Logo

Özəl klinikalara nəzarət gücləndirilməlidir: Pasiyentlərin hüquqları necə qorunur?

Özəl klinikalara nəzarət gücləndirilməlidir: Pasiyentlərin hüquqları necə qorunur?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İnsan sağlamlığı hər hansı iqtisadi maraqdan və kommersiya mənfəətindən üstün tutulmalı olan fundamental dəyərdir. Bu baxımdan səhiyyə xidmətlərinin göstərilməsi yalnız sahibkarlıq fəaliyyəti deyil, həm də insan hüquqlarının, xüsusilə yaşamaq və sağlamlıq hüququnun təmin edilməsi ilə birbaşa bağlı olan ictimai əhəmiyyətli fəaliyyətdir.

Son illər Azərbaycanda özəl səhiyyə sektorunun genişlənməsi, yeni klinikaların, diaqnostika və müalicə mərkəzlərinin fəaliyyətə başlaması əhalinin tibbi xidmətlərə çıxış imkanlarını artırıb. Bu, səhiyyə sisteminin inkişafı baxımından müsbət tendensiyadır.

Lakin sektorun genişlənməsi ilə yanaşı, həmin müəssisələrin fəaliyyətinə dövlət nəzarətinin səmərəliliyi, tibbi xidmətin keyfiyyəti və pasiyentlərin hüquqlarının müdafiəsi məsələləri də aktuallaşır.

Əsas sual isə budur: insan sağlamlığına birbaşa təsir göstərən özəl tibb müəssisələrinin fəaliyyətinə yalnız sahibkarlıq subyekti kimi yanaşmaq kifayətdirmi?

Tibbi xidmət adi kommersiya xidməti deyil

Özəl klinikalar hüquqi şəxs kimi dövlət qeydiyyatından keçir, vergi uçotuna alınır, müvafiq lisenziya əldə edir və qanunvericiliyə uyğun fəaliyyət göstərirlər. Onların iqtisadi fəaliyyətinə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət mexanizmləri tətbiq olunur.

Lakin tibb müəssisəsinin fəaliyyəti adi kommersiya fəaliyyətindən mahiyyət etibarilə fərqlənir. Çünki burada söhbət yalnız xidmət göstərilməsi və onun müqabilində ödəniş alınmasından getmir. Pasiyent öz sağlamlığını, bəzən isə həyatını tibb müəssisəsinə etibar edir.

Bu etimad klinikanın üzərinə xüsusi peşəkar və hüquqi məsuliyyət qoyur. Tibbi xidmətin keyfiyyəti, müalicənin düzgün təşkili, pasiyentin məlumatlandırılması, tibbi müdaxiləyə razılığının alınması və hüquqlarına hörmətlə yanaşılması hər bir tibb müəssisəsinin fəaliyyətində əsas meyar olmalıdır.

Məhz buna görə də özəl səhiyyə müəssisələrinin fəaliyyətinə nəzarət yalnız vergi, maliyyə və sahibkarlıq münasibətləri çərçivəsində qiymətləndirilə bilməz.

Mövcud nəzarət mexanizmləri nə dərəcədə effektivdir?

Azərbaycanda özəl tibb fəaliyyəti hüquqi baxımdan tənzimlənir. “Özəl tibb fəaliyyəti haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlarda özəl tibb müəssisələrinin fəaliyyətinə, lisenziyalaşdırılmasına, akkreditasiyasına və tibb işçilərinin peşə fəaliyyətinə dair tələblər müəyyən edilib.

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzi də özəl tibb müəssisələrinin fəaliyyəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş nəzarət və qiymətləndirmə funksiyalarını həyata keçirir.

Deməli, məsələ nəzarətin ümumiyyətlə mövcud olmamasında deyil, mövcud mexanizmlərin pasiyentlərin qarşılaşdığı problemlərin vaxtında, obyektiv və effektiv həllini nə dərəcədə təmin etməsindədir.

Təcrübədə özəl klinikaların fəaliyyəti ilə bağlı müxtəlif narazılıqlara rast gəlinir. Tibbi xidmətin keyfiyyəti, müalicənin nəticələri, ödənilmiş vəsaitin geri qaytarılması, müqavilə şərtlərinin yerinə yetirilməsi, tibbi sənədlərin təqdim olunması və pasiyentlərin məlumatlandırılması ilə bağlı mübahisələr bunun nümunələridir.

Daha ciddi narahatlıq doğuran hallar isə tibbi səhlənkarlıq iddiaları, yanlış diaqnoz ehtimalları, tibbi müdaxilə zamanı yol verilmiş nöqsanlar və bunların insan sağlamlığına vurduğu zərərlə əlaqədardır.

Belə hallarda vətəndaşın müraciətinin hansı qurum tərəfindən araşdırılması, tibbi sənədlərin necə qiymətləndirilməsi, müstəqil ekspert rəyinin hansı qaydada alınması və müəyyən edilmiş nöqsanlara görə hansı tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır.

Pasiyent tibbi məsələlərin mahiyyətini müstəqil müəyyən etmək imkanına malik olmaya bilər. Bu səbəbdən onun hüquqlarının müdafiəsi yalnız məhkəməyə müraciət etmək və ya klinikanın rəhbərliyinə şikayət ünvanlamaqla məhdudlaşmamalıdır.

Beynəlxalq təcrübə: pasiyent şikayətlərinə müstəqil yanaşma

Beynəlxalq təcrübə göstərir ki, səhiyyə sahəsində dövlət nəzarətinin mühüm istiqamətlərindən biri pasiyent şikayətlərinin sistemli və obyektiv araşdırılmasıdır. Məsələn, İngiltərədə fəaliyyət göstərən "Care Quality Commission" (CQC) tibb və sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarət edən qurumdur. Həmin ölkədə tibb müəssisələri əlçatan şikayət mexanizminə malik olmalı, daxil olan müraciətləri araşdırmalı, pozuntu müəyyən edildikdə müvafiq tədbirlər görməli və nəticələr barədə nəzarət orqanına tələb olunan məlumatları təqdim etməlidirlər.

Bundan başqa, "Independent Sector Complaints Adjudication Service" (ISCAS) özəl səhiyyə müəssisələrinə dair şikayətlərin mərhələli araşdırılmasını və müstəqil qiymətləndirilməsini təmin edən mexanizmdir.

Bu təcrübənin əsas üstünlüyü ondadır ki, pasiyentin şikayəti yalnız müəssisənin öz daxilində araşdırılmaqla yekunlaşmır. Zəruri hallarda məsələyə müstəqil qiymət verilməsi imkanı yaradılır.

Belə yanaşma Azərbaycan səhiyyə sistemi üçün də faydalı nümunə ola bilər.

Azərbaycanda hansı hüquqi mexanizm yaradılmalıdır?

Düşünürəm ki, özəl səhiyyə müəssisələrində pasiyent hüquqlarının müdafiəsi və tibbi xidmətin keyfiyyətinə nəzarət istiqamətində daha sistemli mexanizmin formalaşdırılması məqsədəuyğundur. İlk növbədə, Səhiyyə Nazirliyinin səlahiyyətli qurumu nəzdində özəl tibb müəssisələrindən daxil olan şikayətləri araşdıran xüsusi mexanizmin yaradılması nəzərdən keçirilməlidir. Bu mexanizmdə müstəqil tibbi ekspertlərin iştirakı təmin olunmalı, tibbi sənədlər araşdırılmalı və zəruri hallarda müstəqil ekspert rəyləri alınmalıdır.

Hər bir özəl klinikada pasiyent şikayətlərinin qeydə alınması, müəyyən edilmiş müddətdə araşdırılması, vətəndaşa əsaslandırılmış cavab verilməsi və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün daxili prosedurlar da məcburi xarakter daşımalıdır.

Bununla yanaşı, klinikaların fəaliyyəti qiymətləndirilərkən yalnız lisenziya və texniki təchizat deyil, tibbi xidmətin keyfiyyəti, pasiyent müraciətlərinin sayı və xarakteri, təkrarlanan pozuntular və onların aradan qaldırılması da nəzərə alınmalıdır.

Özəl tibb müəssisələrinin lisenziya, akkreditasiya və qanunvericiliyə uyğun olaraq açıqlana bilən nəzarət nəticələri barədə məlumatların ictimaiyyət üçün əlçatan olması da şəffaflığın artırılmasına xidmət edə bilər. Eyni zamanda, ciddi tibbi pozuntuların araşdırılması zamanı aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsi və koordinasiya gücləndirilməli, tibbi səhvlərin müstəqil ekspert qiymətləndirilməsi və hüquqi məsuliyyətin müəyyənləşdirilməsi üçün aydın prosedurlar yaradılmalıdır.

Bütün bu mexanizmlər sahibkarlıq fəaliyyətinə əsassız müdaxiləyə deyil, qanunçuluq, obyektivlik, məxfilik və risk əsaslı nəzarət prinsiplərinə söykənməlidir.

Səhiyyədə əsas meyar insan olmalıdır

Özəl səhiyyə sektorunun inkişafı vacibdir. Sahibkarlıq azadlığı qorunmalı, investisiyalar təşviq edilməli, sağlam rəqabət mühiti yaradılmalıdır. Lakin bu azadlıq insan sağlamlığı və pasiyent hüquqları hesabına reallaşdırıla bilməz. Səhiyyə sisteminin səmərəliliyi yalnız yeni klinikaların açılması, müasir avadanlıqların alınması və tibbi xidmətlərin çeşidinin artırılması ilə ölçülməməlidir. Əsas göstəricilərdən biri də vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətinə, təhlükəsizliyinə və hüquqlarının qorunmasına əmin olmasıdır.

Bu baxımdan özəl tibb müəssisələrində dövlət nəzarətinin gücləndirilməsi, pasiyent şikayətlərinin müstəqil araşdırılması və tibbi xidmətin keyfiyyətinə dair məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsi zəruri institusional ehtiyacdır.

Mövcud qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi, özəl səhiyyə müəssisələrinin fəaliyyətinə nəzarətin daha sistemli təşkili və pasiyentlərin hüquqlarının müdafiəsinə yönəlmiş yeni hüquqi modelin hazırlanması bu istiqamətdə mühüm addım ola bilər.

Unutmayaq ki, klinika özəl müəssisə olsa da, onun fəaliyyətinin mərkəzində insan dayanmalıdır. Səhiyyədə əsas meyar kommersiya gəliri deyil, insan sağlamlığı, həyat və ləyaqət olmalıdır.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR