Zelenski hakimiyyəti itirsə bu ölkəyə sığınacaq – İDDİA
Ukraynanın keçmiş Ali Rada deputatı Spiridon Kilinkarov prezident Volodimir Zelenskinin hakimiyyəti itirəcəyi təqdirdə İsrailə gedə biləcəyini iddia edib.
Sfera.az xəbər verir ki, o, bu barədə NEWS.ru-ya açıqlamasında danışıb.
Kilinkarovun sözlərinə görə, Zelenskinin xaricə köçəcəyi halda Böyük Britaniyaya gedəcəyi ehtimalı tez-tez səsləndirilsə də, onun fikrincə, İsrail daha real variant ola bilər.
Keçmiş deputat Ukrayna prezidentinin xaricdə yaşamaq üçün kifayət qədər maliyyə imkanlarına malik olduğunu iddia edib. Bununla belə, onun fikrincə, bu, Zelenskiyə təhlükəsiz və sakit həyat təmin etməyə bilər.
Kilinkarov bildirib ki, hakimiyyətdə olduğu müddətdə Zelenski həm Ukraynada, həm də ölkə xaricində müxtəlif sosial qruplarla münasibətlərini korlayıb. Buna görə də onun üçün etibarlı müdafiə təmin edə biləcək ölkə tapmaq çətin ola bilər.
Keçmiş deputat eyni zamanda Zelenskinin yaxın vaxtlarda könüllü şəkildə vəzifəsindən ayrılacağını gözləmədiyini bildirib. Onun fikrincə, bunun baş verməsi üçün ciddi siyasi hadisələr yaşanmalıdır.
Qeyd edək ki, Zelenski daha əvvəl prezident postundan getmək niyyətində olmadığını və hazırkı şəraitdə ölkədə prezident seçkilərinin keçirilməsini mümkün hesab etmədiyini açıqlayıb.
Fatimə
Sfera.az






