Daimi yorğunluqdan qurtulmağın 3 sadə yolu AÇIQLANDI
Daim yorğunluqdan qurtulmağın 3 sadə yolu var.
Sfera.az xəbər verir ki, terapevt Fuonq Vo daimi yorğunluqdan xilas olmaq və gün ərzində enerji səviyyəsini artırmaq üçün bir neçə sadə üsul tövsiyə edib.
Həkimin sözlərinə görə, ilk növbədə qidalanmaya diqqət yetirmək lazımdır. Zülal, lif və faydalı yağlarla zəngin qidalara üstünlük vermək, şəkər qəbulunu isə azaltmaq tövsiyə olunur. Onun fikrincə, bu dəyişiklik günün ikinci yarısında enerji səviyyəsinin yüksəlməsinə kömək edə bilər.
Terapevt yorğunluqla mübarizədə fiziki aktivliyin də əhəmiyyətini vurğulayıb. O, yeməkdən sonra 10-15 dəqiqəlik qısa gəzintilər etməyi məsləhət görüb. Bu, qanda qlükoza səviyyəsinin tənzimlənməsinə və orqanizmin enerji mübadiləsinə müsbət təsir göstərə bilər.
Digər vacib məqam isə yuxu rejiminə əməl etməkdir. Həkim hər gün eyni saatlarda yatıb-oyanmağı, yatmazdan ən azı üç saat əvvəl yemək qəbulunu dayandırmağı tövsiyə edib. Onun sözlərinə görə, bir neçə həftə ərzində sabit rejimə riayət etmək enerji səviyyəsinin yaxşılaşmasına kömək edə bilər.
Qeyd edək ki, davamlı yorğunluq yalnız həyat tərzi ilə bağlı olmaya bilər. Həkim İrina Nalimovanın sözlərinə görə, qalxanabənzər vəzinin fəaliyyətində pozuntular, dəmir və vitamin çatışmazlığı da halsızlığa səbəb ola bilər. Yorğunluq uzun müddət davam edərsə, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək vacibdir.
Fatimə
Sfera.az






