“ABŞ Ukraynaya dəstəyi dayandıra bilməz” - Politoloq
ABŞ prezidentinin Ukraynaya hərbi yardımı dayandıracağı ilə bağlı narahatçılıqlar artır. Tramp açıqlamalarında Ukraynaya hərbi yardımın göstərilməsi öhdəliyinin Avropanın üzərinə düşdüyünü bildirib.
ABŞ dövlət başçısının açıqlamalarından sonra belə qənaət formalaşıb ki, Ukraynaya Amerikanın hərbi yardımı olmayacaq.
Sfera.az-a açıqlama verən politoloq Həşim Səhrablı bunun real olmadığını bildirib.
O qeyd edib ki, Donald Trampın Ukraynaya hərbi dəstəyi dayandırmaqla bağlı mövqeyi daha çox təzyiq vasitəsi kimi qiymətləndirilməlidir.
"ABŞ-nin Kiyevə dəstəyini tamamilə kəsməsi Ukrayna ordusunun cəbhədəki vəziyyətini çətinləşdirə, eyni zamanda Tramp və Respublikaçılar Partiyası üçün siyasi itkilərə səbəb ola bilər”, - deyən politoloq vurğulayıb ki, Rusiya uzaqmənzilli raketlərlə hücumların intensivliyini artırdığı bir vaxtda Amerika istehsalı müdafiə sistemləri və digər hərbi texnologiyalar Ukrayna üçün əhəmiyyətini qoruyur:
“Bayden administrasiyası dövründə Ukraynaya müxtəlif formalarda təqdim olunan hərbi yardım Trampın hakimiyyətə gəlməsindən sonra fərqli mexanizmlərlə həyata keçirilməyə başlayıb. Belə ki, silahların Avropa maliyyəsi hesabına alınaraq Ukraynaya göndərilməsi dəstəklə bağlı yeni yanaşmanın əsas istiqamətlərindən birinə çevrilib”.
H.Səhrablı hesab edir ki, ABŞ-nin hərbi yardımı tam dayandıracağı təqdirdə Ukrayna ordusunun cəbhədə fəaliyyəti xeyli çətinləşə bilər. Bununla belə, ekspert belə bir ssenarinin Ukraynanın bir neçə gün ərzində məğlub olması demək olmadığını vurğulayıb:
“Hərbi dəstəyin azalması Ukrayna hakimiyyətinin qarşısında əlavə siyasi və diplomatik problemlər də yaradacaq. Kiyev həm ölkə daxilində əhalinin, həm də xarici tərəfdaşlarının dəstəyini və qələbəyə inamını qorumaq üçün daha ciddi çətinliklərlə üzləşə bilər”.

Politoloq deyib ki, ABŞ-nin Ukraynanı dəstəksiz qoyması ilk növbədə Rusiyanın maraqlarına uyğun olardı. Onun fikrincə, belə bir qərar Donald Trampın öz siyasi mövqelərinə də mənfi təsir göstərə bilər:
“Amerika cəmiyyətində Rusiyanın Ukrayna ərazilərini işğal etməsi və beynəlxalq hüququn pozulması ilə bağlı formalaşmış mövqelər var. Bu şəraitdə Vaşinqtonun Ukraynanı tək buraxması seçicilərin müəyyən hissəsində narazılıq yarada bilər”.
O düşünür ki, Ukraynaya dəstəyin dayandırılması Respublikaçılar Partiyasının seçkilərdə mövqelərinə də təsirsiz ötüşməyə bilər. Onun qənaətinə görə, belə bir siyasətə etiraz edən seçicilərin bir hissəsinin demokratlara üstünlük verməsi mümkündür:
“Konqresdə siyasi balansın dəyişməsi isə Tramp administrasiyasının qərarlarını həyata keçirməsini çətinləşdirə bilər. Trampın Ukraynaya təzyiqlərinin əsas məqsədlərindən biri də Volodimir Zelenskini danışıqlarda güzəştə getməyə məcbur etməkdir. ABŞ prezidenti müharibənin atəşkəslə dayandırılmasına nail olmaqla bunu öz siyasi uğuru kimi təqdim etməyə və daxili auditoriyada dəstəyini artırmağa çalışa bilər”.
Politoloq əlavə edib ki, Zelenskinin təzyiqlərə nə qədər davam gətirəcəyi bu prosesdə mühüm rol oynayacaq. Onun qənaətinə görə, Tramp uzun müddət eyni sərt mövqedə qala bilməyə bilər və siyasi dəstəyini qorumaq məqsədilə Ukraynaya münasibətdə daha balanslı yanaşmaya keçə bilər:
“Trampın atacağı növbəti addımlar həm Ukrayna ətrafındakı hərbi-siyasi vəziyyətdən, həm də ABŞ daxilindəki siyasi hesablamalardan asılı olacaq”.
İradə Elsevər






