Zəngilan Aqroparkı yaradılır - Fərman
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunması, kənd təsərrüfatının bərpası və inkişafı məqsədilə Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılacaq.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, Zəngilan Aqroparkı müasir texnologiya və üsulların tətbiqi ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və saxlanılması, çeşidlənməsi, satışı, eləcə də müvafiq xidmətlərin göstərilməsi üçün istifadə olunacaq.
Aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanması və icrası, həmçinin dövlət dəstəyi tədbirlərində iştirakın təmin edilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə olunub.
Sənəddə qeyd olunur ki, Zəngilan Aqroparkının yaradılması, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturunun qurulması üçün layihələndirmə işlərinin aparılmasına Prezidentin 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılacaq.
Nazirlər Kabineti iki ay müddətində Zəngilan şəhəri yaxınlığında 1424,55 hektar, Qubadlı rayonunun Tatar kəndi yaxınlığında isə 164,15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini təmin etməlidir.
Bundan başqa, İqtisadiyyat Nazirliyi iki ay müddətində Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəliyinin təkliflərini nəzərə almaqla, aqroparkda istehsal və emal olunacaq aqrar-sənaye məhsulları üzrə prioritet istiqamətləri müəyyən etməlidir.
Fərmana əsasən, aqroparkda elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal, inzibati və sosial təyinatlı infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Sənədlə, həmçinin aqroparkın idarə olunması və sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı bir sıra normativ hüquqi aktlara dəyişiklik edilib.






