Tusk: Rusiya onlara hücum edəcək

Polşa Baş naziri Donald Tusk Rusiyanın Polşaya və Ukraynaya dəstək verən digər ölkələrə hücum edə biləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Tusk bu barədə ölkə parlamentində – Seymdə çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Polşa kəşfiyyatının məlumatları Rusiyanın yeni reaktiv PUA-lardan istifadə etməklə Polşaya və Ukraynaya yardım göstərən digər ölkələrə hücum edə biləcəyini göstərir.
Tusk bunu qarşıdakı bir neçə ay üçün, yəni erkən yaza qədər, “ən real ssenari” kimi təqdim edib.
“Bu ssenari ciddi hadisələri nəzərdə tutur və bizdən diqqətli, ciddi və ən əsası, qarşıda duran çətin sınaqlara həm psixoloji, həm də daxili baxımdan hazır olmağı tələb edir”, – Polşa hökumətinin başçısı bildirib.
Tusk qeyd edib ki, qarşıdakı həftə və aylarda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını daha da intensivləşdirməsi gözlənilir. O, bunun Polşa ərazisinə də təsir göstərə biləcəyini deyib.
Baş nazir Rusiyanın yeni tip reaktiv PUA-lardan kütləvi şəkildə istifadə etməyə başladığını vurğulayıb. Onun sözlərinə görə, bu dronlar daha yüksək sürətlə hərəkət edir və yüksək hündürlükdə fəaliyyət göstərdikdən sonra hədəfə zərbə endirirlər. Tusk bu silahlara qarşı effektiv müdafiənin yaradılmasının çətin olduğunu bildirib.
Tusk həmçinin bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, Rusiyanın Ukraynaya dəstək verən NATO ölkələrinə, o cümlədən Polşaya qarşı PUA və raketlərlə hibrid hücumlar planı barədə məlumatlar mövcuddur. Onun sözlərinə görə, mümkün hücumlar sonradan “təsadüfi hadisə” kimi təqdim edilə bilər və məqsəd NATO daxilində həmrəyliyi zəiflətmək ola bilər. Bu qiymətləndirmə Polşa hökumətinin mövqeyini əks etdirir.
Qeyd edək ki, Tusk sentyabrın 17-də parlamentdə çıxışı zamanı Polşanın təhlükəsizliyi ilə bağlı mümkün ssenarilərə hazır olması lazım olduğunu bildirib. Polşa hökuməti son günlər sərhəd-keçid məntəqələri ətrafındakı hərbi infrastrukturu da gücləndirdiyini açıqlayıb.
İnci
Sfera.az






