Logo

Rusiya Türk Dövlətləri Təşkilatında müşahidəçi olmaq istəyəcək? - AÇIQLAMA

Rusiya Türk Dövlətləri Təşkilatında müşahidəçi olmaq istəyəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində bir sıra maraqlı məsələlər müzakirə edilib.

Bunlardan biri də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda qoşulmasını təklif etməsidir. O, Rusiyanın türk dünyası ilə tarixi, mədəni və siyasi əlaqələrinə diqqət çəkərək, bu ölkənin TDT-nin fəaliyyətində iştirakının üzv dövlətlər üçün faydalı ola biləcəyini bildirib.

Tokayevin bu təklifi Rusiyanın Türk Dövlətləri Təşkilatı ilə münasibətləri və regiondakı siyasi maraqları baxımından diqqət çəkir. Belə ki, Rusiyanın təşkilata müşahidəçi statusunda qoşulması Moskvanın türk dövlətləri ilə siyasi, iqtisadi və diplomatik əlaqələrinin genişlənməsinə yeni imkanlar yarada bilər.

Bəs bu təklif Moskvanın siyasi və strateji maraqlarına nə dərəcədə uyğundur?

Politoloq Tural İsmayılov Sfera.az-a bildirib ki, bu təklif regional siyasət baxımından kifayət qədər maraqlı geosiyasi müzakirə yaradıb:

Rusiya Türk Dövlətləri Təşkilatında müşahidəçi olmaq istəyəcək? - AÇIQLAMA

“Qazaxıstanın Rusiyanın Türk Dövlətləri Təşkilatının fəaliyyətinə qoşulması ilə bağlı irəli sürdüyü təşəbbüs regional siyasət baxımından kifayət qədər maraqlı geosiyasi müzakirə yaradıb. Bu təklifə sadəcə Astana ilə Moskva arasındakı münasibətlərin növbəti mərhələsi kimi yanaşmaq doğru olmazdı. Məsələnin arxasında Mərkəzi Asiyanın gələcək geosiyasi konfiqurasiyası, Rusiyanın postsovet məkanında mövqelərini qorumaq istəyi və Türk dünyasının beynəlxalq münasibətlər sistemində artan çəkisi dayanır. İlk növbədə nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatı hər hansı dövlətə qarşı formalaşdırılmış hərbi-siyasi blok deyil. TDT ortaq tarixi, dil və mədəni bağları olan müstəqil dövlətlərin iqtisadi, siyasi, nəqliyyat, enerji və humanitar əməkdaşlıq platformasıdır. Təşkilatın əsas üstünlüyü üzv dövlətlərin suverenliyinə hörmət etməsi və qərarların qarşılıqlı razılaşma əsasında qəbul edilməsidir. Bu baxımdan Rusiyanın TDT+ formatında iştirak etməsi ilə təşkilata tamhüquqlu üzv olması arasında ciddi fərq var. Birinci variant tərəfdaşlıq imkanlarını genişləndirir, ikinci isə təşkilatın mahiyyəti və institusional prinsipləri ilə bağlı daha mürəkkəb suallar ortaya çıxarır”.

O, Moskva üçün belə bir əməkdaşlığın müəyyən üstünlüklərinin olduğunu bildirib:

“Moskva üçün belə bir əməkdaşlığın müəyyən üstünlükləri mövcuddur. Rusiya son illərdə beynəlxalq münasibətlər sistemində dəyişən reallıqlar fonunda Mərkəzi Asiya və Cənubi Qafqazdakı mövqelərini qorumağa çalışır. Türk Dövlətləri Təşkilatı isə getdikcə daha çox iqtisadi və nəqliyyat layihələrinin, regional inteqrasiyanın mühüm platformasına çevrilir. Rusiyanın bu proseslərdən kənarda qalmaq istəməməsi anlaşılandır. Xüsusilə Orta Dəhlizin genişlənməsi, Xəzər üzərindən nəqliyyat əlaqələrinin inkişafı və Avrasiya məkanında yeni logistika imkanlarının yaranması Moskvanın diqqətindən kənarda qala bilməz. Ancaq burada mühüm bir ziddiyyət var. Rusiya türk dünyası ilə əməkdaşlıqdan iqtisadi və diplomatik dividendlər əldə edə bilər, lakin TDT-nin güclənməsi onun ənənəvi postsovet təsir mexanizmlərindən fərqli regional siyasi modelin formalaşması deməkdir. Türk dövlətləri artıq öz maraqlarını müstəqil şəkildə müəyyənləşdirən, müxtəlif beynəlxalq tərəfdaşlarla əlaqələr quran və regional məsələlərdə ortaq mövqelər formalaşdıran aktorlardır. Bu reallıq Rusiyanın təşkilatda iştirakını mümkün etsə də, Moskvanın təşkilatın gündəliyinə təsir imkanlarının avtomatik şəkildə genişlənəcəyi anlamına gəlmir”.

Politoloq deyib ki, Astana çoxvektorlu xarici siyasət strategiyasına üstünlük verir:

“Qazaxıstanın mövqeyini də bu kontekstdə qiymətləndirmək lazımdır. Astana çoxvektorlu xarici siyasət strategiyasına üstünlük verir. Bir tərəfdən Rusiya ilə tarixi, iqtisadi və təhlükəsizlik əlaqələrini qoruyur, digər tərəfdən Türk dünyası ilə inteqrasiyanı dərinləşdirir. Qazaxıstanın təşəbbüsü bu iki istiqamət arasında əlavə əməkdaşlıq imkanları yaratmaq cəhdi kimi də dəyərləndirilə bilər. Bununla belə, TDT-nin gələcək inkişafı ayrı-ayrı dövlətlərin xarici siyasət prioritetlərinə uyğunlaşdırılmamalı, təşkilatın öz strateji məqsədləri əsas götürülməlidir”.

“Azərbaycan üçün isə məsələnin ən mühüm tərəfi Türk Dövlətləri Təşkilatının institusional gücünün və müstəqil siyasi iradəsinin qorunmasıdır. Bakı Türk dünyasının birliyini hər hansı üçüncü dövlətə qarşı yönəlmiş layihə kimi deyil, müstəqil dövlətlərin əməkdaşlıq və inkişaf modeli kimi təqdim edir. Bu modelin əsas dəyəri onun ortaq maraqlar ətrafında formalaşmasıdır”, – deyə politoloq qeyd edib.

Şahanə Ziyad

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR