Logo

"O, həmin vəzifəyə öz hesabına gəlib ya qohumunun?" - Deputatdan ETİRAZ

"O, həmin vəzifəyə öz hesabına gəlib ya qohumunun?" - Deputatdan ETİRAZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Dövlət qurumlarında rəhbər dəyişikliyi zamanı peşəkar kadrların vəzifələrini itirməsi, qohumbazlıq və şəxsi münasibətlərin karyera yüksəlişinə təsiri idarəçilikdə ciddi problemlər yaradır”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maraqların toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

Deputat qeyd edib ki, hər hansı şəxsin vəzifəyə təyin olunması digər peşəkar kadrların karyerasının sonu ilə nəticələnməməlidir:

“Bir insanın vəzifəyə gəlməsi niyə başqa onlarla insanın karyerasının sonu olmalıdır? Dövlət qurumu rəhbər dəyişdikcə niyə öz peşəkar kadrlarını itirməlidir? Məsələ heç də məmurun qohumunun vəzifəyə təyin edilməməsi deyil. Onun da işləmək, yüksəlmək və uğur qazanmaq hüququ var. Məsələ odur ki, o, həmin vəzifəyə öz biliyi və bacarığı ilə gəlib, yoxsa qohumunun səlahiyyətləri hesabına?”.

R.Nurullayevin sözlərinə görə, qanun cəmiyyətdə geniş yayılmış “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” düşüncəsinin dəyişməsinə də xidmət etməlidir:

“Valideyn övladına yaxşı təhsil vermək barədə düşündüyü qədər onu işə düzəltmək üçün adam axtarmaq barədə də düşünməməlidir. Gənc öz diplomuna, biliyinə və zəhmətinə inanmalıdır, atasının telefon kitabçasına yox”.

Deputat qohumbazlığın yalnız iqtisadi deyil, həm də mənəvi və psixoloji fəsadlar yaratdığını qeyd edib. Bildirib ki, haqqı tapdalanan insanların dövlətə, ədalətə və öz gələcəyinə inamı azalır, bacarıqlı şəxslər həvəsdən düşür və ölkəni tərk etmək barədə düşünürlər.

O əlavə edib ki, belə mühitdə bacarıqsız insanlar uğur qazanmağın yolunu öz bilik və bacarıqlarını artırmaqda deyil, himayədar tapmaqda görürlər. Deputat maraqların toqquşmasının digər tərəfinə də diqqət çəkib.

Onun fikrincə, bu anlayış yalnız kiməsə qanunsuz üstünlük verilməsi ilə məhdudlaşmır, şəxsi münasibətlər zəminində kiminsə qanuni imkanlardan məhrum edilməsini də əhatə etməlidir:

“Məmurun xoşlamadığı, onu tənqid edən, onunla şəxsi münasibətləri yaxşı olmayan insanın hüquqları da eyni dərəcədə qorunmalıdır. Dövlət məmuru öz dostuna da, öz rəqibinə də eyni qanunla yanaşmağı bacarmalıdır. Dövlət qurumu heç kimin ailə müəssisəsi, dostlar klubu və ya şəxsi mülkü deyil. Bu qanunun nəticəsini o zaman görəcəyik ki, vətəndaş işə düzəlmək, vəzifədə yüksəlmək, sahibkarlıqla məşğul olmaq və öz haqqını almaq üçün daha qapı-qapı düşüb adam axtarmayacaq. Ədalətli dövlətdə insanın ən böyük dayağı onun qohumu deyil, qanun olmalıdır”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR