“Ukrayna dövlət və millət kimi artıq mövcud deyil”

Məşhur amerikalı jurnalist Taker Karlson Ukraynadakı vəziyyətlə bağlı sərt fikirlər səsləndirib.
Sfera.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Karlsonun sözlərinə görə, “Ukrayna dövlət və millət kimi artıq mövcud deyil”. Jurnalist iddia edib ki, ABŞ-dən olan siyasətçilər ölkəni faktiki olaraq fəlakətə sürükləyiblər.
O, müharibədə 1 milyondan çox insanın öldüyünü iddia edib və insanların cəbhəyə “qandallanaraq qaçılmaz ölümə” göndərildiyini bildirib.
Karlson vəziyyəti “həqiqətən qaranlıq” adlandırıb. Onun fikrincə, əhali və resurslar baxımından böyük fərq olduğu üçün Ukraynanın Rusiya ilə müharibəni təkbaşına davam etdirməsi mümkün deyil.
Jurnalist hesab edir ki, ABŞ müharibənin davam etməsində mühüm rol oynayır. Onun iddiasına görə, ABŞ xüsusi xidmətləri Kiyevə raket və pilotsuz uçuş aparatları üçün hədəflərin müəyyənləşdirilməsində istifadə olunan məlumatlar təqdim edir.
“ABŞ bu dəstəyi həqiqətən dayandırsaydı, müharibə sabah başa çatardı. Tramp bunu bir telefon zəngi ilə edə bilərdi”, – deyə Karlson bildirib.
O əlavə edib ki, ABŞ Prezidenti xüsusi xidmət orqanlarına Ukraynaya dəstək çərçivəsində iştiraklarını dayandırmaq barədə göstəriş verə bilər və bunun döyüş əməliyyatlarının faktiki olaraq sona çatmasına səbəb olacağını iddia edib.
Karlson həmçinin Rusiyanın istənilən halda Ukraynanın şərqindəki ərazilərin bir hissəsini əldə edəcəyini bildirib.
Onun sözlərinə görə, Kiyev ukraynalıların yeni nəslini cəbhəyə göndərməyi dayandırmalıdır. Jurnalist hətta orta yaşlı kişilərin və Daun sindromlu şəxslərin də müharibəyə göndərildiyini iddia edib.
İnci
Sfera.az






