Avstraliyada meşə yanğın: 3 min hektar ərazi külə döndü
Avstraliyanın Tasmaniya ştatına bağlı Flinders adasında nəzarət altına alına bilməyən meşə yanğını səbəbindən fövqəladə vəziyyət xəbərdarlığı verilib.
Sfera.az xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, noyabrın 19-da Flinders adasında meşəlik əraziyə ildırım düşməsi nəticəsində başlayan yanğın hələ də nəzarət altına alınmayıb.
Tasmaniya Yanğınsöndürmə Xidməti (TFS) yanğının cənub-qərb istiqamətində yayıldığını, insanların həyatı və əmlakı üçün təhlükə yaratdığını bildirib. Bununla əlaqədar yerli sakinlərə fövqəladə xəbərdarlıq edilib.
Tasmaniya Parklar və Vəhşi Təbiət Xidməti (PWS) və yanğınsöndürmə briqadaları texnika və aviasiya vasitələrinin dəstəyi ilə alovun qarşısını almağa çalışır. Məlumata görə, yanğın indiyədək təxminən 3 min hektar ərazini külə çevirib.
Nəzarət altına alına bilməyən yanğın səbəbindən bəzi sakinlər ərazidən təxliyə edilib. Təxliyə oluna bilməyən şəxslərə isə olduqları yerdə təhlükəsiz sığınacaqlara çəkilmələri tövsiyə olunub.
İradə Elsevər
Sfera.az






