Logo

“Heç bir şəxs yalnız şübhə əsasında təqsirli hesab edilməməlidir” – Arzu Nağıyev

“Heç bir şəxs yalnız şübhə əsasında təqsirli hesab edilməməlidir” – Arzu Nağıyev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisdə “Maraqların toqquşması haqqında” qanun layihəsi müzakirə olunub.

Sfera.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qanun layihəsinin dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması və vəzifəli şəxslərin məsuliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.

“Bu gün müzakirə etdiyimiz qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və cəmiyyətin dövlət institutlarına etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, –deyə deputat bildirib.

O qeyd edib ki, maraqların toqquşması dövlət vəzifəsini həyata keçirən şəxsin şəxsi maraqları ilə üzərinə götürdüyü xidməti vəzifələr arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin yaranması ehtimalı olduqda meydana çıxır:

“Təsəvvür edək ki, hər hansı vəzifəli şəxs dövlət satınalması, işə qəbul, vəzifəyə təyinat və ya maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qərar qəbul edir. Əgər həmin qərarda onun özünün, yaxın qohumlarının və ya əlaqəli olduğu şəxslərin marağı varsa, obyektivlik və qərəzsizlik məsələsi ortaya çıxır. Maraqların toqquşması özlüyündə hər zaman cinayət demək deyil. Lakin onun düzgün idarə olunmaması korrupsiya üçün əlverişli şərait yarada bilər. Məhz buna görə də belə halların vaxtında müəyyən edilməsi və qarşısının alınması dövlət idarəçiliyinin mühüm elementlərindən biri olmalıdır”.

Deputat qanun layihəsinin effektiv tətbiqi üçün bir neçə əsas istiqamətə diqqət yetirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, ilk növbədə, maraqların toqquşmasının əhatə dairəsi və anlayışlar dəqiq müəyyən edilməlidir:

“Qanunda maraqların toqquşmasının hansı hallarda yarandığı, hansı şəxslərə şamil edildiyi və şəxsi maraqların hansı meyarlar əsasında qiymətləndiriləcəyi aydın göstərilməlidir. Normativ müddəalar elə ifadə olunmalıdır ki, onların tətbiqində qeyri-müəyyənlik yaranmasın. Üçüncü məsələ maraqların toqquşmasının həlli yollarıdır. Maraqların toqquşması müəyyən edildikdə hansı tədbirlərin görüləcəyi dəqiq bilinməlidir. Əsas məqsəd hər hansı şəxsi əsassız şəkildə vəzifəsindən kənarlaşdırmaq deyil, qərarların obyektivliyini və ictimai mənafeyin qorunmasını təmin etməkdir”.

O, korrupsiya risklərinin azaldılması və nəzarət mexanizmlərinin gücləndirilməsini də vacib hesab edib. Deputat məsuliyyət və hüquqların qorunması arasında düzgün tarazlığın yaradılmasının əhəmiyyətini də vurğulayıb: “Qanunun tələblərinin pozulmasına görə məsuliyyət mexanizmləri aydın və proporsional olmalıdır. Eyni zamanda, hər bir halın konkret şəraiti nəzərə alınmalı, qəsdən gizlətmə ilə bilmədən yaranmış və vaxtında açıqlanmış vəziyyətlər fərqləndirilməlidir. Heç bir şəxs yalnız şübhə və ya təsdiqlənməmiş məlumat əsasında təqsirli hesab edilməməlidir”.

Arzu Nağıyev bildirib ki, araşdırmalar obyektiv aparılmalı, şəxslərin hüquqları qorunmalı və qərarlar qanuni əsaslara söykənməlidir.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR