Azərbaycanda insana həyat verən meyitlər – Proses belə aparılır

Azərbaycanda insana həyat verən meyitlər – Proses belə aparılır
Kateqoriya məlum deyil
T

Azərbaycanda meyitdən üç nəfərə ürək köçürüldüyü açıqlanıb. Bu statistika ürək transplantasiyası prosesinin necə həyata keçirildiyini gündəmə gətirib.

Ümumiyyətlə, vəfat etmiş hər bir şəxsdən ürək götürülə bilərmi? Kimlər ürək donoru ola bilər? Meyitdən ürək köçürülməsi nə qədər effektivdir?

Sfera.az bildirir ki, globalinfo.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov deyib ki, Azərbaycanda meyit donorlarından ürək transplantasiyalarının uğurla həyata keçirilməsi səhiyyəmiz üçün çox mühüm hadisədir:

“Bu, həm tibbin imkanlarının genişlənməsi, həm də insanların bir-birinə həyat bəxş etmək düşüncəsinin formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Ürək transplantasiyasında donor dedikdə, adətən beyin ölümü təsdiqlənmiş, lakin ürək fəaliyyəti süni tənəffüs və intensiv terapiya vasitəsilə qorunan şəxs nəzərdə tutulur. Azərbaycanda beyin ölümü və ya bioloji ölümü təsdiqlənmiş şəxs qanunvericiliyə uyğun olaraq donor ola bilər. Ürəyin transplantasiya üçün yararlı olub-olmaması isə ayrıca tibbi qiymətləndirilir”.

R.Mahmudov bildirib ki, transplantasiyadan öncə ürəyin funksiyası, donorun keçirdiyi xəstəliklər, infeksiyaların olub-olmaması və donorla xəstə arasındakı uyğunluq nəzərə alınır:

“Ancaq bu gün Dünya Ürək Günündə başqa bir məqamı da xüsusilə vurğulamaq lazımdır. Müasir tibb xəstələnmiş ürəyi başqa ürəklə əvəz edə biləcək səviyyəyə çatıb. Bizim əsas məqsədimiz insanların öz ürəklərini xəstələnmədən qorumaq olmalıdır. Ürək sağlamlığı xəstəxanadan başlamır. Uşaqlıqdan düzgün qidalanmaq, hərəkətli həyat sürmək, normal çəkini qorumaq, tütündən uzaq olmaq, arterial təzyiqə, qan şəkərinə və xolesterinə vaxtında nəzarət etmək gələcəkdə ürək-damar xəstəliklərinin böyük bir hissəsinin qarşısını almağa imkan verir”.

Sağlam həyat tərzi minlərlə insanın öz ürəyi ilə daha uzun yaşamasına imkan yarada bilər. Dünya Ürək Günündə ən vacib çağırışımız budur: ürəyimizi yalnız xəstələnəndə deyil, sağlam ikən qoruyaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR