İran raketlərini Avropaya yönəldib?
İran raketlərinin Avropa və Ukrayna istiqamətində hərəkət trayektoriyalarını əks etdirdiyi iddia olunan görüntü sosial şəbəkələrdə yayılıb.
Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi görüntünün saxta olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, görüntünün İranın IRINN telekanalının efiri zamanı çəkildiyi iddia olunur.
Yayılan xəritədə Ukraynanın Kiyev, Lvov və Odessa şəhərləri, eləcə də Polşanın Jeşuv yaşayış məntəqəsi ehtimal olunan hədəflər kimi göstərilib. Lvov şəhərinin yaxınlığında partlayış simvolunun yerləşdirilməsi də diqqət çəkib.
Xəritədə İran raketlərinin “amerikalı imperialistləri və onların müttəfiqlərini məhv etmək” məqsədilə Avropaya çata biləcəyi qeyd olunub.
Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirib ki, yayılan kadrlar rəqəmsal saxtakarlıqdır. Qurumun məlumatına görə, telekanalın orijinal efirində tamamilə fərqli görüntülər nümayiş etdirilib.
Qeyd edək ki, oktyabrın 26-da İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ölkə sərhədləri yaxınlığındakı vəziyyətin izlənildiyini bildirmişdi. O, qonşu dövlətlərdə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının yerləşdirilməsi ilə bağlı məlumatlara münasibət bildirərək, yaranan təhdidlərin aradan qaldırılacağını vurğulamışdı.
Həmin vaxt mediada Ukraynanın İranla həmsərhəd ölkələrdə, o cümlədən İraq Kürdüstanında minlərlə dron yerləşdirdiyi barədə məlumatlar yayılmışdı.
Fatimə






