Payız gəldi, xəstəliklər artdı - Bu dövrdə necə qorunmalıyıq?

Payızın gəlişi ilə havaların soyuması, temperatur dəyişiklikləri və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi müxtəlif mövsümi xəstəliklərin yayılmasını gücləndirib. Xüsusilə soyuqdəymə, qrip və digər respirator infeksiyalara yoluxma halları bu dövrdə daha da artır.
Bəs payız mövsümündə xəstəliklərdən qorunmaq üçün əvvəlcədən hansı tədbirləri görmək lazımdır? İmmuniteti gücləndirmək üçün qidalanmada nələrə üstünlük verilməlidir?
Bu haqda Sfera.az-a açıqlama verən həkim-terapevt Zakir Quliyev bildirib ki, payızda xəstəliklərdən qorunmağın ən təsirli yolu “immuniteti sürətlə artıran” preparatlar deyil, gündəlik qoruyucu vərdişlərdir:
“Qrip peyvəndini mövsüm başlamazdan əvvəl, yaşa və sağlamlıq vəziyyətinə uyğun digər peyvəndləri isə həkim məsləhəti ilə etdirmək, əlləri müntəzəm yumaq, gözə, buruna və ağıza toxunmamaq, öskürərkən ağız-burnu salfet və ya dirsəklə örtmək, otaqları tez-tez havalandırmaq, insanların sıx olduğu qapalı məkanlarda yoluxma artdığı dövrlərdə maskadan istifadə etmək və xəstələndikdə evdə qalmaq yoluxma riskini azaldır. Ümumdünya Səhiyyə Təşkilatına görə, qripdən qorunmanın ən yaxşı üsulu hər il peyvənd olunmaqdır. Bu, xüsusilə hamilələr, azyaşlı uşaqlar, yaşlılar, xroniki xəstəliyi və immun sistemi zəif olan şəxslər üçün əhəmiyyətlidir. İmmunitet sisteminin normal fəaliyyəti üçün kifayət qədər yuxu, müntəzəm fiziki hərəkət, stressin idarə edilməsi, siqaretdən uzaq durmaq və balanslı qidalanmaq vacibdir”.

Terapevt gün ərzində insanların xüsusilə hansı qidalara üstünlük verməli olduqlarını açıqlayıb:
“Menyuda hər gün müxtəlif rəngli tərəvəz və meyvələrə, xüsusən sitrus meyvələri, kivi, bibər, pomidor, brokoli və göyərtiyə, zülal mənbəyi kimi balıq, yumurta, yağsız ət, süd məhsulları, paxlalılar və çərəzlərə, həmçinin tam taxıllara üstünlük verilməlidir. Kifayət qədər su içmək də vacibdir, lakin hər hansı bir məhsul və ya “möcüzəvi” qarışıq infeksiyadan tam qoruma təmin etmir. Sağlam və müxtəlif qidalanan insanın qabaqcadan vitamin-mineral preparatları qəbul etməsinə adətən ehtiyac olmur. Məsələn, C vitamini əlavələri əksər insanlarda soyuqdəymənin qarşısını almır; müntəzəm qəbul xəstəliyin müddətini yalnız bir qədər qısalda bilər, simptomlar başladıqdan sonra qəbulun isə nəzərəçarpan faydası göstərilməyib. D vitamini, dəmir, B12 və digər əlavələr yalnız çatışmazlıq analizlə təsdiqləndikdə, qidalanma məhdud olduqda və ya həkimin müəyyən etdiyi risk mövcud olduqda qəbul edilməlidir. Özbaşına yüksək dozalar mədə-bağırsaq narahatlığına, orqan zədələnməsinə və dərmanlarla qarşılıqlı təsirə səbəb ola bilər. Nəfəs darlığı, sinə ağrısı, davamlı yüksək hərarət, güclü halsızlıq və ya vəziyyətin sürətlə ağırlaşması olarsa, xüsusilə risk qrupunda olan şəxslər gecikmədən həkimə müraciət etməlidirlər”.
Bəsti Rəfizadə





