Logo

Tələbələrin nəqliyyat yükü azalacaq? — Bakı üçün pilot layihə təklifi

Tələbələrin nəqliyyat yükü azalacaq? — Bakı üçün pilot layihə təklifi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə hələ də konkret və davamlı mexanizm formalaşdırılmayıb. Xüsusilə Bakı və Abşeron ərazisində təhsil alan tələbələrin gündəlik nəqliyyat xərcləri kifayət qədər yüksəkdir. Ali təhsil müəssisələrinin şəhərin müxtəlif ərazilərində yerləşməsi, tələbələrin bir qisminin isə paytaxtın kənar qəsəbələrindən və Abşeronun digər yaşayış məntəqələrindən universitetlərə üz tutması əlavə xərc yaradır. Məsələn, bir tələbənin gündə dörd dəfə ictimai nəqliyyatdan istifadə etdiyini və hər gediş üçün orta hesabla 60 qəpik ödədiyini nəzərə alsaq, onun gündəlik nəqliyyat xərci 2 manat 40 qəpik, ay ərzində 22 tədris günü hesabı ilə isə 52 manat 80 qəpik təşkil edir. Bu məbləğə əlavə təhsil fəaliyyəti, hazırlıq kursları və digər gediş-gəliş xərcləri daxil deyil. Tələbələr üçün 50 faizlik güzəşt tətbiq olunacağı təqdirdə isə həmin xərc yarıbayarı azala bilər. Belə bir mexanizm həm tələbələrin, həm də onların ailələrinin maddi yükünün yüngülləşdirilməsinə kömək edə bilər.

Bəs tələbələr üçün güzəştli gedişhaqqının tətbiqinə indiyədək hansı amillər mane olub? 50 faizlik endirim mexanizmini mövcud elektron tələbə kartları və ödəniş sistemləri vasitəsilə həyata keçirmək mümkündürmü?

Nəqliyyat eksperti Adil Nəbiyev Sfera.az-a açıqlamasında bildirib ki, tələbələr üçün ictimai nəqliyyatda güzəşt məsələsinə yalnız gedişhaqqının azaldılması kimi deyil, sosial müdafiə və təhsilə əlçatanlığın təmin olunması baxımından yanaşmaq lazımdır.

Ekspertin sözlərinə görə, tələbələr üçün 50 faizlik güzəştin tətbiqi real şəkildə müzakirə oluna bilər. Onun fikrincə, bunun üçün həm texniki, həm də maliyyə baxımından müxtəlif həll yolları mövcuddur:

"Belə bir mexanizmin indiyədək reallaşmamasının əsas səbəblərindən biri maliyyələşmə və icra ilə bağlı qurumlararası razılaşdırmanın mürəkkəbliyidir. Çünki güzəşt tətbiq edilərkən yaranan maliyyə fərqinin hansı mənbədən qarşılanacağı, daşıyıcı şirkətlərin gəlirlərinin necə kompensasiya olunacağı əvvəlcədən müəyyənləşdirilməlidir. Nəqliyyat vasitələrinin saxlanılması, texniki xidmət, əməkhaqqı, enerji və yanacaq xərcləri də nəzərə alınmalıdır. Buna görə də güzəştin maliyyə yükünün yalnız nəqliyyat müəssisələrinin üzərinə qoyulması düzgün olmaz.

Dövlət tərəfindən şəffaf subsidiya mexanizmi yaradılarsa, həm tələbələrin xərclərini azaltmaq, həm də daşıyıcıların maliyyə dayanıqlığını qorumaq mümkündür”.

Tələbələrin nəqliyyat yükü azalacaq? — Bakı üçün pilot layihə təklifi

Ekspert güzəştin tətbiqi üçün tamamilə yeni sistem yaradılmasına da ehtiyac olmadığını düşünür. Onun fikrincə, mövcud "TələbəPlus" kartları və elektron ödəniş infrastrukturu bu məqsədlə uyğunlaşdırıla bilər:

“Tələbənin statusu elektron qaydada təsdiqlənər, kartı ictimai nəqliyyat sisteminə inteqrasiya edilər və gediş zamanı tələbə məbləğin yalnız 50 faizini ödəyər. Qalan hissə isə dövlət tərəfindən kompensasiya olunar.

Digər mümkün variant tələbələr üçün aylıq güzəştli nəqliyyat abonementlərinin yaradılmasıdır. Bu halda tələbələr əvvəlcədən müəyyən edilmiş məbləğ ödəməklə ay ərzində güzəştli gedişlərdən yararlana bilərlər. Eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr üçün daha yüksək güzəşt imkanlarının nəzərdən keçirilməsi də mümkündür”.

Ekspert məsələnin şəhər nəqliyyatının inkişafı baxımından da əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, tələbəlik dövründə ictimai nəqliyyatdan rahat və münasib qiymətlə istifadə edən gənclərdə gələcəkdə də bu nəqliyyat növünə üstünlük vermək vərdişi formalaşa bilər:

“Bu isə uzunmüddətli perspektivdə şəxsi avtomobillərdən asılılığın və şəhər tıxaclarının azaldılmasına töhfə verər. Lakin gedişhaqqının aşağı salınması kifayət deyil. Universitetlərə gedən marşrutların əlçatanlığı, avtobusların hərəkət intervalı və müxtəlif nəqliyyat vasitələri arasında keçid imkanları da yaxşılaşdırılmalıdır. Xüsusilə bir nəqliyyat vasitəsindən digərinə keçid zamanı sərnişinlərin təkrar tam gedişhaqqı ödəməsi məsələsinə yenidən baxılması vacibdir.

İlkin mərhələdə tələbələr üçün 50 faizlik güzəştin Bakı və Abşeron ərazisində pilot layihə kimi tətbiqi, nəticələr qiymətləndirildikdən sonra isə digər şəhərlərə genişləndirilməsi mümkündür. Bunun üçün ilk növbədə güzəştdən yararlana biləcək tələbələrin sayı, gündəlik gediş göstəriciləri və tələb olunan subsidiya məbləği hesablanmalıdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR