Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir - Putin geri addım atacaq?

ABŞ Konqresinin Nümayəndələr Palatasının Prosedur Komitəsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyərək baxılması üçün aşağı palataya göndərib.
Səsvermə komitənin saytında canlı yayımlanıb. Komitənin 7 üzvü qanun layihəsinin prosedur qaydalarının lehinə, 3 üzvü isə əleyhinə səs verib. Qanunvericilər demokratların təklif etdiyi bir neçə düzəlişi də rədd ediblər.
“Fox News”un məlumatına görə, Nümayəndələr Palatasında qanun layihəsinin müzakirəsinə və prosedur səsverməsinə sentyabrın 15-də başlanılması, sənədin təsdiqlənməsi halında isə sentyabrın 16-da yekun səsvermənin keçirilməsi mümkündür.
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Kənan Novruzov hesab edir ki, təşəbbüs ABŞ siyasi elitasında, o cümlədən Nümayəndələr Palatasında ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb ola bilər.

“Düşünmək olar ki, bu təşəbbüs ABŞ siyasi elitasında, o cümlədən palatada ciddi müzakirələrə səbəb olacaq və fikir ayrılıqları ilə yadda qalacaq. Hətta Prezident Donald Trampın komandasında da bu məsələ ilə bağlı fikir ayrılığının yaranması mümkündür”, – o bildirib.
Politoloqun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar Moskva iqtisadiyyatına müəyyən təsir göstərsə də, onların müharibənin başa çatdırılması baxımından həlledici faktor olduğunu demək çətindir.
“Sanksiyalar Rusiya iqtisadiyyatına təsir etsə də, müharibənin bitməsi üçün həlledici faktor deyil. Əksinə, bəzi hallarda bu məhdudiyyətlər Rusiya daxilində istehsalın güclənməsinə şərait yaradır. Əgər ABŞ-də sözügedən qanun layihəsi təsdiqlənərsə, bu, Rusiya üçün əhəmiyyətli məqam olmayacaq və savaşı bitirməyəcək”, – K.Novruzov vurğulayıb.
O qeyd edib ki, yeni sanksiyalar perspektivdə Moskva ilə Vaşinqton arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb ola bilər.
“Əksinə, perspektivdə Moskva-Vaşinqton münasibətləri kəskinləşə bilər. Bu isə ABŞ-nin müharibəni bitirmək səylərini zəiflədəcək”, – politoloq əlavə edib.
Kənan Novruzovun fikrincə, Ağ Ev müharibənin başa çatdırılmasında maraqlıdırsa, əsas diqqət diplomatik vasitələrə yönəldilməlidir.
“Fikrimcə, Ağ Ev müharibəni bitirmək istəyirsə, daha çox diplomatiyaya üstünlük verməlidir”, – o bildirib.
Firuzə Əliyeva






