Putin vəd verdi: İrana necə dəstək göstərəcək?

Putin vəd verdi: İrana necə dəstək göstərəcək?
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkianın Türkmənistanda keçirilən görüşündə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

Putin həmkarına ölkəsinin regiondakı vəziyyətlə bağlı İrana əlindən gələn köməyi göstərməyə hazır olduğunu bildirib. Eyni zamanda, Rusiya lideri İranın münaqişənin başa çatdırılması istiqamətində real addımlar atdığını və Moskvanın bundan xəbərdar olduğunu vurğulayıb.


Putinin açıqlaması Rusiyanın İrana dəstəyinin hansı istiqamətləri əhatə edə biləcəyi və bu dəstəyin Moskva-Vaşinqton münasibətlərinə necə təsir göstərə biləcəyi ilə bağlı suallar doğurur.

ABŞ ilə iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirə olunduğu bir vaxtda Rusiyanın Tehrana dəstək vədi nə dərəcədə realdır? Moskva İrana konkret olaraq hansı sahələrdə yardım göstərə bilər?


Araşdırmaçı jurnalist Elnur Ənvəroğlu Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya birbaşa hərbi dəstək göstərməsə belə, İrana diplomatik müstəvidə dəstəyini davam etdirə bilər:


“Fikrimcə, Rusiya İrana birbaşa hərbi dəstək göstərməsə də, diplomatik müstəvidə dəstəyini nümayiş etdirib və etdirməkdədir. Çünki söhbət regional rəqabətdən gedir. Rusiya və Çin də daxil olmaqla, bölgədə güc balansını qorumağa çalışan dövlətlər müəyyən formada İrana dəstək göstərmək məcburiyyətindədirlər. Lakin bu görüşün əsas məqamı Putinin İrana nə qədər dəstək vermək istəməsindən daha çox, Moskvanın real olaraq hansı yardımı göstərə biləcəyi və bunun Rusiya-ABŞ münasibətlərinə nə dərəcədə təsir edəcəyidir. Bu bəyanatın vacib tərəfi ondan ibarətdir ki, Putin konkret hərbi müdaxilə vədi verməyib. Onun sözləri ilk növbədə diplomatik dəstək və vasitəçilik imkanlarına aiddir. Bununla yanaşı, Moskvanın Tehranla hərbi, iqtisadi və texnoloji əməkdaşlığı Rusiyanın dəstəyinin mümkün istiqamətlərini genişləndirir”.


E.Ənvəroğlu Rusiyanın mümkün dəstək istiqamətləri arasında hərbi əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:


“Əsas vacib məqam sadaladıqlarım arasında Rusiyanın hərbi əməkdaşlığıdır. ABŞ və Qərb analitiklərinin məlumatlarına əsasən, Rusiya İrana peyk məlumatları və dron texnologiyaları sahəsində dəstək göstərib. Hətta bəzi tanınmış Qərb mənbələri iyul ayında ABŞ kəşfiyyatının İranın Körfəzdəki ABŞ obyektlərinə hücumlarında Rusiyanın mümkün rolunu araşdırdığını yazmışdı. Bu mənbələrdən biri "Reuters" idi. Lakin həmin vaxt araşdırmanın yekun nəticəsi açıqlanmamışdı. Belə əməkdaşlığın davam etməsi, şübhəsiz ki, İranın müşahidə, hədəflərin müəyyənləşdirilməsi və pilotsuz sistemlərdən istifadə imkanlarını gücləndirə bilər.

Amma bütün bunlar iddialardır. Bu məsələnin qəti şəkildə təsdiqləndiyini demək və yekun fikir bildirmək, zənnimcə, doğru olmaz. Humanitar və iqtisadi dəstəyə gəldikdə isə, fikrimcə, Rusiya İranla ərzaq, taxıl, sənaye məhsulları, avadanlıq və nəqliyyat sahələrində ticarəti genişləndirə bilər. Bildiyimiz qədər, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İranın Fars körfəzindən Rusiya və daha şimaldakı bazarlara çıxışını təmin edən alternativ marşrutlardan biridir. Bundan əlavə, Moskva nüvə energetikası, elektrik enerjisi, neft-qaz infrastrukturu və sənaye layihələri üzrə əməkdaşlığı genişləndirə bilər. Çünki iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi iqtisadiyyat, təhlükəsizlik, elm və digər sahələri əhatə edir.


Təbii ki, bunun nə dərəcədə təsirli olacağı ayrı məsələdir. Rusiya BMT və digər beynəlxalq təşkilatlarda İranın mövqeyini müdafiə edə, atəşkəs təşəbbüsləri irəli sürə və Tehrana qarşı yeni məhdudlaşdırıcı tədbirlərə siyasi etiraz bildirə bilər. Bu, İrana diplomatik manevr imkanları qazandırar. Lakin öz-özlüyündə nə sanksiyaları ləğv edər, nə də hərbi təzyiqi aradan qaldırar”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR