Bayramov–Mirzoyan görüşü: Gündəlikdə nə olacaq?

Bayramov–Mirzoyan görüşü: Gündəlikdə nə olacaq?
Kateqoriya məlum deyil
T

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yaxın günlərdə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşəcək. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov 4-cü İqlim Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Sonuncu dəfə Bişkekdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıq və razılıq əldə etdik ki, ikitərəfli görüş keçirək. Yaxın zamanda belə bir görüş baş tuta bilər", - deyə nazir vurğulayıb.

Maraqlıdır, bu görüşdə hansı məsələlərin müzakirə edilməsi imkanı var? Bu görüşdən nələr gözlənilir?

Bu haqda Milli Məclisin deputatı Zahid Oruc Sfera.az-a açıqlama verib. O, bu görüşün Bakı və ya İrəvanda keçirilməsinin məqsədəuyğun olduğunu açıqlayıb:

“Artıq ikitərəfli təmaslar vasitəçilərin və ya moderatorların missiyasının başa çatdığını göstərir. Ermənistan XİN də belə görüş barədə razılığın olduğunu rəsmən təsdiqləyib, lakin hələlik nə tarix, nə də məkan açıqlanıb. Artıq formalaşan birbaşa dialoq kanalı və anlaşma mühitinə uyğun olaraq Bakı və İrəvanda görüşlərin keçirilməsi daha doğru olar. Lakin ən mühümü görüşün siyasi xarakteridir. Artıq tərəflər Ağ Ev Zirvəsində razılaşdırılan yol xəritəsi üzrə hərəkətin növbəti bəndlərini razılaşdırmağa, əldə edilmiş sülhü hansı hüquqi, iqtisadi və regional mexanizmlərlə möhkəmləndirməyə çalışırlar. Son hadisələrin ardıcıllığı bunu xüsusilə aydın göstərir. Avqustun 31-də Bişkekdə İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüşdə 8 avqust 2025-ci il Vaşinqton Zirvəsinin nəticələri, paraflanmış sülh sazişi, TRIPP, sərhədlərin delimitasiyası, ticarət və enerji əməkdaşlığı, eləcə də vətəndaş cəmiyyətləri arasında əlaqələr eyni siyasi gündəlik daxilində müzakirə edildi. Tərəflər Azərbaycan neft məhsullarının Ermənistana ixracını, üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitini və iki ölkə arasında ticarət münasibətlərinin yaranmasını sülhün artıq praktik nəticələri kimi qiymətləndirdilər. Bayramov–Mirzoyan görüşü Prezident və Baş nazir səviyyəsində Bişkekdə müəyyənləşdirilən istiqamətlərin xarici siyasət idarələri səviyyəsində konkretləşdirilməsi kimi də qəbul oluna bilər”.

Deputat görüşdə sərhəd məsələsinin gündəliyin ən real və nəticəli hissələrindən biri olacağını vurğulayıb:

“Ceyhun Bayramovun son açıqlamasına görə, tərəflər delimitasiyanı Azərbaycan-Ermənistan-Gürcüstan sərhədlərinin kəsişdiyi daha mürəkkəb nöqtəsindən başlayaraq şimaldan cənuba aparmaq barədə qarşılıqlı anlaşmaya malikdirlər. Yaşayış məntəqələri ilə bağlı daha konkret məsələlərin isə delimitasiya komissiyalarında həll olunması nəzərdə tutulur. Danışıqlarda yeni detal Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının parlamentdə xarici əlaqələr komitəsinin sədri Sarqis Xandanyanın açıqlamasıdır. O, TRIPP-in tikintisi başlayanda dəmir yolu, neft və qaz xətlərinin keçəcəyi müəyyən sahələrdə delimitasiyanın ümumi şimal-cənub ardıcıllığından kənara çıxaraq daha tez aparılmasını istisna etməyib. Başqa sözlə, sərhəd və kommunikasiya artıq iki ayrı danışıqlar mövzusu kimi aparılmır, biri digərini tamamlayır. TRIPP isə qarşıdakı görüşün ən böyük geoiqtisadi layihəsidir. Qələbəmizin nəticəsidir. Ermənistan və ABŞ layihə üzrə çərçivə sazişini artıq imzalayıblar və sənədin qüvvəyə minməsi üçün daxili prosedurların tamamlanması mərhələsinə keçiblər. Ceyhun Bayramov vurğulayıb ki, əsas danışıqlar ABŞ və Ermənistan arasında getsə də, Vaşinqton Bakını mütəmadi məlumatlandırır, çünki layihənin Azərbaycanın iştirakı olmadan həyata keçirilməsi qeyri-mümkündür. İlham Əliyevin əvvəlki bəyanatlarında Azərbaycanın TRIPP-in reallaşdırılmasında iştirak etməyə hazır olduğunu bildirməsi də nəzərə alınarsa, artıq müzakirə ediləsi məsələlər daha da böyüyür. Dəmir yolunun texniki parametrləri, gömrük və sərhəd prosedurları, təhlükəsizlik, yük rejimi, gələcək enerji xətləri və Azərbaycanın layihədə iqtisadi iştirakının hansı formada qurulması gündəliyin növbəti mərhələsinə çevrilə bilər. Son günlərdə Vaşinqtonun bu xətt üzrə diplomatik fəallığı da artıb. ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili David Allen Dövlət Departamentinin Siyasət Planlaşdırılması üzrə baş müşaviri Con Askonas və digər amerikalı rəsmilərlə birlikdə Mehri və Qafanda TRIPP marşrutu və onun iqtisadi imkanları barədə yerli icmalarla müzakirələr aparıb. Sentyabrın 8-də isə Allen Bakıya gələrək xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb, danışıqlarda Azərbaycan–Ermənistan sülh prosesi, TRIPP-in icrası və marşrutun infrastrukturuna cavabdeh olacaq “TRIPP Development Company”nin yaradılması müzakirə olunub. İntensivlik göstərir ki, ABŞ layihəni yalnız Ermənistan ərazisində tikiləcək 42 kilometrlik xətt kimi görmür, giriş və çıxışı Azərbaycan sərhədlərinə bağlanan qlobal və regional sistem kimi qiymətləndirir. Ona görə Bayramov-Mirzoyan görüşündə TRIPP-in texniki mərhələyə keçidi, Bakı ilə məlumat və qərar koordinasiyası, eləcə də gələcək infrastrukturun iş rejimi ayrıca müzakirə predmeti ola bilər”.

Parlamentari sülh müqaviləsinin tam hüquqi yekunlaşması üçün Ermənistan Konstitusiyası məsələsinin də masada qalacağını bildirib:

“Paşinyan avqustun 24-də yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olmayacağını açıq şəkildə bildirib. Konstitusiyanın qəbulunun referendum tələb etməsi Ermənistanın öz hüquqi sistemindən də irəli gəlir. Lakin erməni siyasi mühitində məsələyə vahid münasibət yoxdur. Hakim partiyanın xarici əlaqələr komitəsinin sədri Xandanyan Bakının Konstitusiyanı sülh müqaviləsinin qarşısındakı “yeganə maneə” kimi təqdim etməsi ilə razılaşmır və prosesi Ermənistanın daxili işi sayır. Deməli, Bayramov-Mirzoyan görüşündə əsas işlərdən biri paraflanmış sənədlə onun yekun imzalanması arasında qalan hüquqi məsafənin necə qısaldılacağını müəyyənləşdirmək olacaq.

Lakin qarşıdakı mərhələdə iqtisadiyyatın siyasəti qabaqlaması ehtimalı daha böyükdür. Azərbaycan və Ermənistan arasında ticarətin başlanması, Azərbaycan neft məhsullarının Ermənistan bazarına çıxması və taxıl tranziti artıq nəzəri mülahizə deyil. Bişkek görüşünün rəsmi məlumatında ticarət əlaqələri “sülhün dividendləri” kimi ayrıca göstərilib. İndi qarşılıqlı iqtisadi münasibətlərin hüquqi rejimi, gömrük prosedurları, logistika, biznes nümayəndələrinin birbaşa əlaqələri, enerji məhsullarının tədarükü və gələcəkdə daha geniş razılaşmaların gəlməsi tam məntiqlidir. Rusiya və İran amili də qarşıdakı Bayramov–Mirzoyan görüşünün görünməyən fonunda qalacaq. Sentyabrın 7-də Vladimir Putinin İlham Əliyevə zənginə dair verilən məlumatlar ticarət-iqtisadi və humanitar əməkdaşlıqdan, əlaqələrin intensivləşdirilməsindən bəhs olunur. Telefon danışıqlarının Bişkek görüşlərindən bir həftə sonra baş verməsi və Rusiyanın Cənubi Qafqazdakı geosiyasi qorxuları – strateji layihələrdən kənarda qalması amili Moskvanın yeni nəqliyyat və təhlükəsizlik arxitekturasını diqqətlə izlədiyini deməyə əsas verir. TRIPP-in reallaşması regional tranzit xəritəsini dəyişir və Vaşinqtonun əvvəllər əsasən Rusiya və İranın təsir dairəsi hesab edilən coğrafiyada iqtisadi-infrastruktur iştirakını artırır. Ona görə Bakı və İrəvanın qarşısında duran məsələlərdən biri sülh prosesini böyük güclərin yeni rəqabət meydanına çevirmədən irəli aparmaqdır.

Ermənistan mediasında son günlərin reaksiyası da maraq kəsb edir. “Armenpress” və “Panorama” Bayramovun görüş anonsunu geniş yayıb, Ermənistan XİN-in sözçüsü Ani Badalyan görüş barədə razılaşmanı təsdiqləyib. Erməni siyasi mühitində hazırda əsas mübahisə danışıqların hansı şərtlərlə yekunlaşacağı ətrafındadır. Hakimiyyət çevrələri Konstitusiya islahatını daxili siyasi transformasiya kimi təqdim etməyə çalışır, eyni zamanda TRIPP-in praktiki icrasını və delimitasiyanı artıq konkret texniki proses kimi müzakirə edirlər. Xandanyanın dəmir yolu, neft və qaz xətlərinin keçəcəyi sahələrdə delimitasiyanın daha tez aparıla biləcəyini deməsi bunun əlamətidir. Köklü dəyişikliklər Ermənistan daxilində də gündəliyin tədricən “Qarabağ münaqişəsi”ndən sərhəd, yol, enerji, ticarət və iqtisadi fayda məsələlərinə keçdiyini göstərir. Ona görə Bayramov–Mirzoyan görüşündən paraflanmış sənəddən sonra yaranan sülh gerçəkliyini möhkəmləndirmək təşkil edəcəyinə inanırıq. Bişkek görüşünün ən mühüm nəticəsi Əliyev və Paşinyanın artıq eyni masada keçmiş müharibənin nəticələrini müzakirə etməməsidir. Əksinə, normal qonşuluq münasibətlərinin necə qurulması, neft məhsulları, taxıl tranziti, biznes əlaqələri, sərhədi, TRIPP-i və vətəndaş cəmiyyətlərinin müzakirə edilməsidir. Prezident İlham Əliyevin sülh liderliyi Vətən müharibəsindən sonra region üçün təhlükəsizlik və rifah gətirir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR