Logo

2027-ci ildə dünyanı hansı dəhşətli hadisələr gözləyir? - Kahinlərdən alimlərədək PROQNOZ

2027-ci ildə dünyanı hansı dəhşətli hadisələr gözləyir? - Kahinlərdən alimlərədək PROQNOZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2027-ci il yaxınlaşdıqca dünyanın gələcəyi ilə bağlı qorxulu proqnozlar gündəmə gəlir. Qlobal iqtisadiyyatın çökməsi, ABŞ-də vətəndaş qarşıdurması, yeni müharibələr, naməlum xəstəliklər, rekord istilər və hətta dünyanın sonu ilə bağlı iddialar beynəlxalq mediada müzakirə olunur.

Bu ssenarilərin bir qismi müasir ekspertlər və alimlər tərəfindən səsləndirilib, digərləri isə Nostradamus və Baba Vanqa kimi məşhur öncəgörənlərə aid edilir. Nüfuzlu “The Economist” nəşri də 2027-ci il üçün müharibələrin nəticələri, maliyyə bazarlarında mümkün sarsıntılar, ekstremal istilər, meşə yanğınları və süni intellektin yaratdığı təhlükələrə diqqət çəkib.

Sfera.az 2027-ci illə əlaqələndirilən ən diqqətçəkən proqnozları araşdırıb.

“Çinin Nostradamusu”: 2027-ci ilə qədər dünya iqtisadiyyatı çökə bilər

2027-ci ildə dünyanı hansı dəhşətli hadisələr gözləyir? - Kahinlərdən alimlərədək PROQNOZ

“Çinin Nostradamusu” kimi tanınan tarix professoru Szyan Syueçin (Jiang Xueqin) 2026-cı ilin aprelində verdiyi müsahibədə 2027-ci ilə qədər dünyada ciddi siyasi və iqtisadi sarsıntıların baş verə biləcəyini iddia edib. Professorun fikrincə, ABŞ ilə İran arasındakı münaqişənin genişlənməsi qlobal iqtisadi sistemə ağır zərbə vura bilər. O, qarşıdurmanın quru əməliyyatlarına keçməsi və ABŞ-də hərbi çağırış mexanizmlərinin gücləndirilməsi ehtimalından danışıb. Szyan Syueçin daha bir proqnozunda 2027-ci ilə qədər ABŞ-də vətəndaş qarşıdurması üçün şəraitin formalaşa biləcəyini bildirib. Onun fikrincə, kütləvi etirazlar, daxili siyasi gərginlik və təhlükəsizlik qüvvələrinin rolunun artması ölkədə ciddi qeyri-sabitliyə gətirib çıxara bilər.

Baba Vanqanın 2027-ci il üçün naməlum xəstəlik proqnozu

2027-ci ildə dünyanı hansı dəhşətli hadisələr gözləyir? - Kahinlərdən alimlərədək PROQNOZ

Bolqarıstanlı məşhur öncəgörən Baba Vanqaya aid edilən 2027-ci il proqnozlarından biri naməlum xəstəliyin yayılması ilə bağlıdır. “Sky HISTORY” nəşrində yer alan iddiaya görə, 2027-ci ildə naməlum xəstəlik insanlara təsir göstərə, bəzi şəxslərdə isə fövqəladə qabiliyyətlərin yaranmasına səbəb ola bilər. Baba Vanqaya aid edilən digər proqnozda isə 2027-ci ildə Rusiyada hakimiyyət dəyişikliyinin baş verəcəyi iddia olunur.

Nostradamusun 2027-ci illə bağlı qorxulu proqnozu

2027-ci ildə dünyanı hansı dəhşətli hadisələr gözləyir? - Kahinlərdən alimlərədək PROQNOZ

XVI əsrdə yaşamış fransız astroloqu Nostradamusun bəzi dördlükləri də 2027-ci illə əlaqələndirilir. Onun yazılarında müxtəlif coğrafi ərazilər və siyasi qarşıdurmalarla bağlı ifadələrə rast gəlinir. Müasir şərhçilər həmin misraları dünyada yeni hərbi münaqişələrin və genişmiqyaslı qarşıdurmaların başvermə ehtimalı ilə əlaqələndirirlər. Bəzi yozumlarda bu hadisələrin 2027-ci ildə baş verə biləcəyi irəli sürülür.

“Super El-Nino”: 2027-ci il tarixin ən isti ili ola bilər

2027-ci ildə dünyanı hansı dəhşətli hadisələr gözləyir? - Kahinlərdən alimlərədək PROQNOZ

Alimlərin 2027-ci illə bağlı ən ciddi xəbərdarlıqlarından biri qlobal temperaturun rekord həddə yüksəlməsi ehtimalıdır. Avstriyanın Qrats Universitetinin iqlim fizikləri Gottfried Kirchengast və Moritz Pichler 2026-cı il noyabrın 6-da açıqladıqları proqnozda 2027-ci ildə Yer səthində havanın orta temperaturunun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə təxminən 1,8 dərəcə yüksək ola biləcəyini bildiriblər. Alimlərin hesablamalarına görə, Sakit okeanda güclənən “El-Nino” fenomeni qlobal istiləşmənin təsirlərini daha da artıracaq. Nəticədə dünyanın müxtəlif bölgələrində ekstremal istilik dalğaları, uzunmüddətli quraqlıqlar, dağıdıcı meşə yanğınları və güclü yağıntılar müşahidə oluna bilər. Ümumdünya Meteorologiya Təşkilatı (WMO) da 2027-ci ilin yeni qlobal temperatur rekordu qıra biləcəyi barədə xəbərdarlıq edib. Təşkilatın proqnozlarına əsasən, güclü “El-Nino” hadisəsinin təsirləri 2027-ci ildə də davam edəcək. Ekstremal istilər elektrik enerjisinə tələbatı artıraraq enerji şəbəkələrinə əlavə yük yarada bilər. İqlim risklərinin güclənməsi ölkələrin qalıq yanacaqlardan asılılığını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirmək istiqamətində tədbirlərini də aktuallaşdıra bilər.

2027-ci ildə Yerə asteroid düşəcəyi iddiası

2027-ci ildə dünyanı hansı dəhşətli hadisələr gözləyir? - Kahinlərdən alimlərədək PROQNOZ

İnternetdə yayılan digər qorxulu ssenariyə əsasən, 2027-ci il iyulun 21-də nəhəng asteroid Yerə çırpıla bilər. Bəzi paylaşımlarda bu hadisənin başvermə ehtimalının 96 faiz olduğu iddia edilib. Araşdırma zamanı məlum olub ki, sözügedən tarix NASA-nın 2017-ci ildə keçirdiyi planetar müdafiə təlimində istifadə olunan hipotetik ssenariyə aiddir. Kosmik agentlik bunun real asteroid təhlükəsi olmadığını açıqlayıb. 2027- 2028-ci illərdə dünyanın sonu? Bəzi dini mətn şərhçiləri isə 2027–2028-ci illəri bəşəriyyət üçün böyük sınaqlar və apokaliptik hadisələrlə əlaqələndirirlər. Bu iddialar qədim dini mətnlərdəki simvolların və tarixi dövrlərin müasir təqvimlə uyğunlaşdırılmasına əsaslanır. Lakin həmin proqnozlar vahid və təsdiqlənmiş mənbəyə söykənmir.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR