"Yaxın Şərq üçün daha qorxunc və dəhşətli mərhələ yaxınlaşır" - AÇIQLAMA
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlatması ehtimalı Yaxın Şərqdə narahatlıqları artırır.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş mümkün yeni qarşıdurma ilə bağlı ən pis ssenariyə hazır olduqlarını bəyan edib.
O, regionda növbəti müharibənin baş verməsinin heç bir tərəfin maraqlarına uyğun olmadığını vurğulayaraq, problemlərin diplomatik yollarla həllinə ümid etdiklərini bildirib. Bununla belə, hərbi əməliyyatların yenidən başlaması münaqişənin daha geniş coğrafiyaya yayılması, regional təhlükəsizliyin zəifləməsi və iqtisadi böhranın dərinləşməsi kimi riskləri gündəmə gətirir.
Bəs ABŞ və İsrailin İrana qarşı yenidən hərbi əməliyyatlara başlaması halında əvvəlki münaqişələrdən daha ağır hansı ssenarilər yaşana bilər?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, hazırda həm ABŞ, həm də İran bir-birini yeni hərbi əməliyyatlarla təhdid edir:

“Hazırda həm ABŞ, həm də İran bir-birini yeni hərbi əməliyyatlarla təhdid edir. Xüsusilə də ABŞ yaxın vaxtlarda İrana qarşı hərbi əməliyyatların bərpa oluna biləcəyini bəyan edir və bu dəfə hərbi zərbələrin daha güclü ola biləcəyi ehtimalına işarə vurur. Bütün bunlar Yaxın Şərq üçün daha qorxunc və dəhşətli hərbi-siyasi mərhələnin yaxınlaşmaqda olduğunu göstərir. Çünki rəsmi Tehran da ABŞ-ni və onun Yaxın Şərqdəki müttəfiqlərini amansız hərbi zərbələr endirməklə təhdid edir. Bu isə hər iki tərəfin intensiv şəkildə müharibənin növbəti mərhələsinə hazırlaşdığını göstərir”.
Politoloqun sözlərinə görə, mümkün qarşıdurmanın hansı istiqamətdə inkişaf edəcəyini əvvəlcədən müəyyənləşdirmək çətindir:
“ABŞ-dəki bəzi dairələrin, xüsusilə də araşdırma mərkəzlərinin iddialarına görə, ABŞ ordusu İranın nüvə obyektlərinin mütləq əksəriyyətini sıradan çıxarmağa nail olmayıb. Hətta bəzi yeraltı nüvə obyektlərinin toxunulmaz qaldığı, yəni zərər görmədiyi barədə də məlumatlar var. Bu baxımdan ABŞ-dəki bəzi araşdırma və analitik təhlil mərkəzləri iddia edirlər ki, ABŞ bu dəfə İrana qarşı taktiki nüvə silahından istifadə edə bilər. Onların iddialarına görə, yalnız bu silah vasitəsilə İranın nüvə obyektlərinin sıradan çıxarılması mümkün ola bilər”.
E.Xalidbəyli vurğulayıb ki, belə bir ssenarinin reallaşması bütün Yaxın Şərq üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər: “Bu, olduqca qorxunc və təhlükəli ssenari kimi görünür. Çünki taktiki nüvə silahı ilə zərbələrin endirilməsi yalnız İranda deyil, ümumilikdə Yaxın Şərqdə həyat şəraitinin son dərəcə təhlükəli hala gəlməsi ehtimalını artırır. Təbii ki, Prezident Donald Trampın hansı qərarı verəcəyi hələlik bəlli deyil. Ancaq iddialara görə, Donald Tramp noyabrın 11-nə qədər, yəni aralıq seçkilərindən bir müddət sonra İrana qarşı yeni hərbi əməliyyatların başlayıb-başlamayacağı ilə bağlı prinsipial qərar vermək məcburiyyətindədir. Bu baxımdan hazırda olduqca taleyüklü bir mərhələnin yaxınlaşdığı qətiyyən şübhə doğurmur”.
Şahanə Ziyad
Sfera.az






