Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND
Qarşıdan gələn qış mövsümündə köhnəlmiş görünüşlü cins şalvarlar, aşağı belli modellər və məxmər parçadan hazırlanan geyimlər dəbdə olacaq.
Sfera.az xəbər verir ki, bu barədə “Vogue” jurnalının redaktorları nəşrin rəsmi saytında dərc olunan materialda bildiriblər.
Məlumata görə, yeni mövsümün əsas trendlərindən biri cırıq detalları, işlənməmiş kənarları və parçaya köhnəlmiş görünüş verən xüsusi rəngləmə üsulu ilə seçilən cinslər olacaq.
Bu modellərə maraq dizaynerlərin yeni kolleksiyalarından sonra yenidən artıb. Belə ki, Coach, Isabel Marant, MM6 Maison Margiela və Dolce & Gabbana brendləri də kolleksiyalarında bu üsluba yer veriblər. “Vogue” redaktorları həmin şalvarları klassik pencəklər və loafer ayaqqabılarla uyğunlaşdırmağı tövsiyə edirlər.
Qış mövsümünün dəbli modelləri arasında aşağı belli, balaqları yerə qədər uzanan şalvarlar, məxmər parçadan hazırlanan geyimlər və balon formalı modellər də yer alıb.
Bundan başqa, texnoloji materiallardan hazırlanan idman üslublu şalvarlar da gündəlik geyimlərdə istifadə olunacaq. Məsələn, Miu Miu brendi plaş parçasından hazırlanan modellər, Hermes isə atçılıq idmanından ilhamlanan, diz nahiyəsində xüsusi əlavələri olan şalvarlar təqdim edib.
Nəşr qeyd edir ki, bu modellər idman məşqləri üçün deyil, gündəlik geyim tərzinin bir hissəsi kimi nəzərdə tutulub.
Qeyd edək ki, daha əvvəl payız və qış mövsümündə dəbdə olacaq palto modelləri də açıqlanıb.
Fatimə
Sfera.az






