Logo

Yaşayış minimumu inflyasiyaya uyğun artırılmalıdır - Ekspert

Yaşayış minimumu inflyasiyaya uyğun artırılmalıdır - Ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının inflyasiya səviyyəsinə uyğun indeksləşdirilməsi təklifi müzakirə olunur. Son dövrlər ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlərin bahalaşması əhalinin gündəlik xərclərinə və alıcılıq qabiliyyətinə təsir göstərir. Bu baxımdan yaşayış minimumunun və ehtiyac meyarının müəyyənləşdirilməsi, onların qiymət artımlarına uyğun tənzimlənməsi məsələsi aktuallıq qazanır. Xüsusilə pensiyaçılar, sosial müavinət alanlar və aztəminatlı ailələr üçün bu göstəricilərin artım mexanizmi mühüm əhəmiyyət daşıyır.

Bəs yaşayış minimumu və ehtiyac meyarının inflyasiyaya uyğun indeksləşdirilməsi sosial ödənişlərin məbləğinə və əhalinin real gəlirlərinə necə təsir göstərə bilər? Bu mexanizm qiymət artımlarının əhalinin rifahına mənfi təsirlərini nə dərəcədə azalda bilər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, yaşayış minimumunun artım tempinin inflyasiyadan aşağı olması anlaşılmır.

Yaşayış minimumu inflyasiyaya uyğun artırılmalıdır - Ekspert

Ekspert dedi ki, hazırda yaşayış minimumu 300 manatdır və onun 14 manat artırılması azdır:

“Artımdan sonra yaşayış minimumunun 314 manat olacaq. Bu, təxminən 4,7 faizlik artım deməkdir. İnflyasiyanın 5,5 faiz olduğu şəraitdə yaşayış minimumunun artımının bu səviyyədən aşağı qalması suallar doğurur.

İnflyasiyanın təxminən 5,7 faiz olacağı ehtimalı ilə 300 manatlıq göstərici təqribən 317 manata çatdırılmalıdır. Bu baxımdan yaşayış minimumunun 314 manatdan 317 manata qaldırılması təklifi gündəmə gətirilib”.

İqtisadçı xüsusilə ərzaq məhsullarının bahalaşmasına diqqət çəkib:

“Yaşayış minimumunun hesablanmasında ərzaq məhsulları mühüm yer tutur və bu kateqoriyada qiymət artımının 7 faizə yaxınlaşması fonunda göstəricinin cəmi 4,7 faiz artırılması izah tələb edir.

Yaşayış minimumunun hesablanması minimum istehlak səbətinə daxil olan məhsulların Nazirlər Kabinetinin təsdiqlədiyi illik normativlər əsasında orta qiymətlərinin müəyyənləşdirilməsinə əsaslanır. Bu səbəbdən də həmin hesablamaların inflyasiyanın ümumi səviyyəsindən niyə geri qaldığı cəmiyyət üçün aydınlaşdırılmalıdır”.

İqtisadçı hesab edir ki, yaşayış minimumunun 314 manatdan 317 manata yüksəldilməsi müəyyən artım olsa da, adambaşına cəmi 3 manat əlavə vəsait deməkdir və bu məbləğ ciddi sosial problemlərin həllinə imkan verməyəcək. Onun fikrincə, əsas məsələ yalnız artımın məbləği deyil, yaşayış minimumunun hansı prinsiplərlə hesablanması və inflyasiya ilə uyğunluğunun necə təmin edilməsidir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR