Evdə istilik xərclərini BELƏ AZALDIN
Qış aylarında mənzilin istilik xərclərini azaltmaq üçün az istifadə olunan otaqlarda temperaturu ayrıca tənzimləmək tövsiyə olunur.
Sfera.az bildirir ki, bu barədə “RedesZone” nəşri yazıb.
Nəşrin jurnalisti Xavyer Ximenesin sözlərinə görə, bütün otaqlarda gün ərzində eyni temperaturu saxlamaq enerji sərfiyyatını artırır. Yataq otağı və ya iş otağı uzun müddət istifadə edilmirsə, həmin məkanların isidilməsi müəyyən saatlara uyğun tənzimlənə bilər.
Məsələn, yataq otağında yatmazdan bir qədər əvvəl temperaturu artırmaq, evdəki iş otağını isə iş gününün başlanmasına yaxın isitmək mümkündür. Bunun üçün proqramlaşdırılan termostatlardan və radiatorlar üçün uyğun tənzimləyicilərdən istifadə etmək olar.
Bununla belə, mütəxəssis otaqları tamamilə soyutmağı məsləhət görmür. Çünki otaqlar arasında və xarici mühitlə temperatur fərqi artdıqca istilik itkisi də çoxalır.
Ximenes istifadə olunmayan otaqların qapısını bağlı saxlamağı da tövsiyə edir. Bu, isti və soyuq hava axınlarının qarışmasını məhdudlaşdırsa da, divarlar vasitəsilə istilik ötürülməsinin qarşısını tam almır. Rütubət yüksək olduqda isə otaqlar qısa müddətə havalandırılmalıdır.
Məqalədə vurğulanır ki, qənaətin miqdarı evin istilik izolyasiyasından, isitmə sistemindən və sakinlərin gündəlik vərdişlərindən asılıdır. Buna görə də bütün mənzillər üçün uyğun olan vahid temperatur göstəricisi yoxdur.
Qeyd edək ki, “Chip” nəşri daha əvvəl radiatorların arxasına istilik əks etdirən folqa yerləşdirməyin istilik itkisini azaltmağa kömək edə biləcəyini yazmışdı. Bu üsul xüsusilə radiatorların pəncərə altındakı divar boşluqlarında quraşdırıldığı köhnə binalarda daha faydalı ola bilər.
İnci
Sfera.az






