Ağciyər xərçənginin gözardı edilən əlamətləri açıqlandı
Ağciyər xərçəngi bəzən ilk mərhələdə diqqətdən kənarda qala bilən əlamətlərlə özünü göstərir.
Sfera.az xəbər verir ki, onkoloq İrji Kubeş "Mirror" nəşrinə açıqlamasında xəstəliyin az nəzərə çarpan simptomlarını sadalayıb.
Həkimin sözlərinə görə, nəfəs alarkən və ya öskürərkən güclənən, davamlı sinə və ya çiyin ağrısı ağciyər xərçənginin əlamətlərindən biri ola bilər. Qidalanma və fiziki aktivlik dəyişmədiyi halda səbəbsiz çəki itkisi, uzunmüddətli yorğunluq və iştahasızlıq da diqqətdən kənarda qalmamalıdır.
Daha çox rast gəlinən əlamətlərə isə keçməyən öskürək, qanlı bəlğəm, ciddi fiziki yük olmadan belə nəfəs darlığı və təkrarlanan tənəffüs yolu infeksiyaları daxildir.
Onkoloq vurğulayıb ki, ağciyər xərçəngi yalnız siqaret çəkənlərdə yaranmır. Siqaret əsas risk amillərindən biri olsa da, siqaret çəkməyən şəxslər də şübhəli simptomları görməzdən gəlməməlidirlər.
Bu əlamətlər müxtəlif xəstəliklərlə də əlaqəli ola bilər və onların olması mütləq xərçəng demək deyil. Lakin simptomlar davam edərsə və ya güclənərsə, həkimə müraciət etmək vacibdir.
Fatimə
Sfera.az






