Logo

Avtomobillər bahalaşır, yoxsa ucuzlaşır? – Rəqəmlər hər şeyi dəyişdi

Avtomobillər bahalaşır, yoxsa ucuzlaşır? – Rəqəmlər hər şeyi dəyişdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son aylarda Azərbaycanda avtomobil bazarında qiymətlərin artması ilə bağlı müzakirələr diqqət çəkir.

Xüsusilə ikinci əl avtomobillərin elan qiymətlərindəki dəyişikliklər alıcılar arasında bahalaşma gözləntisi yaradır. Lakin bazarın son statistikası göstərir ki, qiymət artımı kimi görünən mənzərənin arxasında başqa amillər də dayanır. Belə ki, avtomobillərin öz qiymətindən daha çox, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibi dəyişir.

Sfera.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə açıqladığı hesabatda avtomobil bazarında median qiymətin 3,7 faiz artaraq 19 500 manata çatdığı bildirilib. Bununla belə, qurum bu artımın birbaşa real bahalaşma ilə əlaqəli olmadığını, bazarda təklif olunan avtomobillərin marka və model tərkibinin dəyişməsindən qaynaqlandığını qeyd edib.

Məsələ ondadır ki, avtomobil bazarında qiymətləri qiymətləndirərkən yalnız orta və ya median göstəriciyə əsaslanmaq düzgün mənzərə yaratmaya bilər. Məsələn, əvvəlki dövrlə müqayisədə daha çox bahalı avtomobil satışa çıxarılarsa, ümumi bazarın median qiyməti yüksələcək. Bu isə o demək deyil ki, eyni marka və model avtomobillərin qiyməti də artıb.

Oktyabr ayının göstəriciləri də bu fərqi ortaya qoyur. Hesabatda qeyd edilir ki, həmin dövrdə avtomobil elanlarının sayı 7 faiz azalaraq 37 531-ə düşüb. Orta qiymət isə 1,9 faiz artaraq 30 089 manat təşkil edib. Ucuz avtomobillər sırasında yer alan LADA və Kia markalarının ümumi elanlardakı payı azalıb, Mercedes, Hyundai, Toyota və BMW kimi markaların payı isə yüksəlib. Nəticədə bazarda bahalı avtomobillərin xüsusi çəkisinin artması median qiymətə təsir göstərib.

Digər diqqətçəkən məqam sabit struktur üzrə hesablanan qiymət indeksidir. Belə ki, bazarda ən çox təklif olunan 9 marka-modelin qiymətini ölçən sabit struktur indeksi oktyabrda cəmi 0,4 faiz artıb. Bütün elanları əhatə edən dəyişən struktur indeksində isə artım 3,7 faiz olub. Aradakı 3,3 faiz bəndlik fərq avtomobil bazarında təklif tərkibinin dəyişməsinin qiymət göstəricilərinə təsirini nümayiş etdirir.

Bundan başqa, həm sentyabrda, həm də oktyabrda satışda qalan 7 156 avtomobil elanının 39,6 faizində qiymət endirilib, yalnız 8,9 faizində artırılıb. Həmin avtomobillərin orta qiyməti isə 1,5 faiz aşağı düşüb. Bu göstəricilər də bazarda ümumi və kütləvi bahalaşma tendensiyasının olmadığını göstərən amillərdəndir.

Bəs avtomobil alarkən nələrə diqqət etmək lazımdır?

Bazarın digər göstəriciləri alıcıların seçimlərinə təsir edən bir sıra məqamları da üzə çıxarır. Belə ki, avtomobil elanlarının 51,2 faizi 20 min manatdan, 22,9 faizi isə 10 min manatdan aşağı qiymətə təklif olunur. 50 min manatdan baha avtomobillərin payı isə 13 faizdir.

Avtomobillərin yaşı və yürüşü də qiymətə birbaşa təsir göstərən amillərdəndir. Hesabatda yer alan hedonik modelə əsasən, hər əlavə istismar ili avtomobilin qiymətini orta hesabla 5,8 faiz, hər 1 000 kilometr əlavə yürüş isə 0,037 faiz azaldır. Mexaniki sürətlər qutusu olan avtomobillər avtomat transmissiyalı nəqliyyat vasitələrindən orta hesabla 8,3 faiz ucuz təklif edilir.

Qəza tarixçəsi də qiymət fərqinin formalaşmasında mühüm rol oynayır. Belə ki, vuruğu olub rənglənmiş avtomobillər bazarda 7,5 faiz, təmirsiz qəzalı avtomobillər isə 23,1 faiz daha ucuz qiymətlə təklif olunur. Bu səbəbdən avtomobil alarkən yalnız onun xarici görünüşünə və elan qiymətinə deyil, texniki vəziyyətinə, yürüşünə və əvvəlki təmir tarixçəsinə də diqqət yetirmək vacibdir.

Maraqlıdır ki, bazarda ən çox təklif olunan markalar arasında Mercedes, Hyundai və LADA ilk üçlükdə qərarlaşıb. Çin istehsalı avtomobillərdən Changan 1 463 elanla marka reytinqində doqquzuncu yerdədir. BYD üzrə 348, Geely üzrə isə 231 elan qeydə alınıb. Elektromobillərin sayı 496-ya çatıb və bu avtomobillərin median qiyməti 50 750 manat təşkil edib.

Ümumilikdə, avtomobil bazarındakı son vəziyyət göstərir ki, elanlarda qeydə alınan qiymət artımını birbaşa bahalaşma kimi qiymətləndirmək doğru deyil. Təklif olunan avtomobillərin marka, model və qiymət kateqoriyaları dəyişdikcə bazarın ümumi göstəriciləri də fərqli mənzərə yarada bilər. Alıcılar üçün əsas məsələ isə ümumi statistikaya deyil, almaq istədikləri konkret avtomobilin texniki vəziyyətinə, yürüşünə və real bazar dəyərinə əsaslanmaqdır.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR