Cəlal Çiftçi Azərbaycan xalqından üzr istədi
Jurnalist Celal Çiftçi Azərbaycan xalqından və dövlətindən üzr istəyib.
Sfera.az xəbər verir ki, Çiftçi açıqlamalarının Azərbaycanda inciklik və narazılığa səbəb olmasından təəssüfləndiyini bildirib.
“İstifadə etdiyim ifadələrin məqsədimi aşmasına görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq və səmimi şəkildə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm”, – deyə o qeyd edib.
Jurnalistin sözlərinə görə, məqsədi hicab məsələsinə həssaslığını, din və vicdan azadlığı ilə bağlı düşüncələrini ifadə etmək olub. Bununla belə, fikirlərini çatdırarkən istifadə etdiyi dilin yarada biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli və özünü daha aydın ifadə etməli olduğunu vurğulayıb.
Çiftçi Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırmaq niyyətinin olmadığını bildirib.
O, dini nifrət, düşmənçilik və ayrı-seçkilik yaratmaq niyyətinin də olmadığını qeyd edib və bu istiqamətdə ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.
“Sözlərim belə bir çağırış kimi başa düşülübsə, həqiqi düşüncəmin bu olmadığını açıq şəkildə bildirirəm. Zorakılığı, dövlət çevrilişini, təhdidi və güc tətbiqini rədd edirəm. Heç kimi qanunsuz hərəkətlərə çağırmıram. Açıqlamalarımın da belə hərəkətlərə əsas kimi istifadə olunmasını istəmirəm”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Celal Çiftçi məsələ ilə bağlı bütün paylaşımlarını sildiyini, açıqlamalarına görə peşman olduğunu və bağışlanmasını xahiş etdiyini də bildirib.
Bəsti







