Temu-da satılan məhsullarla bağlı ciddi nöqsanlar aşkarlandı
Temu Avropa İttifaqının ciddi ittihamları ilə üzləşib. Avropa Komissiyası platformada qanunsuz və təhlükəli məhsulların satışının qarşısını almaq üçün kifayət qədər tədbir görülmədiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Komissiyanın ilkin araşdırmasının nəticələrinə əsasən, Temu məhsulların təhlükəsizliyinə nəzarət, məzmunun moderasiyası və qaydaları pozan satıcıların cəzalandırılması sahəsində ciddi nöqsanlara yol verib.
Araşdırmada bildirilir ki, platforma satıcılardan yalnız məhdud sayda məhsul üzrə sınaq hesabatları tələb edir. Hətta təqdim olunan hesabatların da bir çox hallarda lazımi qaydada yoxlanılmadığı qeyd olunur. Elektronika və kosmetika kimi riskli məhsulların təhlükəsizliyinə nəzarətin də yetərli səviyyədə olmadığı vurğulanır.
Komissiya Temu-nun məzmun yoxlama sistemini də tənqid edib. Bildirilib ki, platforma məhsulun öz xüsusiyyətlərini yoxlamaqla kifayətlənir, lakin onun real təhlükəsizliyini lazımi səviyyədə qiymətləndirmir. Bundan başqa, moderatorların sayının platformadakı məhsul çeşidinin artımına uyğun yüksəlmədiyi müəyyən edilib.
Satıcıların cəzalandırılması mexanizmi də səmərəsiz hesab olunub. Araşdırmaya görə, qaydaları pozan şəxslər deyil, əsasən onların mağazaları cəzalandırılır. Bu isə satıcılara başqa mağaza açaraq fəaliyyətlərini davam etdirmək imkanı yaradır.
Temu isə Avropa Komissiyasının ilkin nəticələri ilə razılaşmadığını bildirib. Şirkət qanunsuz məhsullarla bağlı risklərin azaldılması üçün nəzarət sistemlərinə və mütəxəssislərə ciddi investisiya qoyduğunu vurğulayıb. Eyni zamanda, Komissiyanın iradlarını nəzərdən keçirəcəyini və qurumla əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, Temu Avropa Komissiyasının iradlarına dair öz mövqeyini təqdim edə bilər. Əgər qurum şirkətin qanunsuz məhsulların satışının qarşısını almaq üçün yetərli tədbirlər görmədiyi qənaətinə gəlsə, platformanı qlobal illik dövriyyəsinin 6 faizinədək cərimə gözləyə bilər.
Fatimə
Sfera.az






