Logo

Süd vəzi xərçəngini yaradan əsas səbəblər bunlardır - HƏKİMDƏN XƏBƏRDALIQ

Süd vəzi xərçəngini yaradan əsas səbəblər bunlardır - HƏKİMDƏN XƏBƏRDALIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2025-ci ildə süd vəzi xərçəngi diaqnozu qoyulan 2933 nəfərdən 707-də xəstəlik profilaktik müayinələr zamanı aşkarlanıb.

Azərbaycanda ümumilikdə 18515 qadın onkoloji xəstə kimi qeydiyyatda olub. Onkoloji xəstəliklərin hansı mərhələdə aşkarlanması müalicə nəticələrə təsir edə bilər.

Qadınlar şübhəli əlamətləri hiss etdikdə hansı addımları atmalıdır? Həkimə müraciəti gecikdirməmək üçün nələri bilməlidirlər?

Bu barədə Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Musiyebov Sfera.az-a açıqlama verib. O, qadınlar arasında süd vəzi xərçənginin xüsusi yer tutduğunu açıqlayıb:

Süd vəzi xərçəngini yaradan əsas səbəblər bunlardır - HƏKİMDƏN XƏBƏRDALIQ

“Bunun bir sıra səbəbləri mövcuddur. Birincisi, son zamanlar qadınlar arasında alkoqoldan və tütün məmulatlarından geniş istifadə olunmasıdır ki, bu da xəstəliyin ən başlıca yaranma səbəblərindən biri hesab edilir. İkinci yerdə genetik faktorlar dayanır. Digər əsas amillərdən biri isə stress faktorudur. Son dövrlərdə Azərbaycanda da bütün dünyada olduğu kimi qadınlarımızın daha gec yaşlarda ailə qurması müşahidə olunur. Bu da hormonal balansın pozulmasına gətirib çıxaran əsas səbəblərdən biridir”.

Onkoloq əvvəllər süd vəzi xərçənginə daha çox inkişaf etmiş ölkələrdə rast gəlindiyini, lakin artıq Azərbaycanda da bu halın geniş yayıldığını vurğulayıb:

“Ölkəmizdə qadınların gec ailə qurması, evləndikdən sonra uşaq sayının az olması və çox təəssüf ki, bəzi anaların süd vəzilərinin formasını qorumaq məqsədi ilə uşaqlarını ana südü ilə qidalandırmaqdan imtina etməsi əsas problemlərdəndir. Lakin onlar bunun uşağın sağlamlığı, immun sistemi və eləcə də ananın özü üçün nə qədər həyati əhəmiyyət daşıdığını düşünmürlər. Hər zaman vurğulayırıq ki, ilk sıralarda məhz körpəni ana südü ilə qidalandırmaq durur. Digər bir səbəb isə travmalardır. Qadınlarımızın bədən quruluşunu estetik göstərmək üçün dar büstqalterlərdən istifadə etməsi çox zərərlidir. Məlumdur ki, travmalar onkoloji xəstəliklərin yaranma səbəblərindən biridir və dar büstqalterlərin istifadəsi də məhz süd vəzi xərçəngini yaradan əsas amillərdəndir. Buna görə də xanımlara bu məsələdə diqqətli olmaları tövsiyə edilir.

Apardığımız statistikalar göstərir ki, artıq Azərbaycan əhalisinin təxminən 10%-i artıq çəkidən əziyyət çəkir. Artıq çəki süd vəzi xərçəngi ilə yanaşı, mədə, qida borusu və bağırsaq xərçənglərinin də yaranmasında əsas rol oynayır. Məhz buna görə də hər zaman qadınlarımıza çəkilərinə diqqət etməyi məsləhət görürük”.

F.Museyibov xəstəliyin qarşısını öncədən almaq üçün nə etmək lazım olduğunu açıqlayıb:

“Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 30 yaşdan sonra ildə bir dəfə süd vəzilərinin ultrasəs müayinəsindən (USM) və mammoqrafiyadan keçmək məsləhətdir. Əgər xəstəlik ilkin mərhələdə (birinci və ya ikinci mərhələdə) aşkar olunarsa, tam 100% sağalma şansı mövcuddur. Məhz buna görə də "erkən diaqnoz can qurtarır" deyirik.

Qadınlar ev şəraitində də özləri müayinə edə bilərlər. Güzgü qarşısında hər iki süd vəzini yoxlamaq lazımdır. Əgər ələ hər hansı şübhəli düyün dəyərsə, yaxud döş giləsindən qanlı və ya digər axıntılar gələrsə, həmçinin gilənin içəri batması halı müşahidə olunarsa, heç düşünmədən dərhal onkoloqa müraciət edilməlidir. Çünki bunlar ilkin əlamətlərdir. Çox təəssüf ki, qadınlarımız adətən yalnız ağrı hiss etdikdə həkimə müraciət edirlər. Lakin ağrı hissinin yaranması artıq onkoloji xəstəliyin üçüncü və ya dördüncü mərhələdə olmasının göstəricisidir. Buna görə də ağrı olub-olmamasından asılı olmayaraq, 30 yaşdan sonra hər bir qadın mütləq şəkildə ildə bir-iki dəfə həkim müayinəsindən keçməlidir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR