TDT üçün yeni coğrafi-siyasi, ideoloji düstur: "Avrasiyanın təhlükəsiz, azad ruhlu “Heartland"i
“Şəbəkə xarici siyasəti” konsepsiyasında “qonşular və qonşuların qonşuları”
“İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir” - Prezident İlham Əliyev
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki konseptual nitqi müasir dövlətçilik strategiyamızın və xarici siyasət modelimizin əsas tezislərini ehtiva edir. Bu baxış bucağı, nəinki, Azərbaycan, bütövlükdə bir-biri ilə danışmayan tərəflərin "ortaq biznes platforması", “qlobal görüş yeri” olmaq konsepsiyasını ortaya qoymuş Türk Dövlətləri Təşkilatı (TDT) üçün məqbul ola biləcək, şərti olaraq "Avrasiyanın İsveçrəsi" adlandıra biləcəyimiz doktrinanın fəlsəfi və praktiki bünövrəsidir. Prezidentin Azərbaycanın siyasi ideologiyası haqqında səsləndirdiyi, amma eyni zamanda Orta dəhlizi təşkil edən və bütün Avrasiyanın mərkəzində yerləşən bütün TDT üçün məqbul olan bir praqmatik siyasi ideoloji doktrinanın tezisləridir.
Əvvəlcə ideoloji təhlükəsizlik haqqında:
"İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmaliyyik... Bizdə Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik."
Yəni, ideologiya sadəcə kabinetlərdə uydurulan nəzəriyyə deyil, daxili siyasi, dini mənzərənin, tarixin, coğrafiyanın və böyük güclərin təsiri ilə formalaşan bir adaptasiya (sağ qalma) mexanizmidir.
Əli bəy Hüseynzadənin düsturlaşdırdığı və Azərbaycan Xalq Cümhuriyyətinin bayrağına çevrilən "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" formulu sadəcə səslənmə harmoniyasına, qafiyələşməsinə görə deyil, XX əsrin əvvəllərinin geosiyasi çağırışlarını nəzərə alaraq, onlara verilən ən ideal cavab idi.
Bu idealoji üçlüyün 3-cü prinsipi-müasirləşmə, birinci iki prinsipin – türkləşmək və islamlaşmaq-prinsiplərinin daimi yenilənməsi və dövrə və reallıqlara uyğunlaşmasını zəruri edir.
Geosiyasi dialoq haqqında:
"Bizim siyasətimiz divarların yox, körpülərin inşası üzərində qurulub."
Ölkə rəhbəri Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə ev sahibliyi etməsi ilə yanaşı, eyni zamanda 50-dən çox Avropa ölkəsini birləşdirən Avropa Siyasi Birliyinin Zirvə Görüşünə də ev sahibliyi edəcəyini vurğulayır və qeyd edir ki, dövlət siyasətimiz "divarların yox, körpülərin qurulması" üzərində inşa edilib və bu, sivilizasiyaları eyni masa arxasında sülh şəraitində birləşdirən moderator gücüdür.
Deməli, ayrılıqda Azərbaycanın, bütövlükdə isə TDT coğrafiyası kəskin hərbi blok deyil, fərqli güclərin, dinlərin gəlib etibarla görüşdüyü, ticarət etdiyi neytral dialoq zonasına — planetar "İsveçrə"yə çevrilməlidir.
açıq maliyyə mühiti quran, immiqrasiyanı stimullaşdıran və geosiyasi münaqişələrdən uzaq duraraq regional hab (mərkəz) rolunu icra edən kiçik şəhər və ölkələr qlobal iqtisadiyyatın əsl qalibləridir.
Azərbaycan apardığı siyasət nəticəsində geosiyasi neytrallıq/təhlükəsizlik və müxtəlif mədəniyyətləri/biznesləri bir araya gətirmək potensialını yaradıb.
Dünyanın bütün regionlarında artan iqtisadi və siyasi gərginlik fonunda Azərbaycan geosiyasi, hərbi, siyasi, dini, ideoloji aspektlərdən "neytral zona" funksiyasını yerinə yetirməyə, elə bir məkana çevrilməyə çalışır ki, regional və qlobal səviyyədə bir-biri ilə rəqabətdə və ya münaqişədə olan xalqların nümayəndələri — o cümlədən iranlılar, israillilər, ruslar və qərbli investorlar — eyni restoranlarda əyləşib, eyni otellərdə qalıb və heç bir siyasi maneə olmadan sərbəst şəkildə biznes danışıqları apara bilsinlər. Başqa sözlə, bütün yolların qovuşduğu coğrafiyada, “Avrasiyanın mərkəzindəki Dübay” funksiyasını oynamaq qabiliyyətini artıq formalaşdırıb.
Bu gün müstəqil siyasi kurs və geosiyasi münaqişələrdən məsafə saxlamaq Azərbaycanın müstəqilliyinin qoruyucularıdır. Müstəqil, radikal siyasi və dini baxşılardan azad ölkə böhranlardan qazancla çıxmaq modelidir. Bu model tarixən sınaqdan özünü doğruldaraq çıxıb.
Tarix boyu bir-biri ilə toqquşan böyük güclərin, rəqib ittifaqların və barışmaz tərəflərin neytral görüş, danışıqlar və gizli diplomatiya məkanı kimi çıxış etmiş və bir neçə klassik dövlət və coğrafi məkan nümunəsi mövcuddur.
Bu ölkələr və məkanlar məhz sahib olduqları hüquqi neytrallıq, radikalizmdən uzaqlıq və hərbi bloklara qoşulmamaq prinsipləri sayəsində qlobal münaqişələrin həll və əməkdaşlığı mərkəzinə çevrilmişdilər. Avropada 1815-ci ildən indiyədək İsveçrəni, soyuq müharibə dövründə Avstriya və Finlandiyanı buna misal göstərmək olar. 2022-ci ildən sonra artıq Avropa belə görüşlər və iqtisadi, siyasi əməkdaşlıqlar üçün hamı tərəfindən əlverişli kimi görünmür.
Bu tarixi təcrübələr göstərir ki, böyük güclər bir-biri ilə nə qədər amansız rəqabət aparsalar da, böhrandan çıxmaq və gizli mesajları ötürmək, tərəflər üçün ən kritik məqamlarda əməkdaşlıq üçün hər zaman "neytral, etibarlı və liberal məkana" ehtiyac duyurlar. TDT-nin və ya Azərbaycanın bu prinsipləri tam mənimsəməsi bütün region dövlətlərini qlobal diplomatiyanın yeni "Vyana”sına, “Helsinki”sinə və ya "Cenevrə”sinə çevirə bilər.
Yaranmış boşluğu doldurmaq üçün hazırda BƏƏ, Qətər, Türkiyə və Azərbaycan bir neçə dəfə sınaqdan çıxarılan əsas namizədlərdir.
Geo-iqtisadiyyat və logistika haqqında:
"Azərbaycandakı coğrafi reallığa və infrastruktura nəzər salsaq görərik ki, bizdən yan keçmək çox çətindir... Bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır."
Bu, coğrafiyanın fərqli rəngarəngliyinə adaptasiya olunmuş iqtisadi praqmatizm modelidir. Beləki, ittifaqın və dövlətin üstqurumu ancaq güclü, digər güclərin asılı olduğu iqtisadi və logistik zəncir (Orta Dəhliz), bazis üzərində davamlı ola bilər.
Ədalətli sülh və Realpolitik haqqında:
"Biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə bu, sonsuz müharibəyə çevrilər... Hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər." Bu, təkcə dini-ideoloji deyil, siyasi tolerantlığın, geosiyasi sabitliyin ideoloji prinsipidir.
Tarixi Faktlar və Keçmişin Dərsləri
Dövlət başçısının vurğuladığı "ayıq-sayıqlıq" və "ideoloji risklər" tezisi birbaşa dövlətçilik tariximizin acı dərslərindən və sınaqlarından qaynaqlanır. Azərbaycanın tarixi yaddaşı təsdiq edir ki, daxili parçalanma və kənar ideoloji manipulyasiyalar hər bir dövlət üçün fiziki işğal qədər təhlükəlidir.
Azərbaycanın xanlıqlara parçalanmasının çoxvektorlu səbəbləri
1747-ci ildə Nadir şah Əfşarın sui-qəsd nəticəsində öldürülməsindən sonra Azərbaycan torpaqlarında iyirmidən çox xanlığın meydana gəlməsi təbii ki, təsadüfi siyasi boşluğun nəticəsi deyildi. Bu parçalanma dərin tarixi ssenarilərə söykənirdi:
Geosiyasi Səbəblər (Xarici Faktorlar)
Azərbaycan regionu tarixən çar Rusiyası, Osmanlı imperiyası və İranda hakimiyyət uğrunda mübarizə aparan Qacarlar (və ya Zəndlər) arasında strateji nüfuz dairəsi uğrunda toqquşma poliqonu olmuşdu. Xarici güclər öz cənub və şimal sərhədlərində güclü, mərkəzləşmiş bir Azərbaycan dövlətinin yaranmasındansa, bir-biri ilə rəqabət aparan zəif feodal mülklərinin mövcudluğuna üstünlük verirdilər. Bu dövr XVII əsrdən XIX əsrin əvvəllərinə qədərki Alman knyazlıqlarının vəziyyətini xatırladır.
İmperiyalar Cənubi Qafqaza yerləşmək üçün xanlıqlar arasındakı ziddiyyətləri körükləyir, bəzi xanlara təhlükəsizlik vədləri verərək separatizmi təşviq edirdi. Eyni zamanda, coğrafi kəşflərdən sonra Böyük İpək Yolunun dünya ticarətindəki əhəmiyyətini itirməsi regionun daxili iqtisadi potensialını və xarici ticarətdən gələn gəlirlərini kəskin azaltdı. Bu iqtisadi geriləmə mərkəzi dövlət aparatını saxlamaq üçün lazımi stimulları zəiflətdi.
Dini-ideoloji səbəblər və məzhəb faktorunun təsiri
Həmin dövrdə müasir mənada ümummilli (Azərbaycanlılıq) kimliyi hələ formalaşmamışdı; insanlar özlərini lokal regional (şəkili, qarabağlı, bakılı, naxçıvanlı) və ya dini-tayfa kimliyi ilə eyniləşdirirdilər. Vahid vətəndaşlıq və vahid vətən ideologiyasının yoxluğu fonunda İslam dininin müxtəlif məzhəbləri (şiə və sünni) arasındakı ziddiyyətlər bəzi xanlıqlar arasında ideoloji sərhədlər çəkirdi. Din və məzhəb amili cəmiyyəti birləşdirici bayraq olmaq əvəzinə, xarici güclərin manipulyasiya vasitəsinə çevrilmişdi.
Tarixi faktlar göstərir ki, əhalisinin böyük hissəsi və ya hakim sülaləsi sünni məzhəbinə mənsub olan şimal və şimal-qərb xanlıqları əsasən Osmanlı dövlətini özlərinin təbii müttəfiqi hesab edir.
Cənub xanlıqları (Təbriz, Urmiya, Xoy, Ərdəbil) və Şimali Azərbaycanın bəzi şiə xanlıqları məzhəb bağı və köklü siyasi ənənələr səbəbindən İrandakı mərkəzi hakimiyyətlə (əvvəl Zəndlər, sonra Qacarlar) dil tapmağa çalışırdılar. Gəncə xanları (Ziyadoğlular sülaləsi) köklü Səfəvi ənənələrinə və şiə məzhəbinə bağlı idilər. Onlar Gürcüstan çarlığı (II İrakli) və sünni Dağıstan hakimlərinin təzyiqindən qorunmaq üçün tez-tez İrandakı mərkəzi hakimiyyətdən yardım istəyirdilər. Cavad xan İranda hakimiyyətə gələn Ağa Məhəmməd şah Qacarı özünün ali hökmdarı kimi tanımış, Rusiya generalı Sisianova yazdığı məktublarda İran şahına sadiqliyini açıq şəkildə bəyan etmişdi. Eyni zamanda, Qarabağ mənsubiyyətli məlikliklərin və regionun xristian əhalisinin Rusiya ilə separat əlaqələri də daxili ideoloji bütövlüyü zədələyən digər bir dini-siyasi faktor idi.
Nəticədə Azərbaycan xanlıqları Çar Rusiyası ilə İran arasında bölüşdürüldü.
Biz oxşar mənzərəni Almaniyanın tarixində də görürük. XVI əsrdə Martin Lüterin rəhbərliyi ilə başlayan Reformasiya hərəkatı alman dövlətlərini həm də dini cəhətdən iki düşmən cəbhəyə böldü: 1) Şimali və Şərqi alman knyazlıqları protestantlığı (lüteranlığı), Cənub və Qərb knyazlıqları (və imperatorun özü) isə katolikliyi qəbul etdi. "Kimin hakimiyyətidirsə, onun da dini" (Cuius regio, eius religio) prinsipi hər bir knyaza öz torpağında din seçmək və kilsəni özünə tabe etmək hüququ verdi. Bu, siyasi ayrılığı ideoloji xətlərlə daha da dərinləşdirdi. 2) Güclü xarici qonşular, xüsusilə Fransa, İsveç və Rusiya, Avropanın mərkəzində güclü və vahid bir alman dövlətinin yaranmasını öz təhlükəsizliklərinə ən böyük təhdid hesab edirdilər. Onlar daxili münaqişələrdə zəif alman knyazlarını maliyyələşdirir və mərkəzi hakimiyyətə qarşı qızışdırırdılar. 1648-ci il Vestfaliya sülhü ilə Fransa və İsveç imperiya daxilindəki knyazların müstəqilliyinin rəsmi təminatçısına çevrildilər və pərakəndəliyi beynəlxalq hüquq səviyyəsində rəsmiləşdirdilər. Bütün bunlar alman dövlətlərinin pərakəndəlik səbələri ilə Azərbaycan xanlıqlarının pərakəndəliyi arasında nə qədər oxşar cəhətlərin olduğunu göstərir.
Odur ki, Almaniyanın bu pərakəndəliyin səbəblərini necə aradan qaldırması təcrübəsi maraqlıdır. Hər şeydən əvvəl dini ziddiyyətlərin zəifləməsi və sekulyarlaşma, dini münaqişələri aradan qaldırdı, o biri tərəfdən də bütün knyazlıqlar üçün ümumi düşmənin ortaya çıxması geosiyasi parçalanmanın qarşısını aldı. Əsrlərlə davam edən katolik-protestant qarşıdurması XIX əsrə doğru öz kəskinliyini itirdi. Beləki, XIX əsrin əvvəllərində Napoleon müharibələri zamanı alman torpaqlarında güclü sekulyarlaşma (dünyəviləşmə) baş verdi; kilsə knyazlıqları ləğv edildi və dini qurumların siyasi çəkisi azaldı. Başqa tərəfdən, fransız işğalına qarşı yaranan ümumi alman millətçiliyi dini mənsubiyyəti (katolik və ya protestant olmağı) ikinci plana keçirdi. İnsanlar özlərini artıq hansısa məzhəbin nümayəndəsi yox, sadəcə "alman" olaraq görməyə başladılar.
Bismarkın diplomatik dahiliyi isə xarici dövlətlərin maraqlarının neytrallaşdırdı: Polşa üsyanı zamanı Rusiyaya dəstək verərək onun rəğbətini qazandı və Almaniyanın birləşməsi prosesində Rusiyanın bitərəf qalmasını təmin etdi, Avstriyanı sürətli bir müharibədə (Sadova döyüşü) məğlub etdi, lakin onu alçaltmadı, və onun alman işlərinə müdaxiləsinə son qoydu. Almaniyanın birləşməsinə ən böyük maneə Fransanı məğlub edərək onun Almaniya üzərindəki çoxəsrlik hegemonluğuna son qoydu.
Almaniyanın təcrübəsi göstərir ki, dünyəvilik (sekulyarizm) dini ziddiyyətlər, dini radikallaşma potensialı olan böyük güclərlə əhatə olunmuş kontinent daxili məkanlarda təhlükəsizlik və sabitliyin yeganə təminatçı ideologiyası, böyük güclərin müxtəlif metodlarla neytrallaşdırılması, məğlub etdiyini alçaltmamaq isə diplomatik fəlsəfəsidir.
Azərbaycanı fəlakətə aparmış iki uzlaşma: Radikal ideologiya və geosiyasi tarazlığın pozulması
Sonrakı mərhələdə-1918-1922-ci illərin müstəqillik dövründə Azərbaycan iki ideologiyanın – liberal-burjua və milli-demokratiya ilə sol-sosialist, bolşevik ideologiyaların toqquşma məkanına çevrildi və birininin geosiyasi qələbəsi nəticəsində radikal solçu sosializm düşərgəsinə yaxınlaşıb, nəticədə müstəqilliyini itirdi.
Liberal-burjua, milli-demokratiya ideologiyası Azərbaycanın gələcəyini qərb tipli, liberal dəyərlərə və milli kapitala söykənən parlamentar respublikada görürdü. Xalq Cümhuriyyətinin elan etdiyi türkçülük ideologiyası radikal millətçiliyə deyil, etnik və mədəni kimliyə əsaslanırdı.
Radikal sol-sosialist (bolşevik) ideologiyası isə sosial bərabərlik, yoxsulluğun ləğvi, fabrikləri fəhlələrə, torpağı kəndilələrə vermək kimi populist şüarlardan manipulyasiya vasitəsi kimi istifadə etdilər. Üstəgəl coğrafi yerləşim və geosiyasi tarazlığın pozulması səbəblərindən radikal solçuluq ideologiyası hakim ideologiyaya və siyasi sistemə çevrildi, nəticədə ölkə müstəqilliyini itirdi.
Bu iki fərqli ideoloji xətt sırf geosiyasi reallıqdan qaynaqlanır, onunla sıx bağlı idi: liberal-demokratik-milli xətt Türkiyə və Avropanın, sol-sosializm (bolşevizm) isə Rusiyanın geosiyasi təsirinin nəticəsi idi. Əli bəy Hüseynzadənin düsturlaşdırdığı "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" formulu məhz bu fərqli geosiyasi xətlərin XX əsrin əvvəllərindəki ən ideal sintezi idi.
Türkiyə dövlətçilik və geosiyasi böhran içərisində olduğu, Avropa isə Birinci Dünya müharibəsinin nəticələri ilə çarpışdığı üçün geosiyasi tarazlığın pozulması səbəbindən demokratik-milli xətt məğlub oldu, radikal solçuluq-bolşevizm isə qalib gəldi. Hansı cərəyandan olmasından asılı olmayaraq məhz radikal ideoloji platformaya sürüklənməsi, üstəgəl geosiyasi tarazlığın pozulması ölkənin müstəqilliyini itirməsinə səbəb oldu.
Bu tarixi nümunədən çıxaracağımız başlıca dərslər isə ondan ibarətdir ki, böyük güclərin əhatəsində tərəflərdən birindən geosiyasi asılılıq və ya radikal ideologiyalara aludə olmaq fəlakətlə nəticələnir.
19-cu əsrin dini və məzhəb radikallığı xanlıqların pərakəndəliyi və Çar Rusiyası ilə İran arasında bölüşdürülmə ilə, 1918-1922-ci illərdə əlverişsiz geosiyasi şərtlər və radikal solçuluğun təsiri altında dünyadan təcrid olunaraq müstəqilliyin itirilməsi, nəhayət, 1990-cı illərin radikal daxili və xarici siyasət ideologiyası ərazilərin itirilməsi ilə nəticələndi.
Əksinə, hər hansı radikal baxışlardan azad cəmiyyət, azərbaycançılıq, dünyəvilik, geosiyasi neytrallıq, svilizasiyaların dialoqu üçün açıqlıq, İslam Əməkdaşlıq Təşkilatı və Vatikanla əməkdaşlıq, Qoşulmama Hərəkatının aktivləşdirilməsi torpaqların azad olunması və suverenliyin tam bərpası ilə nəticələndi.
Azərbaycan Respublikasının dövlət ideologiyası — Azərbaycançılıq — 4 mühüm amili - coğrafi mövqe, qonşuluq münasibətləri, çoxmillətli daxili mühit, rəngarəng svilizasiyaların qovşağı və xarici iqtisadi maraqları balanslaşdıran və hər birini özündə birləşdirən milli doktrinadır.
Məsələn, coğrafiyanın diqtə etdiyi prinsiplərə əsasən Azərbaycan Avropa və Asiyanın, Şimal və Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu coğrafiya dövlət ideologiyasını təcridolunmaya deyil, açıqlığa, multikulturalizmə və tranzit mərkəzi olmağa məcbur edir. Eyni zamanda bu coğrafiya Azərbaycanı balanslaşdırılmış xarici siyasət yürütməyə, ölkəni kəskin geosiyasi qütbləşmələrdən uzaq durmağa və neytral-praqmatik xətt yürütməyə sövq edir.
Həm Azərbaycanın özünün, həm də Almaniyanın tarixindən misal gətirdiyimiz nümunələrdən çıxan dərslər öyrədir ki, regionda fərqli siyasi-dini sistemlərin mövcudluğu Azərbaycanın dünyəvilik (sekulyarizm) prinsipini qorumasını şərtləndirir. Tarixin dərsləri və bugünkü reallıq diqtə edir ki, qonşularla həm ortaq islam dəyərlərini, həm də dünyəvi idarəetmə modelini qoruyaraq, ideoloji olaraq heç bir kənar sistemin daxili siyasətə təsir etməsinə imkan verməyən müstəqil milli kimlik ön planda olmalıdır.
Azərbaycançılıq məfkurəsi ölkədə yaşayan bütün etnik qrupların və xalqların vahid dövlətçilik maraqları ətrafında birləşməsidir. Multikulturalizm və tolerantlıq sadəcə bir şüar deyil, dövlətin daxili sabitliyini təmin edən qanuni və ideoloji təməldir. Etnik mənşəyindən asılı olmayaraq hər kəs Azərbaycan Respublikasının vətəndaşı olaraq bərabər hüquqlara malikdir.
Xarici iqtisadi ehtiyaclar və qlobal inteqrasiya zərurətinə gəldikdə isə iqtisadiyyatın aparıcı sektorları olan neft-qaz layihələri, yaşıl enerji və nəqliyyat-logistika siyasəti Azərbaycanı qlobal bazarlarla sıx əməkdaşlığa yönəldir. Ölkənin modernləşməsinin ehtiyacları da ölkə ideologiyasında texnoloji yeniliyə, qloballaşmaya adaptasiyaya və beynəlxalq hüququn aliliyinə üstünlük verilməsini tələb edir.
Azərbaycan dövlətinin daşıdığı ideologiya bu dörd elementi "Milli-mənəvi dəyərlər + Dünyəvilik + Müasirlik + Azərbaycançılıq" formulu ilə birləşdirir. Bu yanaşma ölkəyə həm regional təhdidlərdən qorunmağa, həm daxili birliyi saxlamağa, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi çıxış etməyə imkan verir.
Azərbaycanın hazırda qlobal yolayrıcı kimi üstünlük verdiyi siyasi-ideoloji xəttin əsas prinsipləri çox aydındır və bütün dünya üçün əlverişlidir:
- Dünyəvi dövlət prinsiplərinə sadiqlik;
- Hər hansı radikal dini cərəyan və məzhəblərin hakim dini və siyasi ideologiyaya çevrilməsinə imkan verməmək;
- İstənilən radikal siyasi ideologiyanın: irqçiliyin, radikal millətçiliyin, ifrat solçuluğun, təcavüzkar siyasi platformaların və s. qarşısını almaq;
- Bütün dini inanclara tolerant yanaşma;
- Bütün beynəlxalq, o cümlədən də regional məsələlərdə beynəlxalq hüquqdan çıxış etmək və beynəlxalq hüquq müstəvisində qalmaq;
- Qlobal geosiyasi maraqlar uğrunda savaş iştirakçılarından birinin tərəfindən hərbi əməliyatlarda iştirak etməmək;
- Təbii fəlakətlərdən və beynəlxalq hüquqa görə hərbi təcavüzdən əziyyət çəkən xalqlara humanitar yardım göstərmək;
- İqtisadiyyatın açıqlığının və investisiyalar üçün liberallığının təmin edilməsi;
- Qlobal yükdaşımalar və sərnişinlərin hərəkəti üçün əlverişli şərtlərin, on cümlədən təhlükəsizliyin təmin edilməsi.
“Azərbaycançılıq doktrinası” “Qafqaz evi” və “Avrasiyanın Heartlandi” üçün ideoloji platforma kimi
Bu prinsiplərə söykənən “Azərbaycançılıq doktrinası” Cənubi Qafqaza tətbiq olunaraq “Qafqaz evi”, bütün TDT-yə tətbiq olunaraq “Avrasiyanın liberal modelli Heartland”inin ideoloji modeli ola bilərdi.
Bu məqamda Ermənistanın da 30 illik tarixindən çıxarılan dərslərə bir də bu bucaqdan baxmaq səmərəli olardı. Radikal dini-siyasi ideologiya daşıyıcısı olan Erməni Qriqoryan kilsəsinin 19-cu əsrdən başlayaraq terrordan tutmuş “səlibçiliyə”, mifologiya və "Böyük Ermənistan" xülyasına qədər ideyalarla erməni cəmiyyətində digər xalqlara, xüsusilə azərbaycanlılara və türklərə qarşı düşmənçilik və nifrət hisslərini alovlandırmış, maliyyəşdirmiş, əsassız torpaq iddialarını ("Miatsum") dini-mənəvi cəhətdən əsaslandırmışdı.
1918-1922 və 1988-2020-ci illərdə Erməni kilsəsinin və faşist ideyaları ilə silahlanmış siyasi partiyalarının radikal dini və şovinist-siyasi ideologiyaları Cənubi Qafqazın müstəqil inkişafına çox ciddi problemlər yaratdı.
Erməni aqressiv faşizminin ən qabarıq təmsilçisi olan R.Koçaryan Avropa Şurasında çıxış edərkən "azərbaycanlılar və ermənilər etnik olaraq bir yerdə yaşaya bilməzlər, uyuşmazdırlar" tezisini irəli sürməklə yürütdükləri faşizm və irqçilik siyasətini rəsmən elan etmiş və bu ideologiya hər iki xalqın fəlakətlərlə üzləşməsinə səbəb olmuşdu.
Yalnız 44 günlük müharibədən sonra yeni reallıqla üzləşmiş N.Paşinyanın “Tarixi deyil, real Ermənistan” siyasi platformasını elan etməsi təqribən 120 il ərzində ilk dəfə olaraq Cənubi Qafqazı radikal cərəyanlardan azad etmək cəhdidir. Ancaq, monoetnik Ermənistan hələ də “Azərbaycançılıq doktrinası”nın bütövlükdə Cənubi Qafqaza proyeksiyası ola biləcək “Qafqaz evi” ideyasından çox uzaq görünür.
TDT isə artıq bu doktrinanın xarici siyasət xəttini çoxdan tətbiq etməkdədir.
TDT üzv dövlətlərin bugünkü geosiyasi reallıqları
Azərbaycanın tətbiq etdiyi bu praqmatik dövlətçilik təfəkkürü milli hüdudları aşaraq Türk Dövlətləri Təşkilatının (TDT) ümumi siyasi ideologiyasına çevrilmək zərurətini ortaya qoyur. Çünki təşkilata üzv və müşahidəçi olan hər bir dövlətin bu gün qarşılaşdığı geosiyasi mozaika və asimmetriya hər hansı bir radikal ideoloji xətti qətiyyətlə rədd edir:
Türkiyə, ərəb dünyası, NATO təhlükəsizlik arxitekturası və Avropa sivilizasiyası arasında mühüm bir keçid mərkəzidir.
Qazaxıstan, Rusiya ilə dünyanın ən uzun fasiləsiz quru sərhədinə malikdir və Çin kimi iqtisadi bir nəhənglə qonşudur.
Özbəkistan və Türkmənistan, dini radikalizm risklərinin mövcud olduğu Əfqanıstanla birbaşa həmsərhəddir.
Mərkəzi Asiyanın beş ölkəsinin Çinlə kollektiv və çoxtərəfli müqavilələri mövcuddur:"Çin + Mərkəzi Asiya" (C+C5);
Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) ABŞ və Avropa İttifaqı (Aİ) ilə əlaqələri "C5+1" formatı çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, regionun əlaqələrini tarixdə ilk dəfə qlobal miqyasda şaxələndirmək imkanı yaradıb.
Nəhayət, bütün TDT üzvləri qlobal nəqliyyat, ticarət, sənaye dəhliznin tərkib hissəsi olmaq strategiyası ətrafında həmrəydir.
Tarix Türk dövlətlərini fərqli svilizasiyaların, fərqli iqtisadiyyat və bazarların hüdudlarında formalaşdırıb. Odur ki, istənilən radikal platforma TDT boyunca təhdidlərin artmasına, bütün zəncirin dağılmasına səbəb ola bilər.
Çin və Rusiyanın regiona birbaşa iqtisadi-siyasi təsiri şəraitində TDT daxilində aqressiv, şüarçı və ya birtərəfli anti-Rusiya/anti-Çin ritorikasının alovlanması üzv dövlətlərin milli təhlükəsizliyini birbaşa təhdid edə bilər. TDT-nin birliyi yalnız üzv ölkələrin fərqli qırmızı xətlərinə və regional balanslarına hörmət etməkdən, yəni "maksimum praqmatizm və sıfır radikalizm" xəttindən asılıdır. Mədəniyyət və din (Türk-İslam kimliyi) daxili mənəvi onurğa kimi qorunmalı, lakin qlobal arenada sivilizasiyalararası dialoqun və iqtisadi tərəfdaşlığın dili kimi istifadə olunmalıdır.
Məntiqi nəticə: "Avrasiyanın İsveçrəsi" və ya “Avrasiyanın liberal modelli Heartlandi” Konsepsiyası
Bütün bu amillərin — tarixi dərslərin rasionallığının, Azərbaycanın çoxtərəfli balans siyasətinin və TDT üzvlərinin fərqli regional şərtlərinin məntiqi yekunu olaraq vahid bir doktrina ortaya çıxır: Türk dünyası yalnız "Avrasiyanın İsveçrəsi"nə çevrildiyi təqdirdə öz birliyinin möhkəm təməlini və hər bir dövlətin ayrılıqda təhlükəsizliyini və rifahını təmin edə bilər.
"Avrasiyanın türk ruhlu, İsveçrə modelli “Heartland”i
Nə üçün rəmz və model olaraq İsveçrə götürülə bilər? Bu, qətiyyən Orta Dəhliz dövlətlərinin İsveçrə konfederasiyası modelində birləşməsi anlamına gəlməyib, mötədil dini, siyasi və azad iqtisadiyyatı ehtiva edən dəyərləri nəzərdə tutur.
İsveçrə böyük Avropa güclərinin müharibə poliqonuna çevrilməmək üçün neytrallıq, iqtisadi etibarlılıq və hüquqi toxunulmazlıq modeli yaratdığı kimi, TDT də bu fəlsəfə ilə yeni multipolyar dünya düzəninin "Heartland"i (Mərkəzi Torpağı) ola bilər. “Avrasiyanın Heartland”i konsepsiyası yalnız qaçlılmaz təhlükəsizlik prinsipləri ilə məhdudlaşan liberal iqtisadi, siyasi, dini ideologiyaya söykəndiyi zaman strateji hədəflərinə çata bilər.
“Avrasiyanın “İsveçrə modelli Heartland”inin iqtisadi bazisi - maddi və logistik onurğası Orta Dəhliz çərçivəsində bazar qaydalarının, gömrüyün, nəqliyyat və yükdaşıma normalarının harmonizasiyası və sərbəst kapital axınının təmin edilməsi əsasında formalaşır. Həm müstəqil TDT üzvləri, həm də bütün Avrasiya üçün iqtisadi mənfəət əməkdaşlığın sarsılmaz təməlidir. Regiona axan qlobal kapitalı, çoxmilyardlıq tranzit daşımalarını qoruyan hüquqi təminat, coğrafi reallığın gətirdiyi fərqlilikləri (şiə/sünni, şərq/qərb hüququ və s.) bir təhlükə deyil, zənginlik kimi qəbul edən, istənilən radikal dini və siyasi cərəyanların təsirindən uzaq, gənclərə həm qədim Türk-İslam mənəviyyatını, həm də qlobal texnoloji rasionallığı (süni intellekt, hüququn aliliyi) aşılayan ortaq doktrinanın formalaşdırılması nəticəsində TDT bütün böyük qütblərin güvənərək özünü rahat hiss etdiyi, “divarların deyil, məhz körpülərin qurulduğu” təhlükəsiz və iqtisadi baxımdan çiçəklənən neytral hab statusunu qazana bilər.
Tarixi kimliyə bağlılıq, hüququn aliliyinə sadiqlik və qlobal düşüncə ilə praqmatik milli dövlətçilik şüurunu ehtiva edən bu model, Avrasiya məkanında daimi sülhün və sivilizasiyalararası inkişafın yeganə zəmanətçisidir.
Beləliklə, TDT-nin Orta Dəhlizi cəledici edəcək təməl prinsipləri ortaq kimliklə yanaşı, iqtisadi praqmatizm, geosiyasi təhlükəsizlik, radikal ideologiyalardan azadlıq üzərində qurulmalıdır.
Bundan əlavə Orta Dəhlizi cəlbedici edəcək əsas amil baryersiz tranzit və vahid gömrük mühiti, dövlətlərin suverenliyinin qorunması, "milli çoxvektorluq" (geosiyasi neytrallıq), TDT-nin üçüncü güclərə qarşı balanslaşdırıcı faktor, geosiyasi təzyiqlərin balanslaşdırılması üçün "təhlükəsizlik çətiri" və siyasi sığınacaq rolunu oynamasıdır.
Təşkilat öz üzvlərinin daxili işlərinə və xarici siyasətinə müdaxilə etmədən, onların müstəqilliyini kollektiv şəkildə dəstəkləməlidir.
Məhz bu sadalanan prinsiplər əsasında formalaşan Orta Dəhliz dövlətlərinin ittifaqı və yaratdıqları “təhlükəsizlik çətiri” başqa güc mərkəzlərində qıcıq deyil, etimad yarada bilər.
Kollektiv investisiya kollektiv təhlükəsizliyi ümumi təhlükə qədər dəstəkləyən ciddi faktordur. Türk İnvestisiya Fondu vasitəsilə Orta Dəhliz boyu kasıb və ya infrastrukturu zəif olan nöqtələrin (məsələn, limanlar, dəmir yolları) birgə maliyyələşdirilməsi üzv ölkələri layihəyə kökündən bağlayır. Mərkəzi Asiyanın resurslarının (qaz, neft, kritik minerallar) Azərbaycan və Türkiyə üzərindən qlobal bazara çıxarılması ölkələr arasında qarşılıqlı asılılıq və ortaq qazanc prinsipi yaradır.
Beləliklə, TDT-nin ortaq iqtisadi mənfəət vəd edən birləşdirici iqtisadi təməli var.
İndi tədricən elan olunmuş, hazırda praktikada cilalanan, hamı tərəfindən qəbul olunacaq ortaq dini, siyasi, ideoloji dəyər və prinsiplərin real həyatda formalaşması prosesi gedir.
Qısası, TDT-ni Orta Dəhliz boyu cəlbedici edəcək prinsiplər "İqtisadi mənfəət + Geosiyasi təhlükəsizlik + Milli suverenliyə hörmət" formuludur. Təşkilat sadəcə romantik bir etnik birlik deyil, qlobal ticarətin mərkəzində dayanan rasional bir iqtisadi ittifaq olduğu halda güclənəcəkdir. Ortaq iqtisadi mənfəətdən başlanan birliklərin təməli möhkəm, ömrü uzun, gələcəyi isə parlaq olur. Ortaq iqtisadi mənfəətlər dövlətlər, şirkətlər və fərdlər arasındakı münasibətləri sadəcə emosional və ya ideoloji bağlarla deyil, real və dayanıqlı bir təmələ oturdur. Belə rasional, praqmatik təməllər üzərində isə rasional üstqurum institutları-siyasi sistemlər, praqmatik ideologiyalar, insan mərkəzli dəyərlər, təhlükəsizlik çətirləri formalaşır. Onurğasını TDT-nin təşkil etdiyi Orta Dəhliz bütün Avrasiyanın ortaq iqtisadi mənfəət layihəsi olduğu halda dəhlizə daxil olan ölkələrin təhlükəsizliyi də ayrıca götürülmüş ölkənin deyil, zəncirvari və ya domino effekti ilə bütün Avrasiyanın təhlükəsizlik məsələsinə çevrilir.
ABŞ-nin ştatlarını bir ittifaqda saxlayan dünyanın ən güclü ordusu-təhlükəsizlik, dünyanın ən güclü valyutası-dollar, iqtisadi və siyasi azadlıqlar, ədalətli məhkəmə sistemidir.
Avropa Kömür və Polad Birliyindən başlanğıcını götürüb, ümumi bazar və gömrük birliyi ilə inkişaf edərək bugünkü birliyə gəlib çatmış Avropa İttifaqını bir arada saxlayan ümumi enerji təhlükəsizliyi, ümumi bazar, 1998-ci ildən sonra ümumi valyuta-avro, nəhayət bu ortaq iqtisadi mənfətlərin ümumi zərurətə çevirdiyi ortaq təhlükəsizlik institutu –NATO-dur.
ABŞ-nin iki tərəfdən okeanlarla əhatə olunması, şimal və cənub qonşularından isə hərbi və siyasi təhdidlərin olmaması, Avropa İttifaqının üç tərəfdən dənizlərlə qorunması, yalnız şərqdə Rusiya ilə hərbi və siyasi qarşıdurmada olması ABŞ və Aİ-nin siyasi sisteminə, iqtisadi münasibətlərinə, təhlükəsizlik doktrinasına, dövlətlərin ideoloji prinsiplərinə əhəmiyyətli təsir edir.
Orta Dəhliz üçün “Şəbəkə xarici siyasəti”
Üç tərəfdən dənizlərlə əhatə olunmuş Türkiyədən fərqli olaraq Azərbaycan da daxil olmaqla yerdə qalan TDT üzvləri dənizlərə çıxışı olmayan, materik daxili dövlətlərdir. Bu coğrafi vəziyyət Azərbaycan və Mərkəzi Asiya ölkələrindən fərqli, 1) çoxvektorlu, balanslı xarici siyasət, 2) hər cür radikallıqdan uzaq liberal dini, ideoloji dəyərlərin tətbiqini, 3) “neytral geosiyasi zona”, “iqtisadi oazis”, 4) təhlükəsizliyi silahla deyil, ortaq iqtisadi mənfəət alətləri ilə təmin edən siyasət yürütməyi tələb edir.
Məhz dənizlərə çıxışın olmamasının yaratdığı problemlərin həlli üçün Prezident İlham Əliyev milli xarici siyasət strategiyasının tərkibinə "qonşular və qonşuların qonşuları" formulunu əlavə edib. Bu formula, Azərbaycanın coğrafi çətinliklərini (açıq dənizə çıxışının olmamasını) qlobal üstünlüyə çevirən ən fundamental prinsiplərdən biridir.
Bu konsepsiya regional təhlükəsizlik və rəqabətdən daha çox, ortaq iqtisadi mənfəət, ticarət və logistika məntiqinə əsaslanır.
Yeni dünyada güc sərhədlərlə deyil, infrastruktur və logistik xətlərlə (konnektivlik) ölçülür. Bu yanaşmanın məntiqinə görə:
- Dövlət sadəcə qonşusu ilə deyil, qonşusunun qonşusu ilə də zəncirvari iqtisadi xətt qurmalıdır ki, bütöv bir tranzit dəhlizi (məsələn, Orta Dəhliz və ya Şimal-Cənub dəhlizi) funksional olsun.
- Bunun məntiqi davamı kimi xarici siyasətin ana xəttini müəyyən edir: "qonşunu sıxışdırmaq" deyil, onu "körpü" rolunda istifadə edərək daha uzaq bazarlara çıxmaq.
Orta Dəhlizə daxil olan dövlətlər, o cümlədən və xüsusilə də Azərbaycan üçün bu bütün Avrasiyanı əhatə etmək deməkdir!
Buradan da xarici siyasəti və dövlətin siyasi sistemi, ideologiyası, din siyasəti işlənib hazırlanarkən təkcə qonşularla deyil, qonşuların qonşuları ilə də münasibətlərə təsirinin coğrafi miqyasını təsəvvür etmək olar. Açıq dənizə çıxışı olmayan bir ölkə nə qədər güclü infrastruktura sahib olsa da, qonşuları və qonşularının qonşuları ilə etibarlı, proqnozlaşdırıla bilən əlaqələri yoxdursa, logistik mərkəzə çevrilə bilməz. Qonşu dövlətlər tranzit qapısıdırsa, onların qonşuları da bu zəncirin sonrakı həlqələridir.
Belə ölkələrdə bütün dinlər, irqlər, rəqib geosiyasi qütblərin təmsilçiləri, bir sözlə əməkdaşlıq niyyəti ilə gələn hər kəs özünü fiziki və psixoloji komfort zonada hiss etməlidir.
Və bu prinsiplər bütün TDT ölkələri üçün aktualdır və Orta Dəhlizin Ortaq dəyərlərinə çevrilməsi qaçılmazdır.
Bu gün Azərbaycanin tətbiq etdiyi geosiyasi, ideoloji, təhlükəsizlik prinsiplərinin məcmusu "coğrafi təcrid olunmanı qlobal inteqrasiya ilə əvəzləmək" düsturudur və Azərbaycan bu gün məhz bu fəal diplomatiya sayəsində Avrasiyanın əvəzedilməz nəqliyyat və enerji qovşağına çevrilib. Bu düsturun bütün Orta Dəhlizə proyeksiyası “qonşulıarın qonşularını” cəlb edəcək “geosiyasi komfort zona”nın təminatı ola bilərdi.
İbrahim Məmmədov
Tarix üzrə fəlsəfə doktoru






