Azərbaycanın ATƏT-ə sədrliyi müzakirə olunur – Ceyhun Bayramov
Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təşkilat daxilində təklif səsləndirilib. Növbəti üç il üzrə sədr ölkələrin müəyyənləşdirilməsi üçün müxtəlif variantlar nəzərdən keçirilir.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
C.Bayramov bildirib ki, ATƏT-in hazırkı sədrinin fəaliyyət müddəti dekabrın 31-də yekunlaşır. Növbəti sədrin müəyyənləşdirilməsi ilə bağlı bir ildən çoxdur müzakirələr aparılsa da, üzv dövlətlərin hamısının razılaşdığı namizəd hələ müəyyən edilməyib.
O vurğulayıb ki, Bakı təşkilatda qərarların konsensusla qəbul edilməsi prinsipini əsas götürür və bu çərçivədə razılaşdırılacaq istənilən namizədə dəstək verməyə hazırdır. Nazirin sözlərinə görə, dekabrın 3-4-də keçiriləcək ATƏT Nazirlər Şurasının iclası ərəfəsində namizədlərlə bağlı müzakirələr daha da sürətlənib. Bu prosesdə Azərbaycanın da sədrliyə namizədliyi alternativ variantlardan biri kimi irəli sürülüb.
C.Bayramov əlavə edib ki, razılığın əldə olunması üçün 2027, 2028 və 2029-cu illərdə təşkilata sədrlik edəcək ölkələrin vahid paket üzrə müəyyənləşdirilməsi ideyası da müzakirəyə çıxarılıb. Təklif olunan siyahıda Azərbaycanın adı ilə yanaşı, Ermənistanın da yer alması nəzərdə tutulur. Nazir bu yanaşmanın iki ölkə arasında uzun müddət davam etmiş münaqişənin başa çatmasından sonra yaranan yeni şəraitlə əlaqəli olduğunu bildirib.
O, məsləhətləşmələrin davam etdiyini, yekun qərarla bağlı isə indidən fikir bildirməyin doğru olmadığını qeyd edib.
İradə Elsevər






