Logo

Putin müharibəni dayandırmaq istəyir, bəs Ukrayna? - AÇIQLAMA

Putin müharibəni dayandırmaq istəyir, bəs Ukrayna? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı növbəti açıqlamasını verib.

Ağ Ev rəhbəri Floridada hərbçilərlə görüşü zamanı təkcə Moskva və Kiyevin deyil, NATO-nun da müharibənin sona çatmasında maraqlı olduğunu bildirib.

Tramp Rusiya Prezidenti Vladimir Putinin müharibəni dayandırmaq istədiyini düşündüyünü, lakin bunun üçün hər iki tərəfin razılığının vacib olduğunu vurğulayıb.

Bəs Trampın bu açıqlaması hansı siyasi mesajları özündə ehtiva edir? NATO-nun mövqeyi sülh prosesini sürətləndirə bilərmi?

Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, Trampın son açıqlamasında diqqət çəkən əsas məqam onun məsuliyyət dairəsini genişləndirməsidir:

Putin müharibəni dayandırmaq istəyir, bəs Ukrayna? - AÇIQLAMA

“ABŞ Prezidenti müharibənin dayandırılmasında Moskva və Kiyevlə yanaşı, NATO-nun da maraqlı olduğunu vurğulayır. Ancaq burada mühüm bir ziddiyyət var: müharibənin bitməsini istəmək başqa, onun hansı şərtlərlə başa çatacağı barədə razılığa gəlmək tamam başqa məsələdir. Rusiya və Ukraynanın müharibənin dayandırılmasında maraqlı olması ehtimalı onların eyni sülh şərtlərini qəbul etməsi demək deyil. Moskvanın ərazi, təhlükəsizlik və Ukraynanın geosiyasi gələcəyi ilə bağlı tələbləri, Kiyevin isə ərazi bütövlüyü və suverenlik məsələsində mövqeyi arasında ciddi fərqlər qalır. NATO daxilində də vahid yanaşmanın mövcudluğunu söyləmək çətindir. Alyans üzvlərinin təhlükəsizlik prioritetləri, Rusiyaya münasibəti və Ukraynaya dəstəyin həcmi fərqlənir”.

Politoloqun sözlərinə görə, Tramp NATO ölkələrinə təzyiq göstərmək imkanına malikdir: “ABŞ Alyansın ən böyük hərbi və maliyyə gücüdür. Vaşinqtonun hərbi yardım, kəşfiyyat məlumatları, silah təchizatı və Avropadakı hərbi mövcudluqla bağlı qərarları NATO üzvlərinin mövqeyinə ciddi təsir edə bilər. Tramp Avropa dövlətlərindən daha çevik davranmağı, Ukrayna məsələsində ortaq kompromisə yaxınlaşmağı tələb edə bilər. Bununla belə, NATO-nun bütün üzvlərini vahid qərara məcbur etmək onun səlahiyyətində deyil”.

T.İsmayılov hesab edir ki, Trampın əsas hədəfi müharibəni dayandırmaqla yanaşı, Avropanın təhlükəsizlik yükünü daha çox öz üzərinə götürməsinə nail olmaqdır:

“ABŞ administrasiyası üçün bu müharibənin uzanması həm maliyyə, həm də geosiyasi baxımdan arzuolunan vəziyyət deyil. Vaşinqton Avropanın müdafiə xərclərini artırmasını, Ukrayna ilə bağlı məsuliyyətin bölüşdürülməsini və Rusiya ilə münasibətlərdə yeni diplomatik mexanizmlərin formalaşmasını istəyir. Yəni müharibənin bitməsini arzulayan tərəflərin mövcudluğu hələ sülh üçün ortaq siyasi iradənin formalaşması demək deyil. Əsas düyün müharibənin hansı şərtlərlə dayandırılacağıdır. Trampın qarşısında duran ən ciddi sınaq da tərəflərin maraqlarını uzlaşdırmaq və diplomatik bəyanatları real razılaşmaya çevirmək olacaq”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR