Fransa-Ermənistan dostluğu güclənir - Makronun Cənubi Qafqaz planı var?

Fransa-Ermənistan dostluğu güclənir - Makronun Cənubi Qafqaz planı var?
Kateqoriya məlum deyil
T

Paşinyan və Makronun Parisdə keçirilən görüşündə Ermənistan-Fransa münasibətlərinin inkişafı ilə yanaşı, regional proseslər və sülhün möhkəmləndirilməsi məsələləri də müzakirə olunub.

Fransa son dövrlərdə Ermənistanla siyasi və strateji əlaqələrini daha da gücləndirməyə çalışır.

Makron-Paşinyan görüşündə regional proseslərin müzakirə olunması Fransanın Cənubi Qafqazda rolunu artırmaq cəhdi kimi qiymətləndirilə bilərmi? Fransa Ermənistanla münasibətlərini dərinləşdirməklə regionda hansı siyasi məqsədləri güdür və bu yanaşma Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Nikol Paşinyanın Makronla Parisdə müzakirə etdiyi məsələlər, təbii ki, bizi maraqlandırır:

"Nəzərə almaq lazımdır ki, Fransa hər zaman Ermənistana açıq dəstək verən ölkələrdəndir. Hazırda Fransa faktiki olaraq Ermənistanın əsas tərəfdaşı statusunda çıxış edən bir neçə ölkədən biridir və Ermənistanla strateji tərəfdaşlıq münasibətləri digər istiqamətlərlə bərabər son illər hərbi-texniki sahədə ciddi əlaqələr qurulub. Bu minvalda Fransa Ermənistanı silahlandıran və onun ordusunun yenidən qurulmasında fəal iştirak edən dövlətlərdən hesab olunur və bəlkə də bu məsələdə birinci sırada dayanır. Fransanın məqsədi, şübhəsiz ki, ilk növbədə özünün maraqlarını təmin etmək və Ermənistan vasitəsilə Cənubi Qafqazda yerləşərək möhkəmlənmək və regionda rol sahibi olmaq istəyidir".

Politoloq qeyd edib ki, Fransanın Ermənistanla münasibətlərinin dərinləşməsi və proseslərə müdaxiləsini biz son onilliklərdə, xüsusilə də 2020-ci ilin 44 günlük savaşından sonra gördük:

"Fransa faktiki olaraq bölgədə prosesləri bloklamağa çalışan ölkələrdən biridir. Amma hazırda yeni reallıqlar yaranıb. Rəsmi Paris Azərbaycanın yaratdığı reallıqları qəbul edir artıq. Keçən il 8 avqustda Vaşinqtonda imzalanan razılaşmalar sülh prosesi üçün geniş imkanlar və perspektivlər açır. O baxımdan düşünürəm ki, Fransanın Ermənistanla münasibətlərinin dərinləşməsi sülh prosesinə ciddi şəkildə əngəl ola bilməz. Çünki Amerika Birləşmiş Ştatları da Ermənistandadır və Ermənistanla birlikdə Zəngəzur dəhlizi, yəni TRİPP layihəsində əməkdaşlıq edir. Amerika Birləşmiş Ştatları Ermənistana ciddi investisiyalar yatırır – Fransadan fərqli olaraq. O baxımdan burada Fransadan daha çox Amerika Birləşmiş Ştatlarının roluna diqqət etmək lazımdır. ABŞ-də hazırkı administrasiya əvvəlkindən fərqli olaraq hər iki tərəflə münasibətləri inkişaf etdirməklə regionda öz rolunu artırmağa çalışır. Yəni bu daha önəmli faktordur. Bu mənada Fransayla Ermənistanın münasibətlərinin dərinləşməsi əlbəttə bizim üçün müəyyən hansısa bir əngəl, yaxud maraqlarımıza uyğun olmayan bir situasiya yarada bilər, amma bu ciddi bir faktora çevrilə bilməz, düşünürəm".

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR