Türk azarkeşlərlə Gürcüstan polisi arasında qarşıdurma: Münasibətlər gərginləşəcək?
Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında Gürcüstanın Batumi şəhərində keçirilən basketbol qarşılaşmasında türk azarkeşlərlə polis arasında qarşıdurma yaşanıb.
Türkiyə mediası polisin azarkeşlərin Fələstinə dəstək nümayiş etdirməsindən sonra müdaxilə etdiyini bildirib. Hadisə nəticəsində xəsarət alanlar olub, 16 nəfər saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyi isə insidentin Fələstin bayraqlarının açılması ilə əlaqəli olmadığını açıqlayıb. Hadisədən sonra Türkiyənin xarici və daxili işlər nazirləri gürcüstanlı həmkarları ilə telefon danışığı apararaq narahatlıqlarını ifadə ediblər.
Bəs baş verən hadisə Türkiyə-Gürcüstan münasibətlərinə necə təsir göstərə bilər? Belə təhlükəsiz yerlərdə futbolun keçirilməsi nə dərəcədə düzdür?
Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, baş verən hadisədə iki mənfi məqam diqqət çəkir:

“Birincisi, idman yarışlarını siyasiləşdirmək cəhdidir. Təəssüf ki, “Beşiktaş” tərəfdarlarının bir qismi buna cəhd etdi. Onlar Fələstin bayrağı açmaqla İsrail komandasının oyunçularını təhrik etməyə çalışdılar və bu, oyunda gərginliyə səbəb oldu. Əslində, bundan əvvəl də oyunçular arasında insident yaşanmışdı. Ardınca azarkeşlərin, daha sonra isə polisin hadisəyə müdaxiləsi baş verdi. İkinci mənfi məqam isə polisin həddindən artıq güc tətbiq etməsi idi”.
Politoloqun sözlərinə görə, Türkiyə və Gürcüstan rəsmiləri arasında aparılan danışıqlar insidentin araşdırılmasına yönəlib:
“Türkiyə tərəfinin iddiasına görə, polis həddindən artıq güc tətbiq edib və sərt davranıb. Gürcüstan tərəfinin mövqeyi isə bir qədər fərqlidir. Amma hesab etmirəm ki, bu insident Türkiyə və Gürcüstan münasibətlərinə kölgə sala bilər. Bu, epizodik hadisə kimi dəyərləndirilməlidir. Türkiyə-Gürcüstan münasibətləri kifayət qədər dərin köklərə malikdir”.
O.Qasımov Gürcüstanda beynəlxalq idman yarışlarının keçirilməsi üçün təhlükəsizlik baxımından ciddi maneənin olmadığını da vurğulayıb:
“Gürcüstan təhlükəsizlik baxımından normal və məqbul ölkələrdən biridir. Orada idman yarışlarının keçirilməsi mümkündür. Burada söhbət təhlükəsizlik məsələsindən daha çox təxribatlara uymamaqdan, hadisələrə soyuqqanlı və təmkinli yanaşmaqdan gedir. Gürcüstan polisi, ola bilsin ki, müəyyən qədər emosional davranıb və sərt tədbirlər görüb. Polis isə dərhal müdaxilə etməsini insidentin daha da böyüməsinin qarşısını almaqla əsaslandırır”.
Şahanə Ziyad
Sfera.az






