Tramp 16 ölkəyə yeni rüsumlar tətbiq edir
ABŞ Prezidenti Donald Trampın administrasiyası 16 əsas ticarət tərəfdaşına qarşı yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır.
Qərarın sənaye sahələrində həddindən artıq istehsal gücü ilə bağlı aparılan araşdırmanın nəticələrindən sonra açıqlanacağı gözlənilir.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məsələ ilə bağlı məlumatlı üç mənbəyə istinadən yazıb.
Məlumata görə, ABŞ Ticarət Nümayəndəliyi yeni rüsumları əvvəlki tariflərin üzərinə əlavə etməyi təklif edəcək. Yeni tədbirlər fevral ayında ABŞ Ali Məhkəməsinin ləğv etdiyi tariflərin bir hissəsini əvəz etməyə yönəlib.
Rüsumların konkret dərəcələri hələ açıqlanmayıb. Mənbələrdən birinin sözlərinə görə, tariflər ölkələr üzrə fərdi qaydada müəyyənləşdiriləcək. Meksika və Norveç mallarına isə ilkin mərhələdə yeni rüsumların tətbiqi gözlənilmir.
Araşdırmaya Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Meksika, Vyetnam, Tayvan, Tailand, Malayziya, İndoneziya, İsveçrə, Norveç, Sinqapur, Banqladeş, Kamboca və Avropa İttifaqı daxildir.
ABŞ administrasiyası xüsusilə Çini həddindən artıq sənaye istehsal gücünün əsas mənbəyi hesab edir. Vaşinqtonun iddiasına görə, Çin polad, alüminium, elektrik avtomobilləri, məişət texnikası və günəş panelləri də daxil olmaqla müxtəlif məhsullarla dünya bazarını doldurur. Pekin isə bu ittihamları rədd edir və ixracın rəqabət üstünlüklərindən qaynaqlandığını bildirir.
Araşdırmanın digər istiqaməti isə Çinin Cənub-Şərqi Asiya ölkələrinə investisiyaları ilə bağlıdır. ABŞ hesab edir ki, Çin şirkətləri Vyetnam, İndoneziya və Kamboca kimi ölkələrdə istehsal qurmaqla əvvəlki ABŞ tariflərindən yayınmağa çalışırlar.
Keçmiş ABŞ Ticarət Nazirliyi rəsmisi Rayan Majerusun fikrincə, yeni rüsumlar bəzi ölkələrdən idxal olunan məhsullara 15-25 faiz arasında tətbiq oluna bilər. Onun sözlərinə görə, administrasiya istehsal gücünü azaltmaq üçün addım atmayan ölkələrə qarşı tariflərin mərhələli artırılmasını da nəzərdə tuta bilər.
ABŞ-nin Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya ilə ticarət razılaşmalarında 15 faizlik, Malayziya ilə razılaşmasında isə 19 faizlik tarif hədlərinin qorunacağı gözlənilir.
Çinlə bağlı isə yanvarın 10-da başa çatması nəzərdə tutulan ticarət atəşkəsinin uzadılması şərti ilə ikinci Tramp administrasiyası dövründə tətbiq edilən rüsumların 20 faiz həddində saxlanılması gözlənilir.
Qeyd edək ki, ABŞ-də tarif siyasəti ölkə daxilində də mübahisələrə səbəb olur. “Reuters/Ipsos” sorğusunun nəticələrinə əsasən, respondentlərin 62 faizi gömrük rüsumlarının ləğvinə yönəlmiş təşəbbüsləri dəstəkləyib.
İnci
Sfera.az






