ÜST: Tütün sonsuzluq yaradır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında tütün istifadəsinin insan həyatının müxtəlif mərhələlərində sonsuzluq riskini artıra biləcəyi bildirilib.
Sfera.az xəbər verir ki, bu barədə ÜST 2000-2026-cı illəri əhatə edən və tütün istifadəsinin qadın və kişi reproduktiv sağlamlığına təsirini araşdıran aktual hesabatını yayımlayıb. Hesabatla bağlı açıqlamada “Tütün istifadəsi uşaq sahibi olmaq şansınızı azalda bilər” başlığından istifadə olunub. Məlumata görə, tütün istifadə edən qadınlarda sonsuzluq riski siqaret çəkməyənlərlə müqayisədə 40 faizə qədər daha yüksək ola bilər. Həmçinin passiv siqaret tüstüsünə məruz qalmanın da reproduktiv sağlamlığa təsir göstərə biləcəyi qeyd olunub. Bu isə siqaret çəkməyən insanların da risklə üzləşə biləcəyini göstərib.
ÜST siqareti tərgitməyin tütün istifadəsinin yaratdığı zərərlərin azalmasına kömək edə biləcəyini vurğulayıb. Hesabatda əvvəllər siqaret çəkmiş qadınlarda sonsuzluq riskinin hazırda siqaret çəkən qadınlarla müqayisədə 25 faiz daha aşağı olduğu bildirilib. Kişilərlə bağlı isə qeyd olunub ki, siqaret çəkənlərdə cinsi funksiya ilə bağlı problemlərə daha çox rast gəlinə bilər. Bundan başqa, tütün istifadəsi sonsuzluğun müalicəsində tətbiq olunan üsulların uğur ehtimalını da azalda bilər. ÜST elektron siqaret, tüstüsüz tütün, qəlyan və digər tütün məhsullarının reproduktiv sağlamlığa təsiri ilə bağlı isə daha çox elmi araşdırmaya ehtiyac olduğunu bildirib.
Bəsti Rəfizadə






