Logo

“Audi” əfsanəvi modelinin istehsalını dayandırdı

“Audi” əfsanəvi modelinin istehsalını dayandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın avtomobil istehsalçısı “Audi” 32 il ərzində dörd nəsli istehsal olunan əfsanəvi A8 sedanının buraxılışını dayandırıb. Modelin sonuncu nüsxəsi Almaniyanın Nekkarzulm şəhərində yerləşən zavodun konveyerindən çıxıb.

Sfera.az xəbər verir ki, bu barədə “CarScoops” nəşri məlumat yayıb.

Bildirilir ki, lüks sedan üçün sifarişlərin qəbulu bu ilin əvvəlində dayandırılıb. Bununla da “Mercedes-Benz S-Class” və “BMW 7 Series” modellərinin rəqabət apardığı premium sedan seqmentində daha bir tanınmış iştirakçı bazardan çəkilib.

“Audi A8” ilk dəfə 1994-cü ildə təqdim olunub. İki il sonra modelin daha güclü versiyası olan S8 satışa çıxarılıb. Avtomobil 355 at gücünə malik, təkmilləşdirilmiş 4,2 litrlik V8 mühərriklə təchiz edilmişdi. A8-in 6 litrlik W12 mühərrikli versiyası da istehsal olunub.

2002-ci ilin sonunda modelin ikinci nəsli təqdim edilib. Bu versiya V6, V8, V10 və W12 benzin mühərrikləri, eləcə də V6 və V8 dizel mühərrikləri ilə təklif olunub.

Üçüncü və dördüncü nəsillər də uzun müddət lüks sedan bazarında öz mövqeyini qoruyub. Lakin son illərdə model rəqibləri ilə müqayisədə köhnəlmiş hesab olunmağa başlayıb. Belə ki, hazırkı “Mercedes-Benz S-Class” 2020-ci ildə, “BMW 7 Series” isə 2022-ci ildə təqdim edilib. A8-in sonuncu, dördüncü nəsli isə hələ 2017-ci ildə debüt edib.

A8-in istehsalının dayandırılması “Audi”nin model sıralamasında lüks sedan boşluğu yaradacaq. Şirkət bu boşluğu qismən yeni Q9 krossoveri ilə doldurmağı planlaşdırır. Q7-dən daha böyük olacaq Q9 markanın ən dəbdəbəli modellərindən biri kimi təqdim ediləcək. Avtomobilin altı və yeddi yerlik versiyalarda satışa çıxarılması nəzərdə tutulur.

Yeni modelin geniş panoramik şüşə dam, salon işıqlandırması, dəbdəbəli materiallar, idarəetmə panelində üçədək ekran və simsiz enerji doldurma qurğuları ilə təchiz ediləcəyi bildirilir.

A8-in birbaşa varisinin istehsalı hələlik təsdiqlənməyib. Bununla belə, yayılan məlumatlara görə, “Audi” Çində yeni lüks sedan hazırlamaq üçün “Huawei” ilə əməkdaşlıq imkanlarını müzakirə edir.

Qeyd edək ki, A8 uzun illər “Audi”nin flaqman sedanı olub və markanın texnoloji imkanlarını, komfort və lüks anlayışını təcəssüm etdirən əsas modellərdən biri hesab edilib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR