Bu avtomobillər vergidən azad edilə bilər - TƏKLİF
“Elektriklə işləyən avtomobillər vergi yükündən azad edilsin”.
Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat Azərbaycan iqtusadiyyatının inkişafı üçün bəzi vergilərin ləğv edilməsi təklifini irəli sürüb:
“İstehsal sahələrinə verilən dövlət subsidiyalarının vergidən azad olunması müsbət tendensiyadır. Müraciətlərin yalnız elektron formada qəbul edilməsi tələbinin tətbiqi də sahibkarlar üçün iş prosesinin çevikləşməsinə və problemlərin daha operativ həllinə kömək edə bilər”.
Parlamentari sahibkarların qarşılaşdığı əsas problemlərdən danışıb:
“Sahibkarların qarşılaşdığı problemlərdən biri bank kreditləri ilə bağlıdır. Xüsusilə kredit üzrə borc və faizlər ödənildikdən sonra girov qoyulmuş əmlakın girovdan çıxarılması ciddi çətinlik yaradır. Sahibkar məhkəmə qərarı əsasında borcunu və faizlərini ödəsə də, əmlakını girovdan azad etmək üçün yenidən məhkəməyə müraciət etməli olur. Bu isə həm vaxt itkisinə, həm əlavə stressə, həm də sahibkarlıq fəaliyyətinə maneələrə səbəb olur. Ümumiyyətlə, sahibkarların əksəriyyətinin vergi orqanları ilə ciddi problemləri yoxdur. Son illərdə Dövlət Vergi Xidməti tərəfindən sahibkarlığın inkişafını stimullaşdıran bir sıra mühüm addımlar atılır. Lakin digər qurumların müxtəlif əsaslarla sahibkarlıq subyektlərinə cərimələr tətbiq etməsi bəzən iş yerlərinin bağlanmasına, yaxud işçi sayının azaldılmasına gətirib çıxarır. Halbuki həyata keçirilən dəyişikliklərin əsas məqsədi sahibkarların istehsal imkanlarını genişləndirməsini stimullaşdırmaqdır. Ancaq sahibkarlıq subyektləri böyüdükcə ayrı-ayrı qurumların müdaxilələri və tətbiq olunan cərimələr də artır. Nəticədə sahibkarlar fəaliyyətlərini genişləndirmək əvəzinə, imkanlarını daha məhdud çərçivədə saxlamağa məcbur olurlar. Bu isə ümumilikdə ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərir. Digər tərəfdən, bu gün vergi tətbiqi ilə bağlı mövcud potensialın da araşdırılmasına diqqət yetirməliyik”.
F.Mustafa bildirib ki, dünyanın əksər ölkələrində elektrik avtomobillərinin alınmasını stimullaşdırmaq üçün vergi ödənişindən imtina edilir:
“Elektrik avtomobillərinin təşviqi və bu sahədə tətbiq olunan vergi siyasəti də diqqət yetirilməli məsələlərdəndir. Dünyada elektrik avtomobillərinin istehsalı və istifadəsi genişləndikcə, bu sahədə istehsalçı olan azsaylı ölkələr öz daxili bazarlarını qorumaq məqsədilə müxtəlif vergi mexanizmlərindən istifadə edirlər. Bu, həmin ölkələrin strateji iqtisadi maraqlarına uyğun atılan addımdır. Azərbaycanda ötən ilə qədər elektrik avtomobillərinin idxalı vergidən azad idi. Lakin cari ildən etibarən bu sahədə vergi tətbiq olunmağa başlanıb. Hesab edirəm ki, bu qərar ölkənin iqtisadi imkanlarına müəyyən təsir göstərəcək. Vergilərin tətbiqi təbii olaraq elektrik avtomobillərinin qiymətlərinin artmasına və nəticədə ölkəyə gətirilən avtomobillərin sayının azalmasına səbəb olur. Artıq qiymətlərdə bu artım müşahidə edilir. Belə davam edərsə, yenidən dizel və benzinlə işləyən avtomobillərin üstünlük təşkil etdiyinin şahidi olacağıq. Halbuki elektrik avtomobillərinin idxalına tətbiq olunan vergilərdən dövlət büdcəsinə daxil olan vəsait o qədər də böyük deyil. Əgər bu vergilər büdcəyə əhəmiyyətli həcmdə gəlir gətirsəydi, onların tətbiqini müəyyən qədər əsaslandırmaq mümkün olardı. Digər tərəfdən, elektrik avtomobillərinin sayının və satışının azalması bu sahədə fəaliyyət göstərən təmir mərkəzlərinin, satış məntəqələrinin və digər xidmət sahələrinin daralmasına, nəticədə iş yerlərinin azalmasına gətirib çıxara bilər.
Bu isə büdcəyə daxilolmalara da mənfi təsir göstərəcək. Eyni zamanda, iri şirkətlər belə vergilərdən yayınmaq üçün müxtəlif yollar axtarır ki, bu da əlavə problemlər yaradır. Düşünürəm ki, müzakirə olunan qanunvericilik dəyişikliklərində bu məsələlərə də diqqət yetirilməlidir. Xüsusilə kənd təsərrüfatı sahəsində müəyyən istiqamətlər üzrə 90 faizlik vergi güzəştlərinin tətbiqi və digər təşviqedici mexanizmlər müsbət addımlardır. Bu sahədə mövcud imkanlardan daha səmərəli istifadə etmək üçün əlavə təkliflər də nəzərə alınmalıdır. Ümumiyyətlə, ölkənin iqtisadi potensialının düzgün qiymətləndirilməsi və gəlir mənbələrinin şaxələndirilməsi vacibdir. Xüsusilə turizm sahəsində Gürcüstanın, Türkiyənin və digər ölkələrin təcrübəsi göstərir ki, mövcud imkanlardan səmərəli istifadə etməklə dövlət büdcəsinin gəlirlərini əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Hesab edirəm ki, bu istiqamətdə düzgün mexanizmlər müəyyənləşdirilərsə, dövlət büdcəsinin imkanları genişlənər, eyni zamanda əhalinin sosial rifahının yüksəldilməsi, sosial müavinətlərin artırılması və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaranar”.
Bəsti Rəfizadə
Sfera.az






