İsrail ABŞ-dən cavab gözləyir - Hücum edəcək
İsrail mətbuatı Təl-Əvivin İranla bağlı mümkün hərbi qarşıdurmaya hazırlaşdığını və ABŞ-nin qərarını gözlədiyini iddia edib.
Məlumata görə, Vaşinqtonun Tehrana zərbə endirməməsi halında İsrailin müstəqil hərbi əməliyyata başlaması variantı da gündəmdədir.
Sfera.az xəbər verir ki, İsrailin Kanal 12 telekanalının məlumatına əsasən, Baş nazir Binyamin Netanyahu hökuməti ABŞ Prezidenti Donald Trampın İranla bağlı mövqeyini diqqətlə izləyir. Vaşinqtonun Tehranla danışıqlara nə qədər davam edəcəyi və diplomatik yoldan nə zaman imtina edəcəyi isə qeyri-müəyyən olaraq qalır.
Kanal 12-nin məlumatında bildirilir ki, İranın ABŞ və İsrail hədəflərinə hücum etməsi və ya təhlükə səviyyəsinin yüksəlməsi hərbi qarşıdurmaya səbəb ola bilər.
ABŞ ilə koordinasiya Təl-Əviv üçün əsas prioritet olaraq qalır. Bununla belə, alternativ imkanların tükənəcəyi təqdirdə İsrailin İrana qarşı təkbaşına əməliyyat keçirə biləcəyi vurğulanıb. Məlumata görə, İsrail hərbi zərbələrlə İran hakimiyyətini devirməyin real olmadığını nəzərə alaraq daha məhdud hədəflərə üstünlük verməyi planlaşdırır.
Bu strategiyanın ABŞ-nin iqtisadi təzyiq və blokada siyasəti ilə birləşdirilməsinin Tehranı zəiflədə biləcəyi iddia olunur.
İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahu İrana qarşı hərbi əməliyyatın keçirilməsi üçün Trampa təzyiq göstərsə də, ABŞ prezidenti hələlik yekun qərar qəbul etməyib.
İradə Elsevər
Sfera.az






