək arzularının uğurudur.

Çin və Pakistan arasında kosmik əməkdaşlıq 1990-cı illərin əvvəllərindən davam edir. Çin indiyədək Pakistanın peyklərini orbitə çıxarıb. Bundan başqa, Pakistan istehsalı olan planetar tədqiqat aparatı da 2028-ci ildə Çin Ay missiyası çərçivəsində kosmosa göndərilməlidir.

Əli stansiyada olduğu müddətdə elmi təcrübələrdə iştirak edəcək. Onlardan biri kosmik aparatlarda yaranan kiçik çatları avtomatik şəkildə bərpa edə bilən özünübərpa edən karbon lifli kompozit materialların sınağı ilə bağlıdır.

Çin Ay və Mars missiyalarına hazırlaşır

Çinin öz imkanları ilə inşa etdiyi “Tianqonq” kosmik stansiyası 2022-ci ilin sonundan tam fəaliyyət göstərir. Stansiya heyətlərin dəyişdirilməsi zamanı eyni vaxtda altı astronavtı qəbul edə bilir.

Bu missiyada Çin astronavtı Çju Yanqçju isə stansiyada qalmağa davam edəcək. O, insan orqanizminin uzunmüddətli kosmik şəraitə uyğunlaşmasını araşdırmaq məqsədilə bir il orbitdə olacaq. Bu müddət başa çatdıqda, Çin astronavtları arasında ən uzun fasiləsiz kosmik uçuş rekordunu müəyyənləşdirəcək.

Pekin 2030-cu ilə qədər insanı Aya göndərmək planını qüvvədə saxlayır. Çin, həmçinin Rusiya ilə birlikdə 2035-ci ilədək Ayda elmi-tədqiqat bazası yaratmağı planlaşdırır.

ABŞ isə insanları 2028-ci ildə yenidən Aya göndərməyi hədəfləyir. Beləliklə, iki ölkə arasında kosmik tədqiqatlar və Ayda mövcudluq uğrunda rəqabət getdikcə güclənir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR