ABŞ–İran qarşıdurması: Tərəflər "situativ hücumlar"a üstünlük verir
Regionda son günlər baş verən qarşılıqlı hücumlar Vaşinqton və Tehran arasında gərginliyin yeni mərhələyə keçdiyini göstərir. SEPAH-ın Küveytdə ABŞ-yə məxsus hərbi obyektlərə hücumu, bundan əvvəl Bəhreyndəki hərbi hədəflərin vurulması və ABŞ-nin Hörmüz boğazı yaxınlığında yerləşən İran hərbi obyektlərinə zərbələr endirməsi qarşıdurmanı yenidən gündəmə gətirib. Son günlər tərəflərin bir-birinə qarşı hərbi addımlar atmasına baxmayaraq, genişmiqyaslı müharibənin başlanmaması diqqət çəkir.
Bəs bu, ABŞ və İran arasında açıq müharibəyə çevrilməyən, lakin qarşılıqlı zərbələrlə davam edən yeni qarşıdurma modelidir, yoxsa tərəflər daha böyük hərbi əməliyyata hazırlaşır?
Politoloq Natiq Miri Sfera.az-a açıqlamasında bildirib ki, əslində, fevral ayından başlayan müharibə dayanmayıb, sadəcə qarşıdurmanın aktiv və passiv mərhələləri bir-birini əvəz edir.
Onun sözlərinə görə, son aylarda tərəflər arasında müşahidə olunan hərbi fəallıq daha çox qısamüddətli və situativ (fürsətçi)hücumlarla xarakterizə olunur:
“Qarşıdurmanın aktiv və passiv mərhələləri mövcuddur. Təxminən altı aydır müharibə passiv mərhələdədir. Hazırda ABŞ Hörmüz boğazı yaxınlığındakı adalarda yerləşən İranın hərbi obyektlərini, xüsusilə dron və raket buraxılış qurğularını hədəfə alır. Çünki bu obyektlərin ABŞ donanmasına və regiondakı müttəfiqlərinə yaxın yerləşməsi ciddi təhlükə yaradır. Məsafənin az olması İranın raket və dron hücumlarının vaxtında aşkarlanmasını və zərərsizləşdirilməsini çətinləşdirir.
İran da öz növbəsində ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən hərbi bazalarına, xüsusilə erkən xəbərdarlıq radarlarına zərbələr endirir. Bu radarların sıradan çıxarılması ABŞ-nin regiondakı hava hücumlarından müdafiə imkanlarını zəiflədir. Tərəflər arasında qarşılıqlı hücumlar əsasən konkret hərbi hədəflərə yönələn qısamüddətli əməliyyatlar xarakteri daşıyır”.
N.Mirinin fikrincə, İranın Hörmüz boğazına tam nəzarət etməsi ilə bağlı bəyanatları da reallığı tam əks etdirmir. O qeyd etdi ki, ABŞ hərbi donanmasının və qırıcı təyyarələrinin müşayiəti ilə ticarət gəmilərinin, o cümlədən neft tankerlərinin boğazdan keçidi təmin olunur. Ekspert bildirdi ki, İran bu marşrutda hərəkət edən gəmilərə mina və dron hücumları ilə mane olmağa çalışır:
“İran hazırda ABŞ və İsraillə yeni, genişmiqyaslı müharibənin başlanmasında maraqlı deyil. Çünki belə bir qarşıdurma ölkənin enerji infrastrukturuna, iqtisadiyyatına və nüvə obyektlərinə ciddi zərbə vura bilər. Buna görə də Tehran daha ehtiyatlı davranır və hücumlarını davamlı deyil, konkret vəziyyətlərə uyğun həyata keçirir.
ABŞ də hələlik müharibənin yenidən başlamasına və uzunmüddətli xarakter almasına tələsmir. Vaşinqton regionda hərbi qüvvələrinin mövcudluğundan İrana təzyiq vasitəsi kimi istifadə edir. Eyni zamanda, dəniz və mümkün quru blokadası ilə Tehranı güzəştə getməyə məcbur etməyə çalışır. Lakin indiyədək bu strategiya nəticə verməyib”.
Politoloq qeyd edib ki, tərəflər arasında vasitəçilərin iştirakı ilə danışıqlar aparılsa da, proses hazırda dalana dirənib:
“İranın irəli sürdüyü yeddi şərti ABŞ tərəfindən qəbul edilmir. Vaşinqton isə nüvə məsələsinin müzakirələrə dərhal daxil edilməsini istəyir. Tehran bu tələbin digər şərtlər yerinə yetirilmədən müzakirə olunmasına razılaşmır.
ABŞ da diplomatik danışıqlarla yanaşı, mümkün hərbi əməliyyatlara hazırlıqlarını da davam etdirir. Regiona üçüncü aviadaşıyan gəminin göndərilməsi Vaşinqtonun hərbi imkanlarını gücləndirmək niyyətindən xəbər verir. İsrail də bu istiqamətdə hazırlıqlarını davam etdirir”.
Ekspert hesab edir ki, ABŞ və İran arasında danışıqlar nəticəsiz qalarsa və Vaşinqtonla Təl-Əviv arasında hərbi əməkdaşlıq yenidən aktivləşərsə, regionda növbəti hərbi əməliyyatların başlanması mümkündür. Onun qənaətinə görə, belə bir ssenaridə uzunmüddətli quru əməliyyatlarından daha çox, qısa müddətdə həyata keçirilən intensiv və dağıdıcı hava zərbələri gündəmə gələ bilər.
İradə Elsevər






