Qarabağdan olan deputatlar kimlərdir? - ADLAR
Milli Məclisin deputatı Aqil Abbasın Ağdamda ailəsinə ev verilməməsi ilə bağlı çıxışı işğaldan azad edilmiş ərazilərlə bağlı daha bir məsələni gündəmə gətirib.
Bəs parlamentdə Qarabağ və Şərqi Zəngəzurdan olan, yaxud həmin bölgələri təmsil edən deputatlar kimlərdir?
Sfera.az xəbər verir ki, Aqil Abbas Milli Məclisin oktyabrın 30-da keçirilən iclasında Ağdamda atasından qalan evin yerində yeni binalar tikilməsinə baxmayaraq, ailə üzvlərinə mənzil verilmədiyini bildirib.
Deputatın sözlərinə görə, özü 1970-ci ildən Bakıda yaşayır və Ağdamda qeydiyyatda deyil. Bacı-qardaşlarının da bir qismi müxtəlif səbəblərdən başqa rayonlarda qeydiyyata düşüb. Aqil Abbas doğma yurdu Ağdam olan, lakin qeydiyyatını dəyişdiyi üçün mənzil bölgüsündən kənarda qalan insanların da nəzərə alınmasını istəyib.
Aqil Abbasın bu müraciəti Qarabağ və Şərqi Zəngəzurla bağlılığı olan deputatları da gündəmə gətirib. Hazırda Milli Məclisdə işğaldan azad edilmiş əraziləri əhatə edən seçki dairələrindən seçilmiş 10 deputat var.
Həmin deputatlar bunlardır:
84 saylı Füzuli seçki dairəsindən Vüqar Bayramov;
85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən Aqil Abbas;
118 saylı Ağdam-Xocalı seçki dairəsindən Elman Məmmədov;
119 saylı Ağdam seçki dairəsindən Bəxtiyar Əliyev;
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Ceyhun Məmmədov;
121 saylı Laçın seçki dairəsindən Rövşən Muradov;
122 saylı Xankəndi seçki dairəsindən Tural Gəncəliyev;
123 saylı Kəlbəcər seçki dairəsindən Mircəlil Qasımlı;
124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən Polad Bülbüloğlu;
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən İmamverdi İsmayılov.
Onların hamısı Qarabağ və Şərqi Zəngəzurda doğulmayıb. Bununla belə, deputatların bir qisminin həmin ərazilərlə birbaşa doğum və ailə bağlılığı var.
Belə ki, Vüqar Bayramov Füzuli rayonunun Aşağı Güzlək kəndində, Elman Məmmədov Xocalıda, Bəxtiyar Əliyev Ağdamda, Ceyhun Məmmədov Cəbrayıl rayonunun Şükürbəyli kəndində, Tural Gəncəliyev Şuşada, İmamverdi İsmayılov isə Zəngilanda anadan olub.
İnci
Sfera.az






