Fira Cəlilovanın Novxanıdakı bağ evinə basqın: 30 min manatlıq zinət əşyaları oğurlanıb - VIDEO
Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində baş verən oğurluq hadisəsinin təfərrüatları məlum olub.
Sfera.az-ın məlumatına görə, aparıcı hadisə barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun bildirdiyinə görə, noyabrın 26-da saat 22:00 radələrində təxminən 15 nəfərdən ibarət naməlum şəxslər beş avtomobillə evin həyətinə gəliblər. Hasardan aşaraq əraziyə daxil olan şəxslər əvvəlcə həyətdəki itləri zərərsizləşdirib, daha sonra mənzilə giriblər.
Həmin vaxt evdə aparıcının 63 yaşlı anası və 12 yaşlı övladı olub. Şəxslər onların mobil telefonlarını, eləcə də anasına məxsus ümumi dəyəri təxminən 30 min manat olan zinət əşyalarını götürüblər. Oğurlanan əşyalar arasında 20 min manatlıq qədim boyunbağı və 10 min manat dəyərində bir cüt brilyant sırğa da var.
Bundan başqa, naməlum şəxslər həyətin müşahidə kameralarına aid avadanlıqları və domofon sisteminin qurğularını da aparıblar.
Fira Cəlilova aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin hərtərəfli araşdırılmasını, basqında iştirak edən şəxslərin və istifadə etdikləri avtomobillərin müəyyənləşdirilməsini istəyib. O, həmçinin oğurlanmış əşyaların geri qaytarılmasını və hadisəni törədənlərin qanun qarşısında cavab verməsini tələb edib.
Aparıcı paylaşımında ailəsinin yaşadığı narahatlığı ifadə edərək, öz evlərində qorxu içində yaşamaq istəmədiklərini vurğulayıb.
Altay
Sfera.az






