ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tütün və tütün məhsullarından istifadənin insanın ömrünün hər hansı bir mərhələsində sonsuzluğa səbəb ola biləcəyini bəyan edib. Qurum 2000–2026-cı illəri əhatə edən və tütünün qadın ilə kişilərin reproduktiv sağlamlığına təsirini araşdıran yenilənmiş hesabatını yayımlayıb.
Sfera.az xəbər verir ki, hesabatla bağlı yayımlanan mətbuat relizi "Tütündən istifadə etmək uşaq sahibi olmaq şansınızı azalda bilər" başlığı altında təqdim olunub.
Sənəddə tütün çəkən qadınlarda sonsuzluq riskinin çəkməyənlərlə müqayisədə 40 faiz daha yüksək ola biləcəyi qeyd edilib. Eyni zamanda passiv tütün tüstüsünə məruz qalmağın da doğuş qabiliyyətinə mənfi təsir göstərdiyi və bu təhlükənin siqaret çəkməyən şəxslərə də şamil olunduğu diqqətə çatdırılıb.
Zərərli vərdişdən imtina etməyin yaratdığı müsbət dəyişikliklərə toxunulan hesabatda bildirilib ki, keçmişdə siqaret çəkən qadınlarda sonsuzluq riski hal-hazırda istifadə edənlərlə müqayisədə 25 faiz daha aşağıdır.
Bundan əlavə, siqaret çəkən kişilərdə cinsi funksiya pozuntularının daha çox yaşana biləcəyi və tütün istifadəsinin sonsuzluq müalicəsinin uğur faizini aşağı saldığı vurğulanıb. ÜST elektron siqaret, tüstüsüz tütün, qəlyan və digər tütün məhsullarının insan sağlamlığına təsirləri haqqında daha çox elmi araşdırmanın aparılmasına ehtiyac olduğunu bildirib.
Mənsumə






