Pezeşkianın nüvə açıqlaması ABŞ ilə danışıqlara necə təsir edəcək? - ŞƏRH

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasındakı çıxışında ölkəsinin nüvə silahı yaratmadığını, lakin dinc məqsədli nüvə texnologiyalarından istifadə hüququndan imtina etməyəcəyini bildirib.
Tehran nüvə enerjisindən tibb, ərzaq təhlükəsizliyi və sənaye inkişafı məqsədilə istifadəni vacib hesab etdiyini vurğulayıb.
İranın nüvə proqramından geri çəkilməməsi ABŞ ilə danışıqlara necə təsir edə bilər? Hazırkı məqamda bu açıqlama danışıqlara zərbə endirmirmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Pezeşkianın açıqlamasında ziddiyyətli məqamlar var:

“Pezeşkian bir tərəfdən bildirir ki, İran nüvə silahından dağıdıcı və hərbi məqsədlərlə istifadə etmək niyyətində deyil, digər tərəfdən isə nüvə proqramından və bu sahədəki ambisiyalarından geri çəkilməyəcəklərini deyir. Əslində, nüvə silahına malik olan və ya buna dair ambisiyaları olduğu bildirilən dövlətlərin əksəriyyəti də bu cür proqramların müdafiə və ya dinc məqsədlər daşıdığını bildirir. Məsələn, Rusiya və Pakistanla bağlı da oxşar yanaşmalar mövcuddur”.
Ekspert ABŞ-İran münasibətlərində diplomatik imkanların hələ tam tükənmədiyini düşünür:
“ABŞ məsələsinə gəldikdə isə Pezeşkianın ritorikasını nisbətən yumşaq hesab etmək olar. Onun çıxışında sərt və qarşıdurma yönümlü ritorikadan daha çox diplomatik yanaşma nəzərə çarpır. Bundan başqa, Pezeşkianın Nyu-Yorka səfər etməsi və İran nümayəndə heyətinə viza verilməsi də müsbət haldır. Düşünürəm ki, diplomatiya pəncərəsi hələ tam bağlanmayıb və danışıqlar üçün imkanlar qalır. Amma tərəflər hələ də kompromisə getməyə tam yaxın deyillər”.
K.Novruzov əlavə edib ki, Pezeşkianın son açıqlamasının ABŞ-İran münasibətlərində həlledici rol oynayacağını düşünmür.
Firuzə Əliyeva






