Logo

Qətərin nəhəng enerji şirkətində azərbaycanlıya yüksək vəzifə verildi

Qətərin nəhəng enerji şirkətində azərbaycanlıya yüksək vəzifə verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qətərin dövlətə məxsus enerji şirkəti “QatarEnergy”nin törəmə strukturu olan “QatarEnergy LNG”də azərbaycanlı mütəxəssis yüksək vəzifəyə təyin olunub.

Sfera.az xəbər verir ki, Azad Misirli şirkətdə istismara vermə və avadanlıqların qorunması (Commissioning and Preservation) üzrə rəhbər vəzifəsini icra edəcək. Azad Misirli 14 ildən artıqdır ki, neft-qaz və enerji sektorunda çalışır.

Onun peşəkar fəaliyyəti Azərbaycanın, Qazaxıstanın və Səudiyyə Ərəbistanının iri sənaye və enerji layihələrini əhatə edir. A.Misirli 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb.

O, ali təhsilini başa vurduqdan sonra neft-qaz sənayesində fəaliyyətə başlayıb və karyerası ərzində BP, “AZFEN”, “Tekfen Construction” və “Air Products” kimi beynəlxalq şirkətlərdə müxtəlif mühəndislik və rəhbər vəzifələrdə çalışıb. Onun karyerasının mühüm mərhələlərindən biri BP şirkətindəki fəaliyyəti olub.

Azad Misirli 2019-cu ilin noyabrından 2023-cü ilin avqustunadək BP-də aparıcı istismara vermə və konservasiya mühəndisi kimi çalışıb. BP-ACE layihəsi çərçivəsində satınalma, anbar, layihə komandası və təchizatçılar arasında koordinasiyanı təmin edib, avadanlıqların qorunması, texniki sənədləşmə, təhlükəsizlik və keyfiyyət standartlarına nəzarət işlərini həyata keçirib.

A.Misirli peşəkar fəaliyyətinin bu mərhələsində böyük həcmli texniki avadanlıqların idarə olunmasında da iştirak edib. BP-nin Azeri Central East (ACE) platformasının tikintisi və istismara verilməsi mərhələsində təxminən 400 əsas avadanlıq vahidi, 7 mindən çox klapan, həmçinin elektrik və cihazlaşdırma materiallarına nəzarət edib. 2023-cü ilin avqustundan 2025-ci ilin iyulunadək Səudiyyə Ərəbistanında həyata keçirilən NEOM Green Hydrogen Elements layihəsində “Air Products” şirkətinin qorunma və konservasiya işləri üzrə supervayzeri olub. Bu layihə çərçivəsində avadanlıqların uzunmüddətli saxlanması, konservasiya strategiyasının hazırlanması, texniki sənədlərin yoxlanılması və sahə işlərinin koordinasiyası ilə məşğul olub.

2025-ci ilin iyulundan 2026-cı ilin iyulunadək isə həmin şirkətdə mexaniki istismara vermə mühəndisi kimi fəaliyyət göstərib. Bu müddətdə soyutma suyu və tullantı suları sistemlərinin sınaqları, nasos və mühərriklərin alarm və qoruma sistemlərinin yoxlanılması, fırlanan avadanlıqlarda yaranan texniki problemlərin aradan qaldırılması istiqamətində çalışıb.

Qeyd edək ki, Azad Misirli 2018-2019-cu illərdə Qazaxıstanın Atırau vilayətində “Tekfen Construction” şirkətinin TCO – FGP/WPM layihəsində konservasiya meneceri olub. 2015-2018-ci illərdə “AZFEN” MMC-də mexaniki konservasiya mühəndisi, daha əvvəl isə BP-nin Səngəçal terminalındakı layihələrində sahə supervayzeri və mexaniki briqadir vəzifələrini icra edib. O, peşəkar biliklərini beynəlxalq sertifikatlarla da təsdiqləyib. Belə ki, 2025-ci ilin martında Layihələrin İdarə Edilməsi İnstitutunun (PMI) PMP – Project Management Professional sertifikatını əldə edib.

Həmin ilin martında Sənaye İstismara Vermə Assosiasiyasına (Industrial Commissioning Association) da üzv qəbul olunub. Bundan əlavə, “Wood” şirkətinin GoTechnology Hub2 və “Omega Subsea” şirkətinin Omega PIMS Completion Management System proqramları üzrə sertifikatları var. Azad Misirli Azərbaycan dili ilə yanaşı, ingilis, rus və türk dillərini də bilir.

Qeyd edək ki, “QatarEnergy LNG” dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalçısı hesab olunur. Şirkət 1984-cü ildə yaradılıb və hazırda ümumilikdə 14 LNG istehsal xəttini istismar edir. Onların illik istehsal gücü 77 milyon metrik ton təşkil edir. Şirkətin rəsmi məlumatına görə, Qətərin Şimal yatağının (North Field) genişləndirilməsi layihələri başa çatdıqdan sonra ölkənin mayeləşdirilmiş təbii qaz istehsal gücünün 142 milyon tona çatdırılması nəzərdə tutulub.

Belə bir beynəlxalq enerji operatorunda azərbaycanlı mütəxəssisin rəhbər vəzifəyə təyin olunması onun uzunillik mühəndislik təcrübəsinin və iri sənaye layihələrində qazandığı peşəkar bacarıqların növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR