Bu ədviyyat uşaqlar üçün təhlükəli imiş - XƏBƏRDARLIQ
ABŞ alimləri darçının həddindən artıq istehlakının uşaqların orqanizmində qurğuşunun toplanması riskini artıra biləcəyini müəyyən ediblər.
Bu isə xüsusilə azyaşlı uşaqların sağlamlığına və zehni inkişafına mənfi təsir göstərə bilər.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Buffalo Universitetinin alimlərinin "Journal of Xenobiotics" elmi jurnalında dərc olunan araşdırmasında bildirilib.
Tədqiqatçılar müxtəlif mağazalardan əldə edilmiş üyüdülmüş darçın nümunələrində qurğuşunun miqdarını araşdırıblar. Daha sonra kompüter modelləşdirməsi vasitəsilə 3-5 yaşlı uşaqların darçın istehlakının qandakı qurğuşun səviyyəsinə mümkün təsirini qiymətləndiriblər. Hesablamalar zamanı su, hava və torpaq kimi digər çirklənmə mənbələri də nəzərə alınıb.
Araşdırma nəticəsində məlum olub ki, yoxlanılan nümunələrin əksəriyyətində qurğuşunun miqdarı müəyyən edilmiş normaları aşmayıb. Bununla belə, darçının hər gün və böyük miqdarda istehlakı orqanizmin bu ağır metala məruz qalmasını artıra bilər.
Alimlər xüsusilə azyaşlı uşaqların daha həssas olduğunu vurğulayıblar. Belə ki, uşaqlar qida ilə qəbul etdikləri qurğuşunun 40-50 faizini mənimsəyə bildikləri halda, böyüklərdə bu göstərici 3-10 faiz təşkil edir. Uşaqlıq dövründə qurğuşunun təsiri idrak və zehni inkişafda pozuntulara səbəb ola bilər.
Tədqiqatçıların sözlərinə görə, qurğuşun darçına həm bitkinin yetişdirildiyi torpaqdan, həm də istehsal prosesi zamanı keçə bilər. Nadir hallarda isə ədviyyatın çəkisini artırmaq və ya rəngini yaxşılaşdırmaq məqsədilə tərkibinə qəsdən metal birləşmələri əlavə olunur.
Alimlər darçını uşaqların qida rasionundan tamamilə çıxarmağa ehtiyac olmadığını bildiriblər. Bununla belə, valideynlər uşaqların istehlak etdiyi ədviyyatın miqdarına nəzarət etməlidirlər.
Qeyd edək ki, daha əvvəl alimlər vanilinin həddindən artıq təsirinin reproduktiv sistemin inkişafına mənfi təsir göstərə biləcəyini müəyyən etmişdilər.
İnci
Sfera.az






