Tramp israrlıdır: Seçkilərədək Rusiya-Ukrayna sülhü gerçəkləşəcək?

ABŞ xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevdə keçirdiyi görüşlərdən sonra Ukrayna tərəfinə yeni sülh təkliflərinin təqdim edildiyi bildirilib.
Ukrayna Ali Radasının deputatı Anna Skoroxod isə bu təkliflərin əvvəlkilərdən daha ağır olduğunu, hətta Konstitusiyaya dəyişiklik və Rusiyanın nəzarətində olan ərazilərin tanınması kimi tələblərin gündəmə gəldiyini iddia edib. Bununla yanaşı, ABŞ nümayəndələri danışıqlarda irəliləyiş olduğunu bildirir və üçtərəfli Rusiya-Ukrayna-ABŞ formatının bərpasına ümid etdiklərini açıqlayıblar.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Cavanşir Abbaslı bildirib ki, ABŞ-də keçiriləcək seçkilər ərəfəsində Vaşinqtonun sülh cəhdləri daha çox daxili siyasi maraqlara xidmət edir:

“İran üzərində qalib gələ bilməyən Donald Tramp 3 noyabr seçkilərinə hazırlaşır. 3 noyabrda Amerikada aralıq seçkilər keçiriləcək və bu proses Tramp hakimiyyəti üçün çox önəmlidir. Hazırkı vəziyyətdə Ağ Ev sahibinin bu seçkilərdə demokratlara uduza biləcəyi ilə bağlı ehtimallar var. Bu isə gələcəkdə onun prezidentlik kürsüsünü də ciddi şəkildə laxalda bilər. Ona görə də Tramp imitasiya xarakterli addımlarının sayını daha da artırıb. O hesab edir ki, Ukrayna cəbhəsində hər hansı bir sülhə onun və ölkəsinin vasitəçiliyi ilə nail olunsa, bu, birbaşa seçkilərdə reytinqini artıra və qalib gəlməsinə səbəb ola bilər. Məhz bu səbəbdən 3 noyabra qədər müharibədə hər hansı bir dönüş yaratmağa çalışır”.
Ekspertin sözlərinə görə, cəbhədəki mövcud reallıqlar tərəflərin güzəştə getməyəcəyini göstərir:
“Əslində, onun emissarlarının səfərlərindən hər hansı bir nəticənin əldə olunmayacağı əvvəlcədən gözlənilirdi. Çünki hazırda Ukrayna cəbhəsində elə bir durum yaranıb ki, tərəflərdən heç biri geri çəkilmək fikrində deyil. Əksinə, bir-birlərinə qarşı endirdikləri zərbələrin sayını artırıblar. Belə bir durumda isə müharibənin bitməsindən söhbət gedə bilməz. İndiyə qədər bir neçə dəfə oxşar sülh paketləri təqdim edilsə də, heç bir nəticəsi olmayıb. Rusiyanın əsas tələbi işğal etdiyi ərazilərin onun nəzarətində qalması şərtilə sülhün əldə olunmasıdır. Bu isə Ukrayna üçün, sözün əsl mənasında, "bitiş" deməkdir. Təkcə Donbasla bağlı son günlərdə gedən müzakirələrin sayı artıb və məlumdur ki, bu ərazinin 75 faizinə Rusiya nəzarət edir. Belə strateji bölgənin tamamilə Rusiyaya, yaxud işğal olunmuş hissələrinin onda qalmasına razı olmaq Zelenski hakimiyyətinin sonunu gətirə bilər. Zatən Zelenski hakimiyyəti daxilində ona qarşı çıxanların sayı hər gün artır. Belə bir güzəşt isə narazıların sayını daha da artırar və təxirə salınan prezident seçkilərində Zelenskinin uduzması ilə nəticələnə bilər”.
C.Abbaslı müharibənin yaxın zamanlarda yekunlaşmasının real görünmədiyini də açıqlayıb:
“Bir ildən sonar da bu savaş davam edəcək. Proses illərlə uzana bilər. Çünki bir tərəfdə Ukraynanın tamamilə məğlubiyyətini istəməyən Qərb dünyası, digər tərəfdə isə məğlubiyyəti həzm etməyən və tam qələbəyə qərarlı olan Putin dayanır. Mən bu prosesin bitişi ilə bağlı nikbin deyiləm. Düşünürəm ki, sonda hər hansı bir atəşkəs əldə olunarsa, bu, cüzi üstünlüklə də olsa, Rusiyanın xeyrinə, Ukraynanın isə məğlubiyyəti ilə nəticələnəcək”.
Bəsti Rəfizadə





