Ermənistanın Aİ-yə üzvlüyü hansı mərhələlərdən keçməlidir? - Politoloqdan RƏY
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük perspektivi yenidən gündəmə gəlib.
Baş nazir Nikol Paşinyan Brüsseldə keçirilən “Avropanın gələcəyi” sammitində ölkəsinin gələn il Aİ-yə üzvlük üçün rəsmi müraciət edə biləcəyini açıqlayıb. Lakin bu proses təkcə siyasi qərardan asılı deyil.
Namizəd statusunun alınması, genişmiqyaslı islahatların həyata keçirilməsi və üzv dövlətlərin razılığının əldə olunması uzunmüddətli proses tələb edir.
Bəs Ermənistanın Aİ-yə üzvlüyü hansı mərhələlərdən keçməlidir? İrəvan bu tələbləri nə qədər müddətdə yerinə yetirə və təşkilata tamhüquqlu üzv ola bilər?
Politoloq Xəyal Bəşirov Sfera.az-a açıqlamasında deyib ki, Ermənistanın altında atdığı son addımlar bunu açıq şəkildə göstərir:

“Ermənistanın Nikol Paşinyanın rəhbərliyi altında atdığı son addımlar bunu açıq şəkildə göstərir. Ermənistanın Rusiya ilə münasibətlərin gərginləşməsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi təşkilatlardakı fəaliyyətini faktiki olaraq boykot etməsinin əsas səbəbi Avropanın rəğbətini qazanmaq və ölkəsində Avropayönümlü siyasət yürütmək niyyətini nümayiş etdirməkdir. Artıq bunu açıq şəkildə bəyan edirlər. Əvvəllər isə belə mövqe sərgiləmirdilər. Çünki Rusiyanın Ermənistandakı mövqeyi daha güclü idi. Hazırda da Rusiyanın bu ölkədə müxtəlif istiqamətlər üzrə təsiri güclüdür. Lakin əvvəlki səviyyədə olmadığı üçün Nikol Paşinyan və komandası öz mövqelərini açıq şəkildə ifadə edirlər”.
Politoloq qeyd edib ki, Avropa İttifaqına üzv ola bilməyən bir neçə ölkə nümunələri var:
“Ermənistan Avropa İttifaqına üzv olmaq üçün ilkin mərhələdə viza liberallaşdırılması siyasətinin həyata keçirilməsi istiqamətində addımlar atır. Amma nəzərə almaq lazımdır ki, Avropa İttifaqına qəbul olunmaq sadəcə istəklə bağlı məsələ deyil. Bu, kifayət qədər mürəkkəb, çətin və uzunmüddətli prosesdir. Buna nümunə olaraq Türkiyəni göstərə bilərik. Türkiyə uzun illərdir ki, Avropa İttifaqına üzv olmaq üçün səylər göstərir. Düzdür, burada siyasi yanaşma da mövcuddur. Bəziləri bunu Avropa İttifaqının “xristian klubu” kimi fəaliyyət göstərməsi ilə əlaqələndirirlər. Lakin Gürcüstana münasibətdə də oxşar proseslərin şahidi olmuşuq. Mixeil Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra viza liberallaşdırılması və bir sıra qarşılıqlı addımlar atılıb. Bununla belə, uzun illər keçməsinə baxmayaraq, Gürcüstan hələ də Avropa İttifaqına üzv ola bilməyib. Hətta sonradan münasibətlərin gərginləşməsinin də şahidi olmuşuq. Düşünürəm ki, Ermənistanla bağlı da oxşar vəziyyət yarana bilər. Nikol Paşinyan 2027-2028-ci illərdə üzvlüklə bağlı müraciət edəcəklərini bildirir. Nikol Paşinyan mümkün olsaydı, elə bu gün müraciət edər və məsələnin maksimum qısa müddətdə həll olunmasına çalışardı. Amma bilir ki, hazırda müraciət edilməsi hər hansı nəticə verməyəcək. Buna görə də ilkin mərhələdə niyyətlərini bəyan edir. Onlar 2027-2028-ci illərdə üzvlük üçün müraciət etməyi, 2029-cu ilə qədər isə viza liberallaşdırılması prosesini yekunlaşdırmağı nəzərdə tuturlar. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın hakimiyyəti də 2031-ci ilə qədərdir. Yəni təxminən onun hakimiyyətinin sonuna qədər üzvlüklə bağlı müraciət və viza liberallaşdırılması prosesi reallaşa bilər”.
O, Avropa İttifaqına üzvlüyün kifayət qədər mürəkkəb məsələ olduğunu vurğulayıb:
“Avropa İttifaqına üzvlüyə qəbul məsələsinə gəldikdə isə burada kifayət qədər mürəkkəb prosedurlar mövcuddur. Avropa İttifaqı haqqında müqavilənin 49-cu maddəsinə əsasən, üzvlüklə bağlı qərar yekdilliklə qəbul olunmalıdır. Yəni əksəriyyəti bu prosesə razılıq verməlidirlər. Tam üzvlüyə qəbul üçün isə Avropa Parlamentinin razılığı alınmalı, eyni zamanda üzvlük müqaviləsi Avropa İttifaqının bütün üzv dövlətləri tərəfindən onların konstitusion prosedurlarına uyğun olaraq ratifikasiya edilməlidir. Eyni zamanda, Ermənistanın Rusiyadan iqtisadi, enerji və digər sahələrdə asılılığı məsələsi aradan qaldırılmalıdır. 30-dan artıq istiqamət mövcuddur ki, Ermənistan həmin sahələrdə Avropa İttifaqının tələblərinə uyğun siyasət yürütməyə hazır olduğunu sübut etməlidir. Bunun üçün Ermənistanın iqtisadiyyatı da müvafiq tələblərə uyğunlaşdırılmalıdır.
Ermənistan müstəqil iqtisadiyyat qurmalıdır. Azərbaycanla sülh sazişi imzalamadan, sərhədlərin açılması reallaşmadan müstəqil iqtisadiyyat real görünmür. Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan sərhəddi bağlıdır. Avropa Birliyi tərəfində İrana münasibət bəllidir. İranla sərhəddin açıb olub-olmaması Avropa üçün o qədər də önəmli olmayacaq. Gürcüstanla sərhədlərin bu istiqamətdə istifadəsi də Ermənistana müsbət töhfə verə bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan Gürcüstan üzərindən Avropaya çıxış əldə edə bilir. Lakin indiki mərhələdə Gürcüstanın Avropa ilə münasibətlərinin gərgin olması da buna mane olan amillərdən biridir. Bu baxımdan, düşünürəm ki, hazırkı şəraitdə proses o qədər də real görünmür”.
“Qısa müddətdə Ermənistanın nəinki Avropa İttifaqına üzv olacağı, hətta namizəd statusu alacağı belə şübhəli görünür. Çünki Ermənistanın bu istiqamətdə atmalı olduğu kifayət qədər addım var. Ermənistanın konstitusiyasını tamamilə dəyişdirmək niyyətinin də daha çox bu amillərlə bağlı olduğunu düşünürəm. Gözləniləndir ki, Ermənistanın konstitusiyasına ölkənin Avropayönümlü siyasət yürüdəcəyinə dair müddəalar da əlavə olunsun. Təbii ki, Rusiyanın buna münasibəti də prosesə təsirsiz ötüşməyəcək. Lakin zaman keçdikcə bu prosesin nəticələrini görəcəyik”, – deyə politoloq fikirlərini tamamlayıb.
Şahanə Ziyad
Sfera.az






