Logo

Gənclərin boyu niyə qısadır? - Həkimdən AÇIQLAMA

Gənclərin boyu niyə qısadır? - Həkimdən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son illərdə Azərbaycanda yeni nəslin fiziki inkişafı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Müzakirə olunan məsələlərdən biri də gənclərin boy göstəriciləridir.

Bəziləri indiki gənclərin əvvəlki nəsillərlə müqayisədə daha qısaboylu olduğunu düşünür. Yaşlı nəslin bəzi nümayəndələri bu müşahidəni gənclərin “cılızlaşması” kimi ifadə edirlər.

Bəs bu fikirlər nə dərəcədə əsaslıdır? Gənclərin orta boyunda əvvəlki nəsillərlə müqayisədə azalma müşahidə olunursa, bu, hansı səbəblərlə bağlı ola bilər?

Tibb üzrə ekspert Aydın Əliyev Sfera.az-a açıqlamasında deyib ki, ekoloji vəziyyət qida məhsullarına təsir edir:

Gənclərin boyu niyə qısadır? - Həkimdən AÇIQLAMA

“İnsanlar, ağaclar və göyərtilər təbiətin bir hissəsidir. Qidamızı təbiətdən alırıq. Məsələn, bağa, ağaca necə qulluq ediriksə, onun nemətlərindən də elə bəhrələnirik. Təbiətdə yaranan problemlər qidamıza da təsir göstərir. Bu gün dünyada ekoloji vəziyyət olduqca pisdir. Silahların və radiasiyanın təsiri ilə atmosferin və Yer kürəsinin kimyəvi tərkibi dəyişir. Turşulaşma gedir, atmosferdə karbon qazının miqdarı artır. Nəticədə yetişən məhsulların təbii tərkibi də əvvəlkindən fərqlənir”.

Ekspert gənclər arasında "fast food" və ayaqüstü qidalanmaya meyil müşahidə etdiyini bildirib:

“İndiki gənclərin çoxu "fast food", ayaqüstü yeməyə meyillidir. Məktəblərin ətrafında da çoxlu şagirdin ayaqüstü yemək yediyini görürəm. Halbuki insan oturub yemək yeməlidir. Heyvanlar yeriyə-yeriyə qidalanırlar. İnsan isə yeməyi oturaraq yedikdə mədə-bağırsaq sistemində qidanın həzmi üçün normal fizioloji şərait yaranır. Əvvəllər insanlar səhər yeməyində daha çox pendir, çörək, göyərti və yumurta yeyərdilər. Süd məhsulları kalsiumla zəngindir. Onları lazımi miqdarda qəbul etmək orqanizmdə biokimyəvi proseslərin normal getməsinə şərait yaradır. Bu, həm maddələr mübadiləsi, həm sümüklərin inkişafı, həm də insanın ümumi sağlamlığı üçün vacibdir. Mən bir həkim kimi tez-tez deyirəm ki, Allah bizə dörd resept yazıb. Hər resept bir fəslin adını daşıyır. Hər fəslə uyğun qidalanmaq və geyinmək lazımdır”.

Ekspert su və qazlı içkilərin istehlakı, eləcə də gənclərin siqaretə meyli barədə fikirlərini bölüşüb:

“Yer səthinin təxminən 70 faizi su ilə örtülüdür. İnsan orqanizminin də böyük hissəsi sudan ibarətdir. İçdiyimiz su ilıq olmalıdır. Müxtəlif rəngli və qazlı içkilərdən həddindən artıq istifadə etdikdə orqanizmdə fizioloji proseslərin normal gedişi pozulur. Son vaxtlar gənclərin siqaretə meyil göstərdiyini də müşahidə edirəm. Siqaret qanı qatılaşdırır, bronxları zəiflədir və orqanizmdə hava mübadiləsini çətinləşdirir. Sinir sisteminin və vəzilərin, o cümlədən cinsi vəzilərin fəaliyyəti də bundan təsirlənir”. Həkim yemək zamanı tələsməməyi və bəzi qidaların istehlakını azaltmağı tövsiyə edib: “İnsan düzgün qidalanmağı bacarmalı, yeməyi tələsmədən yeməli, hər tikəni yaxşıca çeynəməlidir. Əvvəlcə göyərti yeməli, sonra əsas yeməyə keçməlidir. Bu, qlobal problemdir. Azərbaycanda da insanlar bu tövsiyələrə əməl etsələr, şirniyyatı azaltsalar, çox qızardılmış, təkrar emal edilmiş və dəfələrlə qızdırılmış yeməklərdən bir qədər uzaq dursalar, bir çox problemin həllinə kömək etmiş olarlar”.

Ekspert telefonlardan istifadə vərdişlərinə də toxunub: “İnsanlar telefonlardan düzgün istifadə etmirlər. Yolu keçəndə, maşın sürəndə də telefondan istifadə edirlər. Bu isə boynun əyilməsinə gətirib çıxarır. Telefon asılılığı hallarının sayı narkotik asılılığı hallarının sayını üstələyib”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR