Az yatmaq ağrı hissini gücləndirir – Həkimdən XƏBƏRDARLIQ
Yuxu çatışmazlığı təkcə yaddaşa, əhvala və iş qabiliyyətinə deyil, insanın ağrıları necə hiss etməsinə də təsir göstərir.
Sfera.az bildirir ki, bu barədə “Medin” tibb mərkəzinin nevroloqu Olqa Butenko “Lenta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, kifayət qədər yatmayan insan adi ağrıları belə daha güclü hiss edə bilər. Belə hallarda baş ağrısı, əzələ gərginliyi və bel ağrıları daha qabarıq şəkildə özünü göstərir. Elmi araşdırmalar da yuxu çatışmazlığının ağrıya həssaslığı artırdığını təsdiqləyir.
Butenko izah edib ki, beyin yalnız bədəndən gələn ağrı siqnallarını qəbul etmir, eyni zamanda onların intensivliyini də tənzimləyir. Yuxu azaldıqda sinir sisteminin ağrını zəiflədən mexanizmlərinin fəaliyyəti pozulur və ağrı həddi aşağı düşür. Nəticədə əvvəllər sadəcə narahatlıq yaradan təsir daha güclü ağrı kimi qəbul edilə bilər.
Nevroloq vurğulayıb ki, hətta bir gecə yuxusuz qalmaq beyni ağrı siqnallarını emal etmə prosesinə təsir göstərə bilər. Xroniki yuxu çatışmazlığı isə bu problemi daha da dərinləşdirir.
Həkim xatırladıb ki, yetkin insanların sutka ərzində 7-9 saat yatması tövsiyə olunur. Bununla yanaşı, yalnız yuxunun müddəti deyil, rejimə əməl etmək də vacibdir. Hər gün təxminən eyni vaxtda yatıb oyanmaq, iş naminə gecə yuxusunu azaltmamaq və həftəsonu uzun yatmaqla yuxu çatışmazlığını kompensasiya etməyə çalışmamaq məsləhət görülür.
İnci






